16 Yanvar 2019 00:55
1711
SİYASƏT
A- A+

16 xarici səfər, 12 prezidentlə görüş


Prezident İlham Əliyevin ötənilki xarici səfərləri Azərbaycana mühüm diplomatik nailiyyətlər qazandırıb


2018-ci il də Azərbaycanın xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından uğurlu oldu. İl ərzində Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atdı.

Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verdi.


Davos Forumu və Azərbaycana verilən dəyər


Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərək ötən ilin ölkəmizin xarici siyasət prioritetlərinin reallaşması baxımından uğurlu dövr olduğunu deyib: "Keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır”.

Hər il olduğu kimi, ötən il də Prezident İlham Əliyev yanvar ayında ilk olaraq Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Səfər çərçivəsində dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Dünya İqtisadi Forumunun prezidenti Börge Brend, eləcə də 17 beynəlxalq təşkilat və şirkət rəhbəri ilə görüşlər keçirib.

Yanvarın 23-də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edən Prezident ölkəmizin sosial-iqtisadi inkişafından, həyata keçirilən siyasi və iqtisadi islahatların uğurlarından bəhs edib. Dövlət başçısı ona ünvanlanan suallara tutarlı arqumentlərlə cavab verməklə bir daha liderlik, natiqlik qabiliyyətini nümayiş etdirib. Eyni zamanda Azərbaycan həqiqətləri barədə geniş məlumat verib.


Prezident seçkisindən sonra ilk səfər


Aprel ayının 11-də Azərbaycanda keçirilən prezident seçkilərində yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilən İlham Əliyev ilk səfərini aprelin 24-də Türkiyə Respublikasına edib. Aprelin 25-də dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb və görüş başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclasdan sonra iki qardaş ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmayıl Qəhrəman ilə də görüşüb.


Londonda hasilatın pay bölgüsü haqqında imzalanan yeni saziş


Aprelin 26-da Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Bu ölkənin Baş naziri Tereza Mey görüş zamanı cənab İlham Əliyevi Prezident seçilməsi münasibəti ilə təbrik edib və iki ölkə arasındakı əlaqələrin bundan sonra daha da genişlənəcəyini vurğulayıb. Səfər zamanı Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, "BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Dövlət başçısı səfər çərçivəsində həmçinin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və Britaniya parlamentinin bir qrup üzvü ilə görüşlər keçirib.


Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü


İyun ayının 12-də Türkiyədə TANAP kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə iştirak etmək üçün Türkiyəyə səfər edən Prezident İlham Əliyev Əskişəhərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Ukrayna Prezidenti Petro Poroşenko, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Həmin gün Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürüdür. Bu layihə Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir: "Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.


Rusiya-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsindədir


Elə həmin gün Azərbaycan Prezidenti Türkiyədən Rusiya Federasiyasına işgüzar səfər edib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Rusiya Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsindədir və çox uğurla inkişaf edir. Ötən il ərzində əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və bu proses dəstəklənməlidir: "Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir” - deyə Vladimr Putin vurğulayıb.

Görüşdə həmçinin bəlli oldu ki, Rusiya tərəfi Azərbaycan Prezidentinin avqustun 30-da bu ölkəyə səfəri ilə bağlı hazırlıqlar görür. Bu səfər çərçivəsində münasibətlər hərtərəfli və dərindən müzakirə ediləcək və çox güman ki, yeni sazişlər də imzalanacaq.

Rusiyada səfərdə olan dövlət başçısı iyunun 14-də Moskvadakı "Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib.


Avropa İttifaqı ilə "Tərəfdaşlıq prioritetləri” paraflandı


Müstəqil siyasət yürüdən Azərbaycan həm də beynəlxalq təşkilatlarla yüksək səviyyəli tərəfdaşlıq edir. İyulun 10-da Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə səfəri də bunu bir daha təsdiqləyir.

Bu səfər çərçivəsində Azərbaycan Prezidenti çox mühüm görüşlər keçirdi və bu görüşlər Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına mühüm töhfə verdi. Öncə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşən dövlət başçısı ikitərəfli əməkdaşlığın daha da gücləndiyini bildirib və qeyd edib ki, Azərbaycan qurumun əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Görüşdən sonra "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi oldu. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını müəyyənləşdirdi. "Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu.


Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir


İyulun 12-də dövlət başçısı Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib. NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə isə

İlham Əliyev Azərbaycanın Əfqanıstana göstərdiyi dəstəyi, həmçinin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı əsl həqiqətləri bu ali tribunadan bir daha dünyaya bəyan edib.

Brüssel səfəri çərçivəsində Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub. Dövlət başçısı həmçinin BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə də danışıqlar aparıb.


