16 Yanvar 2019 00:36
1592
SİYASƏT
A- A+

Bir cüt qərənfil...


Boş partanın qara dastanı


...Güllərin, çiçəklərin hər biri iki sevən gəncin ən qiymətli hədiyyəsi hesab olunub. İki könülün danışan dili, gülən gözləri, təbəssümlü baxışları kimi gül dəstəsi qədirbilənliklə qəbul edilib. Oğlan sevgilisini gülə bənzədib... Çünki güllərin hər biri göz oxşayır, könül sevindirir. Qərənfilə də bu sevgidən həmişə pay düşərdi: gözəllərin görüşünə dəstə bağlayardılar... 1990-cı ilin "Qara yanvar”ı onun da əlindən aldı bu gülərüzlülüyü. Elədi ağlargözlü şəhid bacısı, sevgilisi, istəklisi...

Taleyə, qismətə bax... Güllərin də qismətinə göz yaşı, ağı yazılarmış. Deyəsən, ilk dəfə qərənfili ağladan Məmməd Aslan olub: "Ağla, qərənfil, ağla” ağısı ilə.

Qanlı-qadalı, odlu-alovlu illər bəşər tarixində zaman-zaman təkrarlanıb. Xalqımız da bu od-alovların içərisindən az keçməyib. Bax elə buna görə azadlıqsevərdir, mətindir, iradəli, dözümlüdür! Ölümün gözünə dik baxmaq isə şərəfdir! Bu, xalqımızın hünəriylə qazandığı şərəf, alın yazısı və tale payıdır: uşaqdan-böyüyə cəllad üstünə, silah qabağına yeriyir, qorxmazlığı, cəsurluğu ilə ölümə meydan oxuyur.

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir: "20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir”.


O qanlı şənbə gecəsində qərənfil ömürlü balalar da şəhid oldular


20 Yanvardan bu yana qərənfillər əldə cüt oldular. Baş-başa verib şəhidlərə ağı dedilər. O qanlı şənbə gecəsində qərənfil ömürlü balalar da şəhid edildi, qanlarına qəltan olundu.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə zalıma, zülmə tabe olmayan xalqımız tarixin yaşıdı - qədim Bakını qan çanağına döndərən imperiya cəlladları ilə üz-üzə dayananda onların arasında 13 yaşlı İlqarla Larisa, 14 yaşlı Nəriman, 16 yaşlı Vera, eləcə də onların babaları timsallı Yunus Rəhimov və səksəni haqlayan Sura Babayeva da vardı...

Nə idi bu ixtiyar yaşlı nənə ilə babanın, eləcə də məktəbli balaların günahı?! O müdhiş gecənin şahidləri olmaqmı? Yoxsa azadlıq aşiqlərinin necə gülləbaran edilməsini görüb qaniçən cəlladlara nifrətlə baxmaqlarımı?

Larisa Fərman qızı Məmmədova Bakıdakı Tofiq Hüseynov adına 134 nömrəli rus məktəbinin 7 "v” sinfində oxuyurdu. Sinif yoldaşları Larisanı heç zaman solmayacaq çiçəyə bənzədiblər. Onların Larisa haqqında yazdıqları xatirələrdə göstərilir ki, Şəhidlər xiyabanında alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Çünki bu məşəl öz alovunu, odunu xiyabanda uyuyan şəhidlərin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürüb. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə daim yaşayacaq və onlar heç vaxt unudulmayacaq, Larisa ilə İlqar - fidan şəhidlərimiz isə Azərbaycan xalqının yaddaşında 13 yaşlı məktəbli kimi əbədi qalacaqlar.


Kim kuklaya güllə atar


Xalq şairi Bəxtiyar Vahabzadə o qanlı gecə şəhid olan 13 yaşlı Larisanı şeir dili ilə belə oxşadı:

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün

Bu kədərə, bu məlala?

Məzarının baş ucunda

kuklan da var.

Bu gün layla çalmalıykən

sən kuklana,

Kuklan sənə layla çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini,

Axırını heç bilmədin.

Kim kuklaya güllə atar?

Atan oldu...

1977-ci il avqustun 11-də Bakı şəhərində anadan olan Larisa Məmmədova musiqi təhsili də alırdı. O müdhiş gecədə xalqımızın müxtəlif yaşlı insanları içərisində Larisanın hər dəfə xatırlanması səbəbsiz deyil. Görün bu yaşda qızcığaz nə deyib atasına: "Mən mübariz xalqımızı və üçrəngli bayrağımızı görmək istəyirəm!”

O gecə atası Fərmanın işlədiyi avtomobil parkının işçiləri ilə birlikdə maşınqayırma zavodunun yanında "İkarus” avtobusunda oturduqları yerdə gülləbarana tutulurlar. Sanki qaniçənlər, imperiya cəlladları Vətən, xalq üçün döyünən bapbalaca ürəyini susdurmaq üçün Larisanı hədəf seçiblər. Ürəyini nişan alıblar. Ata-bala al-qana bələniblər. Təcili xəstəxanaya çatdırılıblar. Ata amansız və vaxtsız ölümün pəncəsindən xilas edilsə də, Larisa adını azadlıq aşiqləri qurbanlarının siyahısına yazdırıb. O gecənin qaliblərindən biri sayılan 13 yaşlı şəhid Larisa "Azadlıq uğrunda fəxri mübariz” adı qazanıb!


Qalina Urvaçova-Məmmədova: "... Kim idi balalarımızı hədəf seçən?”


Ukraynanın Donetsk vilayətindən öz səadətinin ardınca Azərbaycana gəlmiş Qalina Urvaçova-Məmmədova (Larisanın anası) o gündən ümumxalq kədərini qəribə bir özünəməxsusluqla, suallar fırtınasında yaşayır: "Kim idi balalarımızı hədəf seçən? Bizi niyə gülləbarana tutmuşdular o günlər?!”

Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisadan danışılır. Xatirəsinə həsr olunan inşa, şeir, rəsm müsabiqələri keçirilir. 134 nömrəli məktəbdə onun adını daşıyan şagird təşkilatı da fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız ürəklərdə yaşayır.

...20 Yanvarda hələ ölümün nə olduğunun fərqində olmayanlar şəhidlik zirvəsinə yüksələcəklərini ağıllarına belə gətirmirdilər. Günlərini məktəbli dostları ilə keçirən bu balaların ovuc boyda ürəklərindəki böyük Vətən sevgisi, azadlıq arzusu onları da həmin gecə odun, alovun içinə çəkib apardı. O ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar dostları Zakir və Pərvizlə qonşuları Nazimin "Zaporojets” markalı maşını ilə sinəsini düşmən tanklarına sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdı. Qəfildən tanklarla üz-üzə gəldilər. Maşınlarını saxlayıb qaçmaq məcburiyyətində qaldılar. Düşmən tankı əvvəlcə maşının üstündən keçərək onu yerə yapışdırdı. Sonra qaçan bu fidanları atəşə tutdu. İlqar arxada olduğundan, ağır yaralandı. Xəstəxanaya çatdırsalar da...

İbrahimov İlqar Rəşid oğlu Bakının Yasamal rayonundakı 167 nömrəli məktəbin 7 "a” sinfində oxuyurdu. Yadigar qalan şəklindən görünür ki, çox yaraşıqlı, gülərüz olub. Tay-tuşları artıq gənclik illərini arxada qoyduqlarından, İlqarı da belə təsəvvür eləmək asan deyil.


Şərəfli ömürlülərin qibtə ölümləri, yaxud onların nə yaşı böyüdü, nə də boyları...


Amma ürəklərdə boy atdı, yaşadı. Tay-tuşlarından uzunömürlü oldu İlqar. Deyirlər ki, sakit təbiətli olan bu uşaq ədəbiyyatı, xüsusən də poeziyanı çox sevirmiş. Kim bilir, yaşasaydı, bəlkə də tanınmış ədəbiyyatçı, yaxud şair, nasir... olacaqdı. Ömrü yetmədi, vaxtı olmadı. Amma İlqar milyonlardan yox, Vətənin azadlıq aşiqlərindən biri kimi tarixə yazıldı. Qanlı şənbənin qurbanlarından, Şəhidlər xiyabanının əbədi sakinlərindən biri olaraq, o, ən müqəddəs və şərəfli sayılan şəhid adını qazandı. Bir vaxtlar qapısını açdığı məktəbdə 1990-cı ildən bu günədək burada 20 Yanvar faciəsinə, İlqarın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bu da müqəddəs, ziyarətgahımız, görüşünə qəm-qüssə, kədərlə gəldiyimiz Şəhidlər xiyabanı. İlqarın məzarı şair-şəhid, tələbə Ülvi Bünyadzadənin qəbri ilə yanaşıdır. 20 Yanvarda qətlə yetirilənlərin şərəfli ömürlərinə, qibtə ölümlərinə həsr olunan "Şəhidlər” kitabının müəllifi, şair-publisist Rafiq Səməndər də o ağlar günlərin şahidi kimi danışır: "Evlərində olanda Piroğlan adlı uşaq ona şeir yazıb gətirmişdi. Anası ağlaya-ağlaya şeiri verib dedi ki, onu İlqarın yazısına əlavə elə, xahiş edirəm. İlqar Şəhidlər xiyabanında tələbə Ülvi ilə yanbayan dəfn olunub. Şeir də ikisinə yazılmışdı, daha doğrusu, Ülviyə müraciətlə:

İlqar da kiçik qardaşın,

Sən onun da qeydinə qal.

Oyuncağın sındıranda

Ona təzə oyuncaq al.

Gecələr soyuq olanda,

Bağrına bas, qoynuna al.

Ana, - deyib ağlayanda,

Sağ qolunu boynuna sal”...

İlqar o gecə ilk və son dəfə anasını eşitmədi. Balaca bacıları Alla ilə Səbinə də onun arxasınca ağladılar, xeyiri olmadı. Anası Katya İlqarın qayıtmayacağına əmin idi. Ona görə də ona soyuq olacağından qorxub, yun köynəyini götürüb küçəyə qaçdı. Amma..., onun arxasınca baxa-baxa qaldı: kəlmələri dilində, yun köynəyi isə əlində...

...Müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yanaşı düzülən, eyni biçimli məzarlarda yatanların hər biri xalqımızın doğması, əzizi kimi daim anılır, yad edilir, xatırlanır, yaddaşlara yazılır. Amma İlhamla Fərizə kimi, İlqarla Larisanın... məzarları üzərinə əyiləndə bir cüt göz yaşı yanaqlardan süzülür. Axı, elə 13 yaşındaca ömrü daşlaşan bu məktəbli balaların məsum baxışları sinə dağlayır, ona görə hər kəs ağlayır. Larisanın məzarının üstündən oyuncaqlar əskik olmayıb: saralıb-solsalar da...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video