15 Yanvar 2019 00:44
538
SİYASƏT
A- A+

İlham Əliyev qlobal erməni korrupsiya şəbəkəsini ifşa etdi


"Ermənistanın keçmiş rəhbərləri cinayətkardır, qəhrəmanları qorxaqdır, generalları oğrudur”


Bu gün Azərbaycan sarsılmaz sabitlik şəraitində ictimai-siyasi, sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən lider ölkələr sırasında öz layiqli yerini tutmaqdadır. Bütün sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizi getdikcə daha güclü etməkdə, xalq-iqtidar birliyi Azərbaycanı yenilməz dövlətə çevirməkdədir.

İşğalçı Ermənistanda isə bunun tam əksi müşahidə olunur. İqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Burada bir məqamı xüsusi qabartmaq lazım gəlir ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun liderinin təcavüzkara qarşı gördüyü tədbirlərdir.


Azərbaycanın xarici siyasətdə növbəti nailiyyəti


Ötən ilə nəzər yetirdikdə şahidi oluruq ki, Azərbaycan Ermənistanın siyasi iflasını uğurla həyata keçirib. İştirak edilən beynəlxalq tədbirlər, sammitlər lazımi nəticə ilə yekunlaşıb: İlham Əliyev Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla göstərib.

Azərbaycan Prezidentinin səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər bu fonda Azərbaycanın xarici siyasətində yeni uğur kimi qəbul olunub.

Xatırladaq ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə edildi. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyannaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu.

NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin yeni diplomatik uğuruna çevrildi.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib: "Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlığın prioritetləri” adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır”.


"Biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik”


Bu gün birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır. Yəni Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir.

Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır.

Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil. Məsələnin bu tərəfinə toxunan Prezident deyib: "Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə, əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı, demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.


Kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovulub


Aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətli vəziyyətə gətirəcək. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən şərtlərdən biri də məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti oldu. Eyni zamanda, ordumuzun vurduğu zərbələr də bunda öz rolunu oynadı.

Bu gün Ermənistanda belə etiraflara rast gəlinir: ölkənin, onun keçmiş rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi Yerevanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir. Birmənalı həqiqətdir ki, ötən dövr ərzində Azərbaycan Prezidenti qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, şəxsən Serj Sarkisyanın siyasi iflasını həyata keçirdi. Xalq bu canidən yaxasını qurtardı. Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu.

Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə dediyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.

Dövlət başçısı bildirib ki, haqq-ədalət öz yerini tapıb və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovulub: "Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax budur Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil”.


"Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb”


Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, ikili standartlar sayəsində deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 15 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib.

Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb.

Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu, bir yana, "demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iyirmi il ərzində hökm sürən kriminal, qaniçən xunta rejimini bəzi beynəlxalq təşkilatlar görməzlikdən gəlirlər: "İndi sual olunur: necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.


Cəfəng bəyanatlar


Bu gün dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verir.

Əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün beynəlxalq ictimaiyyət Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmir. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır. Eyni zamanda, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də hesaba almır.

Nazirlər Kabinetinin son iclasında məsələnin bu tərəfinə toxunan dövlət başçısı vurğulayıb: "Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.

Azərbaycanın beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb kifayət qədər aydındır. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin doğma torpaq həsrətinə son qoyulmalıdır.

Lakin bütün bu yazılanlar kağız üzərində qalmaqda davam edir. Görünən budur ki, Ermənistanın siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər. Bu səbəbdən də hələlik rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilmir. Belə vəziyyət, öz növbəsində, sürətlə Ermənistanın əleyhinə işləyərək onun üzləşdiyi problemlərin miqyasını daha da dərinləşdirir. Ermənistanın yeni rəhbərliyi bundan əvvəl iqtidarda olan səhra komandirlərinin siyasətini davam etdirsə, işğalçı ölkə üçün Aprel dərslərinin təkrarlanması qaçılmaz olacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video