15 Yanvar 2019 00:45
994
SİYASƏT
A- A+

YENİ HƏDƏFLƏRƏ DOĞRU


Düşünülmüş, ardıcıl və məqsədyönlü siyasət 2018-ci ili də uğurlu mərhələyə çevirdi


2018-ci il arxada qaldı!

Bəs geriyə baxanda yenicə yola saldığımız ili necə görürük?

Əslində, tarixə qovuşan 2018-ci il də son 15 ildən fərqlənməyib! Həm də yaxşı mənada!

Belə ki, yenə də ölkəmiz inkişaf edib, yenə də Azərbaycanda mühüm beynəlxalq tədbirlər, görüşlər, idman yarışları keçirilib, yenə də Prezident İlham Əliyev dünyanın müxtəlif dövlətlərinə və regionlara çoxsaylı səfərlər keçirib, yüksək ranqlı qonaqları qəbul edib, Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu daha da artıb...

Arxaya baxanda maraqlı bir sual da yaranır: Azərbaycana bu böyük hörmət, diqqət, etibar və inam nədən qaynaqlanır?

Əlbəttə, ölkəmizə ən böyük hörməti qazandıran ilk növbədə onun müstəqil, balanslı, qarşılıqlı hörmətə və maraqlara əsaslanan siyasət yürütməsidir!

İkincisi, təkcə qonşularına deyil, dünyanın digər ölkələrinə də böyük fayda gətirən transmilli layihələri gerçəkləşdirməsi, orada iştirakı hamı üçün maraqlı və gəlirli etməsidir.

Üçüncüsü, Prezident İlham Əliyevin xarizmatik şəxsiyyət olması, daim sözünə sahiblik etməsi, qısa müddətdə insanlarla xoş, inam və etibara əsaslanan ünsiyyət qurmasıdır!

Dördüncüsü, Azərbaycanın daim sülh siyasəti yeritməsi, qlobal dünyanı düşündürən, narahatlıq doğuran problemlərin səmərəli, praktik müzakirəsini təşkil etməsi, dəyərli təkliflər irəli sürməsi və konkret nümunələr, modellər göstərməsidir.

Ən nəhayət, ölkəmizə bir dəfə gələnlərin, dövlət başçısı ilə ünsiyyət quranların yenidən belə görüşlərə can atması, Azərbaycanla əməkdaşlıqdan hamının fayda götürüb maddi və mənəvi baxımdan nə isə qazanması, bizimlə əməkdaşlığın və birgə fəaliyyətin səmərəli və uğurlu olmasına qısa müddətdə əminlik hasil etməsidir!

***

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bütövlükdə ötən il ərzində görülən işlərə və qazanılan nəticələrə müfəssəl şəkildə toxunmuşdur. Dünyada gedən proseslərin fonunda Azərbaycanın uğurlarından danışaraq baş verənləri dərindən təhlil edən cənab İlham Əliyev maraqlı məqamlardan söz açmışdır.

Gənc, müstəqil dövlət olaraq Azərbaycanın ən böyük uğuru ölkədəki möhkəm və dönməz sabitlikdir!

Bu sabitliyin özəyində xalqla iqtidarın vəhdəti dayanır: iqtidar daim xalqın istəyini gerçəkləşdirir, rifahını durmadan yüksəldir. Xalq isə arzularının reallaşmasını təmin edən iqtidarı dəstəkləyir, hər dəfə prezident seçkilərində bu dəstəyini seçki qutusuna atdığı səsvermə bülletenlərində ifadə edir.

Bu birliyin nəticəsi isə bugünkü möhtəşəm Azərbaycan, onun bütün sahələrdə qazandığı ürəkaçan nailiyyətlərdir!

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşlərində, mətbuata açıqlamalarında həmin məqamları xüsusi vurğulayır. Nazirlər Kabinetinin iclasında da yaddaqalan məsələlərə bir daha diqqət çəkildi.

***

"2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.

Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Bəli, Prezident, həmişəki kimi, haqlıdır.

Dünyanın çalxalandığı, qana bulaşdığı bir vaxtda Azərbaycan illərdir ki, sabitlik və əmin-amanlıq adasını xatırladır.

O Azərbaycan ki, Ermənistanla müharibə vəziyyətindədir!

O Azərbaycan ki, torpaqlarının 20 faizi işğal altındadır!

O Azərbaycan ki, bir milyondan çox qaçqın və məcburi köçkünü vardır!

O Azərbaycan ki, dövlət müstəqilliyinin real dövrü vur-tut iyirmi beş ildir!

Amma görün xalqla iqtidar yekdil olanda inkişaf necə sürətlə gedir!

Xüsusən son 15 ilin nailiyyətləri nə qədər möhtəşəm və ürəkaçandır!

Həm də bunu təkcə biz demirik! Bakıya gələn bütün əcnəbi qonaqlar sabitlikdən, əmin-amanlıqdan tutmuş tikinti, abadlıq, quruculuğa qədər hər şeyə valeh olduqlarını gizlətmirlər. Dünyanın nüfuzlu qurumları isə daim özlərinin reytinq siyahısında ölkəmizə öndə yer verirlər.

Şübhə etmirik ki, bu proses növbəti illərdə də sürətlə davam edəcəkdir!

***

"Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”.

Prezident Azərbaycanın qətiyyətli mövqeyini bir daha bəyan etdi!

Təəssüf ki, I Qarabağ müharibəsi başa çatdıqdan sonra bizə yalnız rayonların işğal gününü "qara bayram” kimi qeyd etmək qalmışdı...

Ali Baş Komandan cənab İlham Əliyev isə bu "ənənəyə” yenisini, "qırmızı bayram”ları əlavə etdi!

2016-cı ildə Aprel zəfərini, 2018-ci ildə isə Naxçıvandakı qələbənin sevincini yaşatdı!

Aprel müharibəsində təkcə Lələtəpə yüksəkliyini, böyük bir ərazini qaytarmaqla xeyli sahəyə nəzarəti də bərpa etdik!

Aprel müharibəsi həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində əsaslı və kəskin dönüş oldu!

Düşməni təkcə hərbi cəhətdən məğlub edərək üstünlüyümüzü sübut etmədik!

Eyni zamanda, psixoloji və mənəvi cəhətdən də yerlə yeksan etdik!

Naxçıvan əməliyyatında da böyük bir ərazi və strateji yüksəkliklə bərabər Ermənistandan Qarabağa gedən əsas yolu da nəzarətə götürdük!

Düşmən hələ də bu itkilərin ağrısını yaşayır!

Düşmən hələ də bu məğlubiyyətin xofundan qurtarmayıb!

Düşmən hələ də bu dəyişikliklərin altını çəkir!

NƏTİCƏ GÖZ ÖNÜNDƏDİR:

* Ermənistanın kriminal rəhbərliyi hakimiyyətdən qovuldu!

* Qarabağ klanı məhşər ayağına çəkilir!

* Artıq tək ermənilər yox, bütün dünya da anlayıb ki, münaqişənin gedişində ciddi keyfiyyət dəyişikliyi baş verib!

* İqtisadiyyatı və tarazlığı pozulan, siyasəti və dövlət müstəqilliyi iflasa uğrayan Ermənistan Azərbaycanın qarşısında durmaq iqtidarında deyil!

* Onun xilası əraziləri könüllü olaraq işğaldan azad etmək, qonşularla normal münasibətlər qurmaqdadır!

HƏM DƏ QISA MÜDDƏTDƏ!

***

"Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq”.

Azərbaycanın nüfuzunu artıran başlıca amillər hansılardır?

Əvvəla, Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən müstəqil dövlətdir!

Forpost, satellat və ya kiminsə əyaləti deyil!

Bütün dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan, bir-birinin daxili işlərinə qarışmayan əməkdaşlıq əlaqələri qurur.

Azərbaycan xoş məramlar, xoş niyyətlər dövlətidir! Həyat vəsiqəsi verdiyi bütün transmilli layihələr bütün dövlətlərə və xalqlara xeyir gətirir.

Keçirdiyi beynəlxalq tədbirlərdə qlobal dünyanın problemləri müzakirə olunur, insanlara sülh və əmin-amanlıq gətirən təkliflər irəli sürülür, qərarlar qəbul olunur.

Dünya və Avropa birinciliklərinin, beynəlxalq idman yarışlarının təşkilatçısı qismində çıxış edir. I Avropa, IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsinin təminatçısı olub.

Bütün fəaliyyəti ilə dünyaya sülh, xalqlara mehribanlıq və əməkdaşlıq nümunələri bəxş edən dövlət, təbii ki, başqaları tərəfindən daim sevilər, hörmətlə qarşılanar, nüfuz sahibinə çevrilər.

***

"Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun.

Dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var - o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.

Azərbaycanla aşkar düşmənçilik edən yalnız bir ölkə var, o da Ermənistandır. Ölkəmizə qarşı ərazi iddiasında olan bu forpost havadarlarına arxalanaraq ərazimizin 20 faizini işğal edib, 20 min vətən övladının şəhidliyinə bais olub! Amma özü də, necə deyərlər, ağ günə çıxmayıb! Satellat dövlətə çevrilib, bütün strateji obyektlərini başqasına satıb, hazırda əhalisi dilənçi vəziyyətində yaşayır, ölkə vətəndaşları birdəfəlik köçüb gedirlər.

Artıq dünya Ermənistanın Xocalı soyqırımı törətdiyini bilir və qəbul edir, beynəlxalq qurum və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və müdafiə edir. Bu günlərdə Avropa İttifaqının separatçılıqla bağlı qəbul etdiyi qətnamə ikili standartların da sonunun çatdığını göstərir.

Ermənistanın ən çox arxalandığı və Azərbaycanın üzvü olmadığı KTMT-də nəinki onu daha müdafiə etmirlər, əksinə, beşinci təkər vəziyyətində görürlər. Rusiya ilə Avropa arasında vurnuxan bu ölkə axmaq siyasətinin girovuna çevrilərək iflas həddinə çatmışdır!

***

"Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. Bütün iqtisadi göstəricilərimiz çox müsbətdir.

İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir”.

Elə bir il yoxdur ki, Azərbaycan dünyaya səs salan bir möhtəşəm layihəni işə salmasın! Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, "Cənub qaz dəhlizi”, "Star” NEZ kimi layihələri, orbitə buraxılan 3 peyki hasilə gətirmək hər dövlətin hünəri deyil!

Bunları Prezident İlham Əliyev edib!

Təkcə ötən il ümumi daxili məhsul, yəni iqtisadi artım 1,4 faiz olub. Bundan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz artmışdır.

Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.

Ümumiyyətlə, son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, ÜDM-in adambaşına düşən həcmi 5 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb.

İşsizlik və yoxsulluq 5 faizə enib, valyuta ehtiyatımız 45 milyard dolları keçib, 2 milyona yaxın yeni iş yerləri açılıb, inflyasiya cəmi 2,3 faizdir.

Müstəqillik dövründə ölkəyə 250 milyard dollarlıq sərmayə yatırılıb.

***

Bir sözlə, 2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu il kimi qiymətləndirilməlidir.

Dövlət daim öz vətəndaşının yanındadır!

Şəhid ailələrinə, müharibə əlillərinə, hərbçilərə, jurnalistlərə dövlət hesabına tikilən təmirli evlər verilir, sosial yardımlar göstərilir.

Azərbaycan vətəndaşı ilbəil daha yaxşı yaşayır!

Şübhə etmirik ki, bundan sonra da hər ilimiz uğurlu olacaq, yeni-yeni qələbələrə imza atılacaq. Azərbaycan xalqı ərazi bütövlüyünü bərpa etməklə xoşbəxt və firavan ömür sürəcəkdir!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video