Alternative content

17:03 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 yaşın hünəri
20 yaşın hünəri
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:45 13.01.2019


Seymur ara-sıra şeirlər yazırdı. Amma heç vaxt çapa tələsmirdi. Deyirdi ki, vaxt-vədə gələr, bu da mümkün olar. Seymur Qəhrəman oğlu Məmmədov vaxtı-vədəni müharibənin bitməsi ilə ölçürdü. Sən demə, bu illər hələ çox çəkəcəkmiş... O qədər ki, Seymur buna tab gətirmədi. Sovet ordusu sıralarında Almaniyanı, Ukraynanı dolaşandan sonra vətənə döndü, doğma Füzuliyə, böyüyüb boya-başa çatdığı yurda. Onda vəziyyət xeyli gərgin idi. Ermənilər kəndlərimizi ələ keçirməyə cəhd edir, talançılıqla məşğul olurdular. Vəziyyətlə barışmayan Seymur könüllü özünümüdafiə batalyonuna yazılır. Özü də dönə-dönə xahiş edir ki, onu cəbhənin ən qaynar nöqtələrindən birinə göndərsinlər. Hələ 20 yaşı tamam olmamışdı. Amma cəsur döyüşçü kimi yaxşı tanınırdı. Səsi-sorağı, qətiyyətli, hünərli hücumları erməniləri də lərzəyə salmışdı.

Seymur xatirələrində yazır ki, biz bu yerlərə yaxşı bələdik, qarış-qarış dolaşmışıq. Ona görə də hədəf seçəndə çətinlik çəkmirik. Bizim nəzərdə tutduğumuz gizli mövqelər bir qayda olaraq düşməni vahiməyə salır. Çalışırıq ki, seçdiyimiz mövqe ilə düşməni vahimədə saxlaya bilək. Bunu qarşı tərəf özü də etiraf edir. Deyərdim ki, döyüşdə elə əsas şərtlərdən biri düzgün mövqe seçməkdir. Elə ki düşmənin yerini dəqiq təyin edirsən, onda döyüşün sonu uğurla başa çatır. İstənilən nöqtələrə kəsərli zərbələr endirə bilirsən. Bunu hücumlar zamanı dəfələrlə müşahidə etmişəm. Nəticə də uğurlu olub.

Seymur Məmmədovun sonuncu döyüşü 1992-ci ildə olub. Xocavəndin kəndləri uğrunda gərgin döyüşlər davam edirdi. Tərəflər arasında təchizat sarıdan ciddi fərq vardı. Ermənilər öz havadarları tərəfindən güclü silahlandırılmışdı. Belə döyüşlərdə qalib gəlmək asan deyildi. Amma Seymur özündə daxili güc tapıb inamla hücumları davam etdirirdi. Sonuncu hücumda hər birində on erməni qulduru olan 15 dayaq nöqtəsini ələ keçirdi. O, 20 yaşın çərçivəsinə sığmayan igidliklər göstərirdi. Ermənilər hücuma keçsələr də, Seymurun dəstəsinin çoxsaylı zərbələri qarşısında dözüm göstərə bilmirdilər. Düşmən cəsur döyüşçünün seçdiyi mövqeləri məhv etmək üçün snayperdən istifadə etməli oldu. Və beləliklə, erməni quldurları Seymurun sonuncu hücumunun qarşısını çətinliklə ala bildilər. Deyirlər ki, həmin günü ermənilər bayram kimi qeyd ediblər. Çünki Seymurun yaratdığı vahimələrdən, təhlükələrdən canlarını qurtarırdılar. O vaxtlar bu barədə erməni mətbuatında da xeyli yazı dərc olunmuşdu.

Onu tanıyanlar, yaxınları, doğmaları hər dəfə Şəhidlər xiyabanına gəlib Seymuru ziyarət edəndə o qədər tanımadıqları adamları görürdülər ki... Bu, Milli Qəhrəmana olan böyük hörmət və ehtiram idi. Deyirlər ki, Seymurun müdafiə etdiyi kəndlərin sakinləri, Xocavənd camaatı onu unutmurlar. Onlar səmimiyyətlə etiraf edirlər ki, bu gün bizim yaşamağımızda Seymurun haqqı çoxdur. O, adamları daha təhlükəsiz yerlərə çatdırmaq üçün cidd-cəhd edir, onlara dayaq olurdu.

Xocavəndin Məlikcanlı kəndində bir uşaq böyüyür. Adını da Seymur qoyublar. Onu hələ körpə vaxtında erməni quldurlarının gülləsindən xilas edən qəhrəmanın adını... O illərdə Seymurun üzünü görməyənlər bu gün də əməllərini xatırlayır, qəhrəmanlığını dilə gətirirlər. Bu gün onun qısa ömrünü uzadan ölçü-biçiyə sığmayan qəhrəmanlığıdır. 20 yaş nədir ki... Amma bu illərə dəyər verən, onu ucaldan, unudulmaz edən Seymurun öz cəsarəti, qəhrəmanlığıdır...

Hələ illər ötəcək, Seymur haqqında o qədər xoş sözlər eşidəcəyik ki... Özü də təkcə öz qohumları, doğmaları yox, onun xilas etdiyi, müdafiəsində dayandığı adamlar bu igidlikdən doyumsuz xatirələr danışır, onun adını əbədi yaşadırlar.

Füzulidə bir məktəb var: 2 saylı orta məktəb. Bu gün həmin təhsil ocağı Seymur Məmmədovun adını daşıyır. Ən maraqlı xatirələr, yaddaqalan günlər məktəbdə ucaldılan həmin büstün önündə xatırlanır. Bu yerdə Seymur Məmmədov hamıdan uca görünür. Ona görə ki, cəmi 20 yaşda bu mənəvi haqqı, ucalığı qazanmışdı. Bu məktəbdə Seymurun adı ilə bağlı tədbirlərin sayı çox olur, uşaqlı-böyüklü onu yad edirlər, arzularından, istəklərindən danışırlar. Dönə-dönə xatırlayırlar ki, onun çox arzuları yarımçıq qaldı. Ən böyük arzusu isə düşməni axıra qədər məhv etmək idi... Amma bacardığını etdi. İmkanlarını cəmləşdirib doğma yurdunu, elini, obasını qorumağa çalışdı. Atasının, anasının, doğmalarının etimadını doğrultmaq üçün gücünü əsirgəmədi. Bu gün fəxrlə deyirlər ki, Seymur Azərbaycanın ən cavan Milli qəhrəmanlarından biridir. Bu yaşda belə tanınmaq, vətən qarşısında bu qədər xidmətlər göstərmək hər adamın işi deyil. Özü yazırdı ki: "Dolanıb, dolanıb axırda, vətən, mən sənin qoynuna sığındım həmən...”

Vətən sənə müqəddəs Şəhidlər xiyabanında yer ayırdı, özü də ehtiramla! Bu gün o zirvədən əzəmətli görkəminlə, sərrast baxışınla dünyaya boylanırsan. Bu ucalıq, bu hünər sənə çox yaraşır.

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM