13 Yanvar 2019 00:46
801
SİYASƏT
A- A+

Şəhid fidanlar


Azərbaycan və türk dünyasının tarixi ərazilərinə iddiasını gizlətməyən erməni daşnak ideoloqları saxta soyqırımı adı ilə yüz ildir bəşəriyyətə meydan oxuyurlar.

Təəccüb və təəssüf doğuranı odur ki, bəzi dövlətlər "erməni soyqırımı”nın saxtalığını bilə-bilə bu "oyun”dan istifadə etməklə işğalçıya deyil, təcavüzə məruz qalan tərəfə təzyiq göstərməyə çalışırlar. Təkcə onu qeyd edək ki, Ermənistanda yaşayan soydaşlarımızın sonuncu, yəni 1988-ci ilin noyabr ayındakı "deportasiya”sı (əlbəttə, bu söz beynəlxalq termin olsa da, öz dədə-baba torpaqlarından zorla çıxarılan, qovulan, öldürülən, yandırılan, amansız işgəncələrə məruz qoyulanların müsibətlərini ifadə edə bilməz) nəticəsində 250 min nəfər azərbaycanlı oradan zorla çıxarıldı. Yurd-yuvasından perik salınanlar isə yalnız Ermənistandan qovulanlar deyildi. 600 min nəfərə yaxın məcburi köçkün (50 min nəfər Ahıska türkü, 100 min nəfər isə Ermənistanla sərhəd zolağından çıxarılanlar) də öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

Erməni terrorları, qətliamlar, işğalçılıq siyasəti bundan sonra daha geniş əraziləri əhatə etməyə başladı. Kəlbəcər Ermənistanın Basarkeçər rayonu ilə həmsərhəd olduğu üçün daha tez-tez hücumlara məruz qalır, əhalisinin mal-qarası aparılır, yaylaqdakı naxırçı-çobanlar girov götürülürdü.

1989-cu ilin yayında Kəlbəcərin Ağdaban kəndinə Ağdərənin Çaparından hücum edən 6 erməni quldurunu kənd camaatı saxlayıb rayon mərkəzinə gətirmişdi. Bu, o zamanlar idi ki, Qarabağdakı erməni əsilli vətəndaşların müdafiəsi üçün Dağlıq Qarabağ Təşkilat Komitəsi yaradılmışdı. Azərbaycan xalqının qanına susayan Arkadi Volski isə həmin komitənin başçısı idi. Rayona gətirilən silahlı erməni quldurlarını Xankəndiyə aparmaq, yenidən silahlandırıb kəlbəcərlilərin üstünə göndərmək istəyən A.Volski hərbi vertolyot göndərmişdi (o vertolyotun pilotları ermənilər idi). Daha dəhşətli terror hadisəsinin baş verəcəyindən hələ kiminsə xəbəri yox idi. O qanlı hadisə, aradan illər keçsə də, kəlbəcərlilərin yaddaşına ağrı-acı ilə yazıldığına görə unudulmayıb: vertolyot şəhər stadionunda oynayan balacaları - səkkiz fidan balanı (oğlan uşaqlarını) qanına qəltan elədi. Kəlbəcər torpaq uğrunda ilk şəhidlərini o gün verdi.


"Dəmir qanadlı quş”un qanlı olayı


Bu hadisəyə qədər baş verənlər ermənilər tərəfindən cızılmış qanlı ssenarinin ayrı-ayrı pərdələri idi. 1989-cu il iyulun 11-də tütün sahəsində çalışan ağdabanlı qadınlar onları girov götürmək istəyən 6 erməni silahlı qulduru tutmuşdular. Rayon prokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin Dağlıq Qarabağ Muxtar Vilayəti hərbi komendantının sərəncamına göndərilməsinə əmr vermişdi. İyulun 14-də həmin saqqallı erməni quldurlarını Xankəndiyə guya istintaqa aparmaq üçün Kəlbəcərə 2 hərbi vertolyot gəlmişdi. Nədənsə vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna endi. Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri guya elektrik dirəyinə toxundu. Vertolyot "müvazinətini itirərək” stadionun yanındakı divarın dibinə düşdü. Bu zaman vertolyotun pərləri burada futbol oynayan, həmin vahiməli "dəmir qanadlı quş”a baxmağa toplaşmış uşaqları biçib-tökdü. O gün Kəlbəcər 8 azyaşlı məktəblinin qanında boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı?! Başqa xalqın torpağına göz dikənmi?! Bəs nə idi onların günahsız axan qanına bais?! Onlar türk çocuqları idilər...

Bundan sonra hadisələr daha da gərginləşdi. 1992-ci il aprelin 8-dən 9-na keçən gecə ermənilər hücum edərək Dədə Şəmşirin yurdunu - Ağdabanı ikinci Xocalıya çevirməyə çalışdılar. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın qarlı meşələrə, dağlara çəkildi. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən zərərsizləşdirildiyindən əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 ağdabanlı - qoca, qadın, uşaq həlak oldu, iki nəfəri evdə diri-diri yandırıldı, 7-si isə girov aparıldı. Kənd bütünlüklə odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü də pusquya düşərək həlak oldu. Kəndə köməyə gedən hərbçilər və mülki adamlar yolda gülləbarana tutuldular.

Ağdaban faciəsi ermənilərin Kəlbəcəri məhv etmək planlarının siqnalı idi. Kəndin ermənilərin əlində qalması görünməz fəlakətlərə gətirər, digər kəndlərin işğalını asanlaşdırar, Murov yolunun quldurlar tərəfindən tutulmasına və beləliklə də 52 min nəfərlik əhalinin tamamilə məhvinə gətirib çıxarardı.

Xocalı soyqırımı kimi, Ağdabanın birinci faciəsi də o zaman respublikada dərk olunmadı. Sonrakı hadisələr bir daha təsdiqlədi ki, Kəlbəcərin işğalı, əslində, hələ 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdabanın darmadağın olunmasından başlanmışdı.

Həmin günlərdən sonra Kəlbəcərin də ayrı-ayrı kəndlərinin dinc sakinləri gülləbarana tutuldu, Dikyurd yaylağından yeniyetmə yaşlarında olan Hidayət Cəfərov 500 başdan artıq mal-qara ilə birlikdə tutulub Basarkeçərə (Vardenisə) aparıldı.

Kəlbəcərin müsibətli günlərində qan çanağında boğulan kəndlərindən biri, əslində isə birincisi Ağdabanla Çayqovuşan idi.


Otaqqayadan keçən qanlı karvan və bir də…


Kəlbəcərin ilk şəhidlik tarixi yazılan 14 iyul 1989-cu ildən sonra orada erməni vandalları tərəfindən törədilən qanlı terror hadisələri sanki silsilə şəklini almışdı. Onların arasında Ağdaban faciəsi daha dəhşətliliyi ilə yadda qaldı. Ağdaban bir dəfə deyil, iki dəfə erməni quldur dəstələri tərəfindən darmadağın edildi. 8 aprel 1992-ci il və 26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazıldı. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsil davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək Dədə Şəmşirin qızı Çimnaz xanımı, milis mayoru, Zərdab rayon milis rəisinin müavini Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, ittifaq miqyaslı "İstisu” sanatoriyasında müalicəyə gedən yüzlərlə dinc sakini (əksəriyyəti isə xəstə və qocalardan ibarət) terror nəticəsində qətlə yetirmişdilər.

Bu, ermənilərin əsas və çirkin niyyətlərinin həyata keçirilməsi planının ilkin şərtlərindən biri idi. Min təəssüf ki, miqyası geniş olmayan neçə-neçə belə faciəmizin üstündən sükutla keçməyimiz nəticədə Ermənistanın torpaq iştahasını bir az da artırırdı...


Kim idi Kəlbəcərin ilk şəhidləri…


Kəlbəcər ötən əsrin səksəninci illərində özünün sanki intibah dövrünü yaşayırdı. İllər uzunu inkişafdan qalan ucqar dağ rayonuna o zaman ölkə hakimiyyətinə gələn ümummilli lider Heydər Əliyevin qayğısı daha çox hiss olunmağa başlamışdı. Kəlbəcər şəhərinin "Yuxarı düz” adlanan sahəsində yeni yaşayış massivi salınmışdı. Oradakı beşmərtəbəli yaşayış binaları, şəhər stadionu, RPK və RİK-in, eləcə də digər dövlət strukturlarının yerləşdiyi inzibati binalar, həmçinin mərkəzi kitabxana, musiqi məktəbi və s. şəhərin simasına yeniliklər gətirmişdi.

Bu həmin stadion idi ki, o qanlı hadisədən sonra yaxınlığında fidanlarımızın şərəfinə "QƏRƏNFİL - 8 ULDUZ” xatirə abidəsi ucaldılmışdı. Abidənin üzərindəki lövhədə yazılmışdı: "Diqqətlə baxın. Oxuyun və unutmayın: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (7 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında), Orucov Azər Zakir oğlu (7 yaşında).

