Alternative content

17:10 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məqsəd aydın, nəticələr uğurludur
Məqsəd aydın, nəticələr uğurludur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 13.01.2019


Azərbaycan daha bir inkişaf və islahatlar ilinə yekun vurdu


Artıq tarixə qovuşmuş 2018-ci il Azərbaycan üçün uğurlu olmuşdur. Yaşadığımız bölgədə, eləcə də dünyada baş verən bir sıra proseslərdən - səngimək bilməyən maliyyə problemlərindən və digər xoşagəlməz hallardan asılı olmayaraq, ölkəmizdə sürətli inkişaf müşahidə edilmişdir. Ötən il Azərbaycan özünün bir daha inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunu təsdiqləmişdir. Bütün bunlar barədə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edilmişdir.

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı nüfuzlu beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Belə ki, Dünya Bankının "Doing Business” hesabatında ölkəmiz dünya miqyasında 25-ci yerdədir. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olub. Qeyri-neft sektorunun dinamik inkişafı davam edib. Ölkə üzrə sənaye istehsalı 1,5 faiz artdığı halda, qeyri-neft sektorunda sənaye istehsalının artımı 9,1 faiz təşkil edib. İl ərzində ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə yönəldilib. Bunun 11 milyard manatdan çoxu qeyri-neft sektorunun inkişafına yatırılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Əhalinin gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyib.

Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev ötən il ərzində həyata keçirilmiş genişmiqyaslı işlərdən bəhs edərkən demişdir: "Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq. Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür”.

Bu gün Azərbaycanın iqtisadi gücü bizə təkcə ölkəmiz üçün deyil, region, hətta dünya üçün mühüm əhəmiyyət daşıyan qlobal layihələri reallaşdırmaq imkanı verir. Keçən il gerçəkləşmiş belə layihələrdən bir neçəsinin adını çəkmək kifayətdir. Belə ki, 2018-ci il Azərbaycanın tarixində həm də üçüncü peykinin orbitə buraxıldığı il kimi qaldı. Bununla, Azərbaycan dünyanın kosmik dövlətlərindən biri kimi öz mövqelərini daha da möhkəmləndirdi.

May ayında Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. Bu, nəhəng layihənin iki mühüm hissəsinin - "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanmasının və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin başa çatdırılması ilə mümkün oldu. Növbəti ayda isə Azərbaycanın təşəbbüsü və liderliyi ilə çəkilən TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verildi. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının işə başlaması Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində atılan çox mühüm addım oldu. Başqa sözlə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.

Keçən il ölkədə görülən işlər, həyata keçirilən bir çox sosial və infrastruktur layihələri bir daha dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının dayandığını göstərdi. İl ərzində 2 min kilometr avtomobil yolu çəkildi. 920 kəndin yol infrastrukturu yaxşılaşdırıldı, yeni yollar salındı, burada yaşayan 2,2 milyon sakinin yol problemi həll olundu. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan 34-cü yerdədir.

Yeni yolların salınması isə adi bir məsələ deyil. Rahat və rəvan yol kənd təsərrüfatının inkişafına təkan verir, yetişdirilmiş məhsul bazara tez çatdırılır, insanların gediş-gəlişi asanlaşır, ölkəmizin dilbər guşələrinin qonaq-qarası çoxalır, yəni, turizmin inkişafına stimul yaranır. Təqdirəlayiq haldır ki, bu il də investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Ən azı, 1000 kilometr yeni yolun salınacağı gözlənilir.

Əhalinin içməli su ilə tam təminatı məsələsinin öz həllini tapması üçün mühüm işlər görülür. Nəticədə, 38 şəhərin su problemi həll olunub. Hazırda 22 şəhərdə işlər davam edir. Bu il 5 şəhərdə işlər sona çatdırılacaq. Keçən il meliorativ tədbirlər görülməklə 100 min hektar torpağa su verildi. Bu il ən azı, daha 80 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur. Bunlar öz yerində. Subartezian quyularının qazılması da problemin həlli istiqamətində kiçik məsələ deyil. Belə ki, bu il 300 subartezian quyusunun qazılması ilə həm kəndlərə içməli su veriləcək, həm də aqrar sahənin suya olan tələbatına kömək göstəriləcək.

Keçən il daha mühüm bir məqsədə də nail olunub. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Qaz xətləri ən ucqar kəndlərə, hətta sovet dönəminin ən inkişaflı illərində belə, mavi yanacaq almayan yaşayış məntəqələrinə çatıb. Bu sahədə də Azərbaycan nümunədir. Hədəf isə qazlaşdırmanın daha geniş ərazini əhatə etməsidir. Hələ qaz almayan bir çox kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir. Odur ki, proses bu il də davam etdiriləcək.

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl yerlərdən birində qərar tutur. Məsələn, yaxın keçmişdə xaricdən elektrik enerjisi idxal edən Azərbaycan artıq bu sahədə də ixracatçı ölkəyə çevrilib. Bu il işə salınacaq 400 meqavat gücündə "Şimal-2” elektrik stansiyası əhalinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Bu həm də ixrac potensialını artıracaq. Daha bir yenilik bütün strateji obyektlərdə müasir generator sistemlərinin, quraşdırılması olacaq. Bu cür generatorlar ilk növbədə, metro stansiyalarında quraşdırılacaq.

2018-ci ilin ən böyük yadigarlarından biri də yeni mənzillərdir. Keçən il tikintisi başa çatdırılmış evlər əhalinin müxtəlif təbəqələrindən olan insanların Yeni ili yeni mənzillərdə qarşılamasına imkan verdi. 5800-dən çox məcburi köçkün ailəsi yeni evlərlə və mənzillərlə təmin olundu. Bununla yanaşı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verildi. Bu il isə onlara ən azı, 800 mənzil veriləcək.

Bütün bunlar görülmüş və görüləcək işlərin yalnız bir neçəsidir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin dediyi kimi, fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Məqsəd isə hər sahədə işlərin daha yaxşı olmasıdır. Dövlət başçısı bu məqsədə çatmaq üçün imkanlardan maksimum istifadə ediləcəyinə və nəticədə maksimum səmərənin də əldə ediləcəyinə, qədəm qoyduğumuz 2019-cu ilin də uğurlu olacağına inamını bildirmişdir.

Flora SADIQLI,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM