17 Yanvar 2019 00:44
1420
SİYASƏT
A- A+

Azərbaycan Xəzərə tam nəzarət edir


Ən son nəsil naviqasiya və müşahidə avadanlıqları vasitəsilə Azərbaycanın ərazi sularında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin edilir, dövlət bayrağımız altında xarici sulara çıxan gəmilərə də peyk vasitəsilə nəzarət olunur


- Bəstəkar Qara Qarayev, Bakı trafik control!

- Bakı trafik control, bəstəkar Qara Qarayev!

- Siz bugünkü sutkalıq hava proqnozunu almısınız?

- Bəli, almışıq. Hava durumu küləklidir, lövbər rayonuna gedirik...

Bu dialoq ilk baxışda bir çoxumuza qəribə gələ bilər, amma həmin qısa danışıq, gəmiçilərin həyati təhlükəsi baxımından olduqca qiymətli informasiyadır.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzində hər saat müxtəlif istiqamətlər üzrə fasiləsiz olaraq bu cür məlumatlar ötürülür və qəbul edilir.…


Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı


Azərbaycanın nəqliyyat sektorunu dəniz sferası olmadan təsəvvür etmək çətindir. Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Müstəqillik qazanıldıqdan sonra, xüsusən müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır.

Bu vacib prosesin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı funksiyasını daşıyan Dövlət Dəniz Administrasiyası Prezidentin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamına əsasən yaradılıb. Azərbaycanda nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında dövlət başçısının 12 yanvar 2018-ci il fərmanı ilə Dövlət Dəniz Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil edilib.

Dövlət Dəniz Agentliyi tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi fəaliyyət göstərir. Adıçəkilən mərkəzin funksiyalarına ölkəmizin ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir.


Xəzəryanı ölkələrdə ilk dəfə Azərbaycanda yaradılmış Milli Mərkəz


Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərir.

Bu mərkəzdə gəmilərin hərəkətinə nəzarət prosesini müşahidə etdik. Burada quraşdırılmış yüksək texnoloji avadanlıqlar sayəsində Azərbaycan sularında üzən bütün gəmilərin hərəkətini izləmək mümkün olur, onlarla əlaqə saxlanılır, mütəmadi məlumatlar verilir.

Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Museyibov məlumat verir ki, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturuna daxil olan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılıb və ən son nəsil naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilib: "Azərbaycan Respublikası 1995-ci ildən beynəlxalq dəniz təşkilatının tam hüquqlu üzvü olandan sonra tərəfdar çıxdığı 20-dən artıq beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanın dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi siyasət, məhz həmin beynəlxalq konvensiyaların tələblərinə əsasən reallaşdırılır. Prezident İlham Əliyevin təkidi, şəxsi təşəbbüsü sayəsində Xəzəryanı dövlətlər içərisində ilk dəfə Azərbaycanda Dövlət Dəniz Agentliyinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb. Milli Mərkəz yüksək maddi-texniki baza və yüksək texnoloji avadanlıqla təmin edilib”.


Peyk və radarlar vasitəsilə gəmilərin izlənməsi


İlk dəfə olaraq məhz Azərbaycanda ən son nəsil naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsindən, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılmasından, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Bununla yanaşı, mərkəz gəmilərdən daxil olan həyəcan siqnallarının və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasını təmin edir, beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqə yaradır və informasiya mübadiləsi həyata keçirir.

Azərbaycan üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə Dövlət Dəniz Agentliyi tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Azərbaycanın sahil boyu bütün ərazilərində rabitə stansiyaları mövcuddur. Bu stansiyaların təhlükəsizliyinin təminatı və stansiyalarda baş verə biləcək hər hansı hadisənin qarşısının operativ şəkildə alınmasını təmin etmək üçün bütün stansiyalar daim online kameraların müşahidəsi altındadır.


Təhlükəsizliyin təşkili


Qurumun digər funksiyalarına dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək, kanallarda dibdərinləşdirmə işlərinin təşkili və gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr vermək, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Həmçinin gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqaməti üzrə fəaliyyət göstərən mərkəzin gəminin üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına, sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda, gəmi sənədlərinə olan tələblər pozulduqda, gəminin limandan çıxışını qadağan etmək hüququ onun nizamnaməsində əks olunub.

Azərbaycan üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə Dövlət Dəniz Agentliyi tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır.


Xilasetmə əməliyyatlarının düzgün koordinasiyası


Dövlət Dəniz Agentliyi Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunlarının Sahil Mühafizə Xidməti, Ekologiya Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Milli Mərkəzin fəaliyyəti Xəzərin Azərbaycan sularında hər hansı hadisə baş verəcəyi təqdirdə, hadisənin nəticələrinin aradan qaldırılması və ya baş verə biləcək hadisənin qarşısının alınması istiqamətində adıçəkilən qurumlarla birgə həyata keçiriləcək axtarış xilasetmə əməliyyatlarının düzgün koordinasiya edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Məsələn, ETSN Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olan andan, məlumatlar təcili olaraq mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilir və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılır. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə "NAVTEX” və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülür, müvafiq təlimatlar verilir. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılır.

Milli Mərkəz, eyni zamanda FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirir. Canlı bağlantılar yaradılaraq, mövcud vəziyyətlə bağlı məlumatlar əldə edilir.

Bu da hər hansı hadisə zamanı çevik reaksiya verilməsi və düzgün şəkildə axtarış-xilasetmə əməliyyatlarının təminatı üçün mühüm əhəmiyyət kəsb edir.


