17 Yanvar 2019 00:23
739
SİYASƏT
A- A+

Birliyin, yenilməzliyin nümunəsi


Qədim şəhərin yolları, küçələri döyüş meydanlarına dönmüşdü. Ancaq müharibə belə olmur. Çünki silah bir tərəfin əlindəydi. Avtomatlarla qarşılarına çıxan, gözlərinə görünən hər kəsi atəşə tuturdular. Ləngər vura-vura dolaşan, ətrafa ölüm saçan ağır hərbi texnika da onların idi... Sövet hökuməti yetmiş il "xilaskar ordu” deyib öyündüyü ilə öldürürdü soydaşlarımızı. Ona görə ki, onlar xalqının azadlığını tələb edirdilər.

1990-cı ilin o soyuq yanvar gecəsi sovet ordu hissələri Azərbaycan xalqının müstəqillik arzusunu, azadlıq istəyini atəşə tutsa da, öldürə bilmədi. Şəhidlərini başının üstünə qaldıran xalq birliyini, yenilməzliyini nümayiş etdirdi.


Vətəndaşlıq borcu


Müasir dünyamızda tarix yalnız kağız üzərində yazılmır. Sovet ordu hissələrinin 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı törətdiyi o qətliam da videokameranın yaddaşına köçürüldü. 20 Yanvar faciəsini lent yazılarında əbədiləşdirənlər də o günlərdə ölümlərini gözə almışdılar. Çünki xalqın birlik nümayiş etdirdiyi o günlərdə can qorxusu, ölüm xofu insanlara yaxın duşə bilmirdi. Düşmənin qarşısına sinəsi ilə sipər çəkmək, yaralılara yardım göstərmək, bir-birinə arxa durmaq kimi, həmin müdhiş anları lentə almaq da vətənə xidmət, vətəndaşlıq borcu hesab olunurdu.

Azərbaycan tarixinə hüzn və qürur salnaməsi kimi yazılan o müdhiş günlər zaman keçdikcə yeni-yeni əsərlərin mövzusuna çevrildi. 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlər, heykəltəraşlıq nümunələri, rəsm və musiqi əsərləri yaradıldı.

O günlərdə kameranın yaddaşına köçürülənlər sənədli ekran əsərlərində geniş istifadə olunmağa başlandı. Azərbaycan kinematoqrafiyasında 20 Yanvar hadisələrinə "Azadlığa gedən yollar”, "20 Yanvar”, "Şəhidlər və qazilər”, "Qəsd”, "Boz qurdun harayı”, "Qanlı Bakı”, "Cənubda şimal küləyi”, "Bakıda insan ovu”, "Qanlı Yanvar”, "Matəm” sənədli filmləri ithaf edildi. Həmin lentlər əsasında çəkilən filmlərdə 1990-cı ilin yanvarında xalqımızın başına gətirilən müsibətlər dolğun və təsirli şəkildə canlandırıldı.


Hüzn və qürur salnaməsi ekran əsərlərində


"Azadlığa gedən yollar” tammetrajlı sənədli filmi 1990-cı ildə rejissorlar Xamis Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən "Salnamə” sənədli filmlər studiyasında çəkildi. Film Cəfər Cabbarlının "1905-ci ildə” pyesindəki bu səhnə ilə başlayır: Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər arasında qırğın planları hazırlayır. Daha sonra Ermənistanda və Azərbaycanda soydaşlarımızın başına gətirilən faciələrdən bəhs olunur. Filmin əsas süjet xəttini 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qırğınlar və sonrakı hadisələr təşkil edir.

Qara Yanvar hadisələrindən bəhs edən daha bir ekran işi rejissor Cahangir Zeynallının "20 Yanvar” sənədli filmidir. 1990-cı ilin oktyabrında ərsəyə gələn film bir sıra xarici ölkələrdə də nümayiş olundu. Filmdə elə həmin ilin 20 yanvarında Azərbaycanda baş verən qanlı hadisələrdən söhbət açılır.

1990-cı ildə ekranlaşdırılan başqa bir qısametrajlı sənədli film "Matəm” adlandırıldı. "Rakurs” Sənədli Filmlər Studiyasının istehsal etdiyi bu filmdə 20 Yanvar şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər xiyabanı”nda keçirilən ümumxalq matəmi əksini tapdı. Filmin rejissoru və ssenari müəllifi Teymur Bəkirzadədir.