Fransaya 13-cü səfər


İyul ayının 19-da dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edib. Prezident İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirib. Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransada Prezident Emmanuel Makron, eləcə də bu ölkədə fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər əlaqələrin daha da dərinləşməsinə, yeni müstəviyə yüksəlməsinə stimul verdi.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyev Fransaya ümumilikdə 13 dəfə səfər edib. Bütün səfərlərdə olduğu kimi, bu dəfə də iki ölkə arasında mühüm sənədlər imzalanıb. "Azərkosmos” ASC ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi, "Azərsu” ASC və "SUEZ Group” arasında niyyət sazişi, "Azərbaycan Hava Yolları” QSC ilə "Modern Construction Group” və "Thales” şirkətləri arasında anlaşma memorandumu, daha 3 müqavilə və niyyət məktubu imzalanıb.

Prezident İlham Əliyev Parisdə Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji və Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşlər keçirib.


Xəzərin hüquqi statusu ətrafında müzakirələr başa çatdı


Avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Bu məqsədlə avqustun 12-də Prezident İlham Əliyev bu ölkəyə səfər edib.

V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Bu sənədin imzalanması ilə Xəzər hüquqi statusu ətrafında müzakirələr və həm də mübahisələr birdəfəlik başa çatdı. Bu konvensiya Azərbaycanın milli maraqlarını tam ehtiva edir.


Bir ayda 4 səfər


Sentyabrın 1-də Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Həmin gün Soçi şəhərindəki "Boçarov Ruçey” dövlət iqamətgahında prezidentlər İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib. Azərbaycan Prezidentinin Vladimir Putinlə görüşü, apardığı danışıqlar bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərib.

Xatırladaq ki, bu, Azərbaycan və Rusiya prezidentlərinin il ərzində hələlik 3-cü görüşü idi. Rəsmi səfər çərçivəsində imzalanan sənədlər əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü də iki ölkə arasında məhz yüksək siyasi anlaşmanın olmasının təzahürüdür. Bu baxımdan Prezident İlham Əliyevin səfəri iki ölkə arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ənənələrinə söykənərək inkişaf etdiyini göstərdi. Ən əsası, bir daha təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi tərəfdaşıdır.

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib. Bu məqsədlə Prezident İlham Əliyev Qırğız Respublikasına səfər edib. Sammitdə növbəti zirvə görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb. Sammitdə Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə prezidentləri və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər.

Sentyabrın 6-da Prezident İlham Əliyev Xorvatiyaya rəsmi səfər edib. Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub. Səfər zamanı iki ölkə arasında iki sənəd imzalanıb.

Sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu məqsədlə Prezident İlham Əliyev Tacikistana səfər edib.


Azərbaycanın sərmayəsi ilə tikilən zavod


Oktyabrın 19-da Türkiyəyə işgüzar səfər edən Prezident İlham Əliyev bu ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanla birlikdə İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak edib. "Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü SOCAR-dır. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

"Star” zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.


Rusiya Prezidenti ilə 6 görüş


Noyabr ayında Prezident İlham Əliyev Belarus və Türkmənistana rəsmi səfərlər edib. Bu səfərlər ikitərəfli əlaqələrə əlavə impulslar vermək, genişmiqyaslı əməkdaşlıq üçün mövcud potensialdan hərtərəfli yararlanmaq baxımından vacib əhəmiyyət kəsb edib. Azərbaycan Prezidentinin Aleksandr Lukaşenko və Qurbanqulu Berdiməhəmmədovla görüşləri, imzalanan sənədlər bir daha bu ölkələrlərin Azərbaycanla sıx münasibətlərinin təsdiqi oldu.

Dekabrın 6-da isə Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Beləliklə, Prezident İlham Əliyevin son 3 səfəri göstərir ki, MDB üzvü olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Cənab İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı həm də Azərbaycan və Rusiya prezidentləri arasında ötən il sayca 6-cı görüş baş tutub.

İl ərzində Prezident İlham Əliyev 12 ölkəyə (İsveçrə, Türkiyə, Böyük Britaniya, Rusiya, Belçika, Fransa, Qazaxıstan, Qırğız Respublikası, Xorvatiya, Tacikistan, Belarus, Türkmənistan) 16 dəfə səfər edib, 12 prezident (İsveçrə, Türkiyə, Rusiya, Belçika, Fransa, Qazaxıstan, Qırğız Respublikası, Xorvatiya, Tacikistan, Belarus, Türkmənistan, Ukrayna, Əfqanıstan), 5 baş nazir (Türkiyə, İsrail, Gürcüstan, Böyük Britaniya və Macarıstan), o cümlədən NATO, Avropa İttifaqı, Dünya İqtisadi Forumu kimi təşkilatların rəhbərləri ilə görüşüb.

Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti çoxşaxəli və müstəqildir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir və daha nüfuzlu söz sahibinə çevrilir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video