Xarici sularda üzən gəmilərimiz də nəzarətdədir


Azərbaycanın ərazi sularında, həmçinin dövlət bayrağımız altında xarici sularda üzən gəmilərə də peyk vasitəsilə nəzarət həyata keçirilir. Tural Müseyibov deyir ki, nəinki xaricdə üzən gəmiləri izləmək, hətta istənilən anda müasir və xüsusi rabitə avadanlıqları sayəsində gəmilərlə rabitə əlaqəsi saxlamaq da olur.

Bundan əlavə, Milli Mərkəzdə mövcud olan xüsusi və müasir rabitə avadanlıqlarından biri də aviasiya rabitəsidir. Aviasiya rabitəsi axtarış-xilasetmə əməliyyatları zamanı baş verən hadisənin nəticələrinin aradan qaldırılması, baş verə biləcək hadisənin qarşısının alınmasında effektiv və çevik reaksiya verilməsində vacib rol oynayır.


Uğurlu beynəlxalq əməkdaşlıq


Əlavə edək ki, yanvarın 7-də Qara dənizdə "Volgabalt 214” gəmisinin qəzaya uğraması zamanı orada olan iki azərbaycanlı haqqında operativ məlumatları da ictimaiyyətə Dövlət Dəniz Agentliyi çatdırdı.

Mətbuat xidmətinin rəhbəri bununla əlaqədar dedi ki, Milli Mərkəz eyniadlı anoloji mərkəzlərlə daim əlaqədədir: "Məsələn, bir müddət əvvəl Rusiyanın ərazisində "Surov” adlı bir gəmi suya oturmuşdu. Bizim mərkəzin mütəxəssisləri ekipaj üzvündən iki nəfərin Azərbaycan vətəndaşı olduğunu bilən kimi, qarşı tərəfin axtarış-xilasetmə mərkəzi ilə dərhal əlaqə saxladılar, birbaşa sorğu göndərdilər. Bu sorğuya çox operativ cavab alındı və ekipaj üzvləri haqqında da məlumat əldə etdik. Onların vəziyyəti, sağlıq durumu, Azərbaycan ərazilərinə necə ötürülmələri barədə informasiyalar verildi.

O cümlədən, Türkiyədə baş verən gəmi qəzası ilə bağlı məlumat əldə edilən kimi, dərhal Türkiyənin Samsun şəhərinin dəniz axtarış-xilasetmə mərkəzi ilə əlaqə saxladıq. Günün istənilən saatında, hətta gecə belə bizim mütəxəssislərin qarşı tərəfdən əldə etdikləri məlumatı Azərbaycan mediasına, ictimaiyyətinə çatdırdıq. Mərkəzin mütəxəssisləri xarici sularda da baş verən istənilən hadisədə Azərbaycan vətəndaşları ilə əlaqədar hər hansı məlumat varsa, dərhal əldə edilməsi üçün bütün qüvvələrini səfərbər edirlər”.

Milli Mərkəz, həmçinin qonşu Gürcüstan Respublikasının xarici sularda üzən gəmilərinin izlənilməsini də təmin edərək həmin ölkəyə bu istiqamətdə kömək göstərir.


174 dəniz dövləti sırasında ən qabaqcıl ölkə


Milli Mərkəz öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Respublikamızda dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülmüş işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq ölkəmizə səfərlər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir. Eyni zamanda Dövlət Dəniz Agentliyi tərəfindən mütəmadi olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində görülmüş işlər və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması səviyyəsi barədə adıçəkilən təşkilatlara illik hesabatlar təqdim edilir.

Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” kimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq sənədə qoşulub.

O cümlədən, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu 2017-ci ildə Azərbaycanda səfərdə olub və yoxlama aparıb. Yoxlamanın nəticələrinə əsasən, respublikamız 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.

Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınmışdır və xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının "Ağ siyahısı”na daxil edilmişdir.


Bayrağımız altında üzmək hüququnu 75 gəmi qazanmışdır


2018-ci il ərzində Dövlət Dəniz Agentliyi tərəfindən 75 gəmiyə "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə” verilib.

Həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 148 gəmidə, xarici dövlətlərin bayrağı altında üzən 59 gəmidə geniş nəzarət yoxlaması həyata keçirilmiş, Azərbaycan Respublikasının dəniz limanlarına 16826 gəminin girişi və 16815 gəminin çıxışı rəsmiləşdirilmiş, xarici dövlətlərin bayrağı altında üzən gəmilərə 1030 dəfə bələdçi xidməti göstərilmişdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə ötən il ərzində 163 sınaq, 69 qəza və 1587 rəqəmsal seçmə sınaq çağırış siqnalı daxil olub. Eyni zamanda, mərkəz tərəfindən yuxarıda qeyd edilən müddət ərzində gəmilərə 14927 naviqasiya ötürməsi həyata keçirilmiş, 141 gəminin yedəkləmə əməliyyatı yerinə yetirilmiş, 149 gəminin Uzaq Məsafədən Tanınma və İzləmə təsdiqnaməsi qeydiyyata alınmışdır.


Azərbaycan dəniz nəqliyyatını davamlı olaraq modernləşdirir


Milli Mərkəzdə olduğumuz müddət ərzində şahid olduq ki, burada Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Bütün bunlar Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsində də həyata keçirdiyi davamlı islahatlarının uğurlarıdır. Bu gün dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Azərbaycan İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir. Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Bütün bunların nəticəsidir ki, ölkəmizdə dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülən işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq Azərbaycana səfər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video