14 Yanvar 2019 21:41
703
İQTİSADİYYAT
A- A+

Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan struktur islahatlarını şərh edərkən bildirib.

Vüsal Qasımlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”.

Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Dövlətimizin başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir.

Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə, "Azərsilah” ASC və Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.

Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.

Prezident tərəfindən aparılan struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq. "Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir.

Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı sosial tarazlıq daim qorunub. Bu dəfə də struktur islahatlarına dair sənədlərdə iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Dövlətimizin başçısı müvafiq qurumlara və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə bununla bağlı xüsusi tapşırıqlar verib.

Struktur islahatları "yaxşı idarəetmə” və "açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.

Dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin edir. Bu struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video