Kəlbəcərin ilk şəhid balalarının şərəfinə ucaldılmış o abidə də bu gün yoxdur, həmin fidanlar və onların qanla dolan beşikləri olan Kəlbəcər də... Böyümədi o balalar. Şəklə baxın, bir görün heç o balalar böyüyübmü?! Görün şəhid əmiləri - Milli Qəhrəman Şahlar Şükürov onları necə yığıb başına! İstəyir ki, ovundursun onları! İstəyir ki, yeddi yaşlı Anarla Azərə milli qəhrəmanlıq dastanını danışsın - "Səkkiz körpə nağılı”nı, "Səkkiz igid nağılı”nı. Səkkiz ana fəryadını... Amma onlar bu nağılı bilirlər. Onlar bu nağılın qəhrəmanları olduqlarına görə istəyirlər ki, o nağılı mən yazım, mən danışım hələ təzə-təzə "Ana”, "Vətən” kəlmələrini öyrənən balalarımıza...

Birinci lövhədə 10 yaşlı Sahibin çəkdiyi vertolyot şəkli var. Görəsən, Sahib niyə çəkirdi o vertolyotları? Sahib vertolyotları ona görə çəkirdi ki, o zamanlar ermənilər Kəlbəcərə gələn yolları bağlayıb kəlbəcərliləri onların ümidinə qoymuşdular. Sahib 10 yaşında gələcəyə dərdimizi çatdırmaq istəyəndə biz dərk eləməmişik. Sahib ona görə o vertolyotları çəkirdi ki, bəlkə gələcəkdə pilot olmaq istəyirdi. Bəlkə də çəkirdi ki, bu vertolyotlara bel bağlamayın, ay camaat, bir gün o vertolyotlar anaları gözüyaşlı qoyacaq. Nə bilək, bəlkələr o qədər ki...…

İkinci lövhəni oxuyun: "Dağlıq Qarabağ fitnəkarlığının 1989-cu il iyulun 14-də günahsız qurbanları olan bu süd qoxulu balalarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.

Üçüncü lövhə. "Baxın! Diqqətlə baxın! Bu şəhid balalarımızı unutmayın! Əsrin əvvəlindən başlamış erməni fitnəkarlığı onların ömrünə 1989-cu ildə nöqtə qoyub. Unutmayın ki, bundan sonra 20 Yanvar 1990-cı il faciəsi baş verib. Kəlbəcərdə Otaqqayadakı qanlı hadisələr törənib: Çimnaz Şəmşir qızının, Aslan Xıdırovun, Eldar Cəbrayılovun, Şahlar Şükürovun, Sergey Medentsevin nakam ömürləri bu dağlarda sona yetib”.


İşıqlı səhərlərin birində …


Azərbaycanın 1988-1993-cü illərdəki vəziyyəti bəlkə də heç vaxt olmayıb. Doğrudur, illərdən bəri millətimiz qəlbində və ürəyində saxladığı, gerçəkləşəcəyinə əmin olduğu azadlıq və müstəqilliyini əldə etdi. İndi dünyanın ən diqqətçəkən dövlətlərindən biri olan Azərbaycan Respublikasının üçrəngli bayrağı sivil dövlətlərinki ilə bir sırada dalğalanır. Azərbaycan idmançıları beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanır, bayrağımızı bayraqlardan yüksəyə qaldırır. Artıq Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi söz sahibidir, iqtisadi inkişafına görə dünyada liderlər sırasındadır. Təcavüzkar Ermənistan isə hərtərəfli tənəzzül dövrünü yaşamaqdadır, dünyada ianə və yardımlara ehtiyacı olan, böyük dövlətlərin dəstavuzu kimi tanınmaqdadır, regional və beynəlxalq layihələrdən təcrid şəraitindədir.

Hər gecənin bir işıqlı səhəri açılır. Azərbaycanın işıqlı səhərlərinin birində işğal altında inləyən yurdlarımızın, eləcə də Kəlbəcərin üstünə gün doğacaq. Səmamız da məqsədimiz, məramımız və amalımız kimi aydındır, nurludur, 14 iyul 1989-cu il tarixində erməni vertolyotunun biçib-tökdüyü fidanların əməlləri, yarımçıq qalan ömürləri, gözlərində donan arzuları kimi...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video