17 Yanvar 2019 00:30
751
Mədəniyyət
A- A+

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub


Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. İ.Həbibbəyli "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, eyni zamanda, tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. O, görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin bu kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza və geniş ölçüdə azərbaycanşünaslığa töhfə olan əsər kimi dəyərləndirib. AMEA-nın vitse-prezidenti monoqrafiyanın milli tarixçiliyimizdə və cəmiyyətşünaslıqda büsbütün yeni baxışları əks etdirən orijinal bir araşdırma olaraq yeni tədqiqatlar silsiləsinin meydana çıxmasına etibarlı zəmin yaratdığını vurğulayıb. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” monoqrafiyası da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır.

Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə ilə çıxış edib. O bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarixboyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətinin elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilməsidir.

Qeyd edilib ki, kitab Qərb dövlətlərinin, habelə çar Rusiyasının əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılmasında mühüm vasitədir.

Akademik Ramiz Mehdiyevin bugünə qədər Səfəvilərin tarixinə dair önəmli tədqiqatlar apardığını, kitab, monoqrafiya və məqalələr çap etdirdiyini deyən M.Qasımlı yeni nəşrin digərlərindən fərqləndiyini, burada tarixi faktlarla ermənilərin Səfəvilərə qarşı casusluq etməsinin sübuta yetirildiyini söyləyib. "Əsərdə Qriqorian kilsəsinin mahiyyəti açılır, eyni zamanda, erməni tacirlərinin casusluq fəaliyyəti göstərilir. Biri ideoloji əsas, o biri maddi əsas kimi verilir. Əsərdən çıxan nəticə budur ki, biz tarixçilər erməni psixologiyasını dərindən öyrənməliyik”, - deyə M.Qasımlı bildirib.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazil Fərzəlibəyli müstəqillik illərində Azərbaycan tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolundan danışıb. O, akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçi kimi xarakterizə edib. Akademikin bu əsərinin Azərbaycan tarix elmində Qriqorian kilsəsinin XVII əsr-XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işıqlandırılması faktı kimi olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Qafqazşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş bu kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabı "Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video