17 Yanvar 2019 00:27
860
İQTİSADİYYAT
A- A+

Dünyada çox az rast gəlinən uğur


Azərbaycanda qazlaşdırma 95 faizdən çoxdur


Ölkədə mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin nəqletmə imkanlarının artırılması istiqamətində ardıcıl iş aparılır. Keçən il ümumi uzunluğu 3 min 193 kilometrə yaxın qaz kəmərləri quraşdırılıb, 526,6 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir olunub.

2018-ci ildə hədəf ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması idi və bu məqsədə nail olundu. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu yüksək göstərici kimi qeyd edildi: "Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın”.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkədə mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində təxirəsalınmaz işlər həyata keçirilib. Yeni qaz kəmərlərinin çəkilməsi ilə yanaşı, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar təzəsi ilə əvəz olunub və istismara yararsız vəziyyətə düşmüş qaz avadanlıqları dəyişdirilib. Şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün xətlərdə əsaslı təmir işləri aparılıb.

İndi qaz xətləri ən ucqar dağ kəndlərinə də çatıb. Hətta sovet dönəminin ən inkişaflı illərində qazdan istifadə etmək imkanı olmayan yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir.

Həmin yaşayış məntəqələrindən biri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıcdır. Keçən ilin avqust ayında qəsəbəyə qazın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etməsi sakinlərin qəlbini fərəhlə doldurub. Dövlət başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, İsmayıllı rayonunun adıçəkilən qəsəbəsində və bu xətt boyunca yerləşən kəndlərdə qazlaşdırma həyata keçirilib. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir.

Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması "Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdəndir. Bu sırada Lahıcın mavi yanacaq alması mühüm yer tutur. Qəsəbəyə qaz 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilib. Nazirlər Kabinetinin sözügedən iclasında Lahıca rahat yolun salınması, qəsəbədə orta məktəb binasının tikilməsi ilə yanaşı, qaz xətlərinin çəkilməsi də mühüm hadisə kimi qeyd olunub. Bununla bərabər, keçən il Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb. Təkcə Lahıcın daxilində ümumi uzunluğu 39 min metr olan borular çəkilib.

Qazlaşdırılan ucqar dağ kəndləri yüzlərlədir. Məlumdur ki, dağlıq ərazilərdə relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə qaz çəkilişi çətinliklə aparılır. Bu, həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün hətta bəzən borular iş gedən ərazilərə əllə daşınır.

Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam edir. Təkcə keçən il Azərbaycanın müxtəlif rayonlarında 150 yaşayış məntəqəsi qazla təmin olunub. Bunlar Ağstafa, Bərdə, Zərdab, Tovuz, Quba, Şamaxı, Göyçay, Gədəbəy, Goranboy, Oğuz, Lerik, Yardımlı və bir sıra digər rayonların kənd və qəsəbələridir. Bu yaşayış məntəqələri arasında elələri var ki, ilk dəfə qazdan istifadə etmək imkanı qazanıblar. Neftçala rayonunun Cəngan və Ərəbqardaşbəyli, Qax rayonunun Meşəbaş kəndləri də bu sıradadır. Keçən il, eləcə də Yevlax rayonunun Rüstəmli və Qaraməmmədli kəndlərinə təbii qaz verilib. Rüstəmli və Qaraməmmədli iri kəndlərdir, odur ki, burada ümumilikdə 537 fərdi ev qazlaşdırılıb. Bu sevinci Saatlı rayonunun Mərzili kəndinin sakinləri də yaşayıb. Belə ki, burada 223 fərdi ev qazlaşdırılıb.

Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə də təbii qazla təmin edilib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qazlaşdırma prosesinin davam etdiriləcəyini bildirib. Dövlət başçısı vurğulayıb ki, bir sıra kəndlərdə hələ qaz yoxdur, ona görə kəndlərin qazlaşdırılması yenə də gündəlikdə duran məsələdir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video