"Şəhidlər və qazilər” qısametrajlı filmi də 1990-cı ildə çəkildi. "Salnamə” sənədli filmlər studiyasının istehsalı olan filmdə Bakıda 1990-cı ilin 20 yanvarında sovet ordusu əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil qalmaları təsvir edilir. Filmin rejissoru Xamis Muradov, Tofiq Məmmədov və Ramiz Əliyevdir. "Şəhidlər və qazilər” Xamis Muradovun ssenarisi əsasında ekranlaşdırıldı.


20 Yanvara gedən yol


"Qəsd” qısametrajlı sənədli filmi də 1990-cı ildə təqdim olundu. Rauf Nağıyevin rejissoru olduğu ekran əsərində çar imperiyasının I Pyotr zamanından sovet imperiyasının Qorbaçov dövrünədək ermənilərin məkri ilə Azərbaycana, azərbaycanlılara qarşı yönəldilmiş qəsdlər - XIX əsrin ikinci onilliyində imzalanmış bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən ölkəmizin iki yerə parçalanması, 1905-ci ildə və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, 1930-cu illərin Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 Yanvar faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri təkzibolunmaz faklarla diqqətə çatdırıldı. Filmin ssenari müəllifləri Sara Nəzirova və Rauf Nağıyevdir.

"Boz qurdun harayı” qısametrajlı sənədli filmi "Salnamə” sənədli filmlər studiyasında rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən çəkildi. 1991-ci ildə təqdim edilən film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olundu.

"Bakıda insan ovu” qısametrajlı sənədli filmi Vaqif Azəryarın rejissorluğu ilə 1991-ci ildə ekranlaşdırıldı. "Yaddaş” Sənədli Filmlər Studiyasında istehsal edilən filmdə 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəli hadisələrdən söz açıldı. Filmin ssenari müəllifi Vaqif Azəryar və Qulu Kəngərlidir.

"Azərbaycantelefilm”in istehsalı olan "Qanlı Bakı” sənədli televiziya filmi də 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Filmin rejissoru Aydın Dadaşov, ssenari müəllifi Sadıq Elcanlıdır. Film 1994-cü ildə ekranlaşdırıldı.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 2001-ci ildə çəkilmiş "Şəhidlik zirvəsi” qısametrajlı sənədli filmi də Qara Yanvar şəhidlərinə həsr olundu. Rejissorları Xamis Muradov və Tofiq Məmmədov olan ekran əsərində Azərbaycan ərazilərinin Rusiya ilə İran arasında bölüşdürülməsi - 1828-ci ildən müasir dövrədək Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr əksini tapdı. Film Xamis Muradov, Eldar Quliyev və Oqtay Mirqasımovun ssenarisi əsasında çəkildi.

1990-cı ilin yanvarında yalnız ölkəmizin paytaxtında faciələr törədilmədi. Sovet ordusunun hissələri Azərbaycanın bir sıra yerlərində, eləcə də sərhədyanı rayonlarda güc nümayiş etdirdilər. 2002-ci ildə ekranlaşdırılan "Cənubda şimal küləyi” qısametrajlı sənədli filmi də 1990-cı ilin yanvarında Azərbaycanın cənub rayonlarında, xüsusi ilə Biləsuvarda törədilən qırğınlardan bəhs edir. Çəkilişləri Biləsuvar rayonunda aparılan filmdə yaradıcı heyət 20 Yanvar hadisələrində geniş tamaşaçı kütləsinə məlum olmayan faktları əks etdirməyə çalışmışdı. Ekran əsərində arxiv materiallardan, sənədli-xronikal video materiallardan istifadə edilmişdi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Salnamə” kinostudiyasında çəkilən filmin rejissoru Mahmud Məmmədov, ssenari müəllifi İntiqam Hacılıdır.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini əks etdirən ekran əsərləri heç vaxt öz əhəmiyyətini itirməyəcək. Yeni nəsillər həmin filmlərdən xalqımızın üzləşdiyi haqsızlıqlar, müsibətlər barədə geniş məlumat alacaqlar. 20 Yanvar faciəsi zamanı çəkilən kadrlar isə bundan sonra da neçə-neçə sənədli və bədii filmlər üçün zəngin material olacaq. Həmin kadrları dünyanın ən istedadlı rejissorları belə çəkə bilməzlər... Çünki o səhnələr Azərbaycan tarixinin lent yazılarında əbədiləşmiş real görüntülərdir. Azərbaycan xalqının azadlıq yolu ən amansız döyüş filmlərini xatırladan o günlərdən keçdi...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video