12 Yanvar 2019 02:19
332
İQTİSADİYYAT
A- A+

Göydən üç alma düşdü


Qubadan danışanda almadan söz açmamaq mümkün deyil. Qubanın iqtisadiyyatında, qubalıların güzəranının təminatında almanın xüsusi payı var. Təxmini hesablamalara görə, Qubada alma becərilməsinin tarixi yüz illəri üstələyir. Əvvəllər alma burada əhalinin şəxsi təsərrüfatlarında becərilmiş, elə həmin dövrlərdə də müxtəlif yerlərə daşınaraq satılmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə isə respublikamızda, xüsusən Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1974-cü ildə "Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ayrıca hökumət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı olmuşdur. Həmin qərara əsasən, cəmisi bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salınmışdır. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bir hektar belə, intensiv tipli bağ sahəsi olmamışdır.

Alimlərin apardıqları araşdırmalardan sonra əsasən Macarıstan və Moldovadan respublikamıza 20-yə qədər məhsuldar alma sortu gətirilmişdir. 1983-1984-cü illərdə həmin bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul götürülmüşdür. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamışlar.

Bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərir. 1926-cı ildə yaranan, 60-cı illərin əvvəllərinədək Mərdəkanda fəaliyyət göstərmiş bu institut Qubaya 1964-cü ildə köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan elm ocağında 194 nəfər işçi çalışır. İnstitutun Lənkəranda sitrus bitkiləri üzrə filialı, Abşeronda Təcrübə stansiyası, Qəbələdə və