17 Yanvar 2019 00:39
1074
Qanunlar
A- A+

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendum Aktının, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358; 2016, № 1, maddə 35) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci hissəsində, 1-1-ci maddənin birinci-üçüncü hissələrində, 17-ci maddənin onuncu hissəsində, 21-1-ci maddənin mətnində (birinci hissədə birinci haldan başqa) ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Milli Məclisi” sözləri ismin müvafiq hallarında "Milli Məclis” sözləri ilə əvəz edilsin.

2. 1-1-ci maddənin ikinci və üçüncü hissələrinə "Konstitusiya” sözündən əvvəl "Azərbaycan Respublikasının” sözləri əlavə edilsin.

3. 3-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə əsasən, Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər.”.

4. 4-cü maddənin üçüncü hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin açıq iclaslarının protokolları və stenoqramları bu Daxili Nizamnamənin 53-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq rəsmi dərc edilir.”.

5. 5-ci maddənin üçüncü və dördüncü hissələrindən, 12-ci maddənin birinci hissəsindən, 18-ci maddənin ikinci hissəsindən, 22-ci maddənin üçüncü hissəsindən və 24-cü maddənin ikinci hissəsindən ", bir qayda olaraq,” sözləri çıxarılsın.

6. 6-cı maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Fasilədən sonra Milli Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən Milli Məclisin deputatı həmin iclasda iştirak etməmiş hesab edilir.”.

7. 7-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 42.1-ci maddəsinə əsasən, müvafiq olaraq, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Milli Məclisin iclasları həmin illik plan əsasında növbəti sessiyanın ilk iclasında qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir və onun həyata keçirilməsinə Milli Məclis tərəfindən nəzarət edilir.”.

8. 15-ci maddə üzrə:

8.1. birinci hissəyə "Konstitusiyasına” sözündən sonra ", "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa” sözləri əlavə edilsin;

8.2. üçüncü-altıncı hissələr, müvafiq olaraq, dördüncü-yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün Milli Məclisin Aparatı "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görür. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.”;

8.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Aparatı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir. Hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan qanun layihələrinin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda aparıcı komitə tərəfindən müvafiq siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanır.”;

8.4. aşağıdakı məzmunda səkkizinci-on üçüncü hissələr əlavə edilsin:

"Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.

Qanun layihəsi Milli Məclisdə layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):

1) qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;

2) dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə.

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46.2-ci maddəsində nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Milli Məclisə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən 14 gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.

Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.

Milli Məclisə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.”.

9. 16-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 70.3-cü maddəsinə əsasən, Milli Məclisdə dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.

Qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.

Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış qanunvericilik təşəbbüsü hüququnun subyektinə təqdim edilir.”.

10. 17-ci maddə üzrə:

10.1. dördüncü hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"2) əsaslar və səbəblər göstərilməklə layihə rədd edilsin;”;

10.2. dördüncü hissəyə aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci bəndlər əlavə edilsin:

"2-1) layihənin qəbul edilməsi müəyyən müddətə təxirə salınsın;

2-2) irad və təkliflər göstərilməklə, layihə yenidən işlənilməsi üçün geri qaytarılsın;”;

10.3. beşinci hissədə "dərc olunması və ümumxalq müzakirəsinə çıxarılması” sözləri "ictimai dinləməsinin və ya ictimai müzakirəsinin keçirilməsi” sözləri ilə əvəz edilsin;

10.4. altıncı hissənin ikinci və üçüncü cümlələrinə "Konstitusiyasına” sözündən sonra "və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa” sözləri əlavə edilsin;

10.5. səkkizinci hissə ləğv edilsin;

10.6. doqquzuncu hissə aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin II hissəsində nəzərdə tutulan qanunvericilik təşəbbüsü hüququnun subyektlərinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Bu qanun və ya qərar layihələrində dəyişikliklər həmin subyektlərin razılığı ilə edilə bilər.”;

10.7. onuncu hissədə "1.5-ci” sözü "1.8-ci” sözü ilə və "və ya yenidən baxılmasına” sözləri ", ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə” sözləri ilə əvəz edilsin.

11. 18-ci maddənin dördüncü hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

"Qanun və ya qərar layihəsi Milli Məclisin müzakirəsinə məcburi hüquqi ekspertizanın rəyi ilə, layihəyə dair verilmiş təklif dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə isə, həmçinin bu Daxili Nizamnamənin 15-ci maddəsinin onuncu hissəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq rəylə birlikdə çıxarılır.”.

12. 19-cu maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin müzakirəsində üçüncü oxunuşda olan qanun layihəsi 63 səs çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.”.

13. 21-1-ci maddə üzrə:

13.1. ikinci hissədə "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 25.3-cü” sözləri "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11-ci” sözləri ilə və "hesabatları” sözü "hesabatı” sözü ilə əvəz edilsin;

13.2. dördüncü hissədə "qanunvericilik aktlarına dəyişikliklər və əlavələr” sözləri "qanunlarda dəyişikliklərin” sözləri ilə əvəz edilsin.

14. 22-ci maddə üzrə:

14.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına (bundan sonra - İntizam komissiyası) göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.”;

14.2. üçüncü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.”;

14.3. üçüncü hissənin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.”.

15. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 23. Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası 

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin Sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, Milli Məclisin deputatı bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.”.

16. Aşağıdakı məzmunda 23-1-ci maddə əlavə edilsin:

"Maddə 23-1. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası 

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə əsasən, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsində göstərilən halda onun səlahiyyətləri itirilir.

Milli Məclisin Sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Parlamentdaxili məsuliyyətə cəlb olunması ilə əlaqədar Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və müvafiq qərarın qəbul edilməsi qaydası bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsi ilə müəyyən edilir.”.

17. Aşağıdakı məzmunda 23-2-ci maddə əlavə edilsin:

"Maddə 23-2. Milli Məclisin buraxılması

Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.”.

18. 24-cü maddənin birinci hissəsinə "məsələlər” sözündən sonra "Milli Məclisin iclasına sədrlik edənin müəyyən etdiyi qaydada” sözləri əlavə edilsin.

19. 31-ci maddə üzrə:

19.1. birinci hissənin dördüncü bəndi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Sədrinin müavinləri və Milli Məclisin komitələrinin sədrləri ilə birlikdə qanun layihələrinin hazırlanmasına dair Milli Məclisin illik planını tərtib edir, qarşılıqlı razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin illik plan əsasında hər növbəti sessiyanın qanunvericilik işləri planını təsdiq edilməsi üçün Milli Məclisə təqdim edir;”;

19.2. birinci hissənin altıncı bəndi aşağıdakı redaksiyada verilsin:

"qəbul edilmiş qanunların ikinci nüsxəsinin son səhifəsində viza qoyur və imzalanması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;”;

19.3. üçüncü hissə ləğv edilsin.

20. 38-ci maddənin ikinci hissəsinə "Məclisin” sözündən sonra "digər komitələrinin və” sözləri əlavə edilsin.

21. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 41. İntizam komissiyası

Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

İntizam komissiyasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

1) "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

2) etik davranış qaydaları barədə Milli Məclisin deputatlarını məlumatlandırmaq, bu qaydalarla bağlı rəy və tövsiyələr vermək, həmin qaydaların pozulmasının qarşısının alınması üçün tədbirlər görmək və görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin Sədrinə məlumat vermək;

3) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

4) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

5) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsaslara görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim etmək;

6) Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

7) Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar olduqda, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin Sədrinə təqdim etmək;

8) bu Daxili Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

İntizam komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları (rəyləri) onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bu maddənin ikinci hissəsində göstərilən məsələlərə dair keçirilən iclaslarda İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (7-ci bəndində göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Milli Məclisin iclasında çıxış edə bilər.

İntizam komissiyasının rəy verilməsi məqsədi ilə keçirilən iclaslarında hüquqşünas ekspertlərin köməyindən istifadə edilə bilər. Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.

22. 44-cü maddə üzrə:

22.1. birinci hissədə "daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti” sözləri ", daimi fəaliyyət göstərən ali audit” sözləri ilə əvəz edilsin;

22.2. ikinci hissədə "7” rəqəmi "5” rəqəmi ilə əvəz edilsin;

22.3. üçüncü hissədə "iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır” sözləri "hüquq, iqtisadiyyat və ya maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları ola bilərlər” sözləri ilə əvəz edilsin.

23. 45-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin deputatı aşağıdakı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunur:

1) "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla);

2) "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);

3) Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə.

Milli Məclisin deputatı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndində nəzərdə tutulmuş hallar üzrə parlamentdaxili məsuliyyətə cəlb oluna bilməz.”.

24. 46-cı maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsində göstərilən əsaslara görə Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir:”.

25. 47-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir, yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam komissiyasına təqdimatla müraciət edilir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.”.

26. 50-ci maddə ləğv edilsin.

27. 51-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 51. Bu Daxili Nizamnamənin icrasına nəzarət

Bu Daxili Nizamnamənin icrasına nəzarət Milli Məclisin rəhbərliyi tərəfindən həyata keçirilir.”.

28. 53-cü maddə üzrə:

28.1. ikinci hissə dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-20-ci bəndlərində göstərilən məsələlər üzrə Milli Məclisin açıq iclaslarında qəbul etdiyi qərarlar 3 gün müddətində "Azərbaycan” qəzetində dərc edilir.

Milli Məclisin qərarları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə qəbul edildiyi gündən 3 gün keçənədək müvafiq icra hakimiyyəti orqanına müşayiət məktubu olmadan göndərilir.”;

28.2. dördüncü hissəyə "Məclisin” sözündən sonra "açıq” sözü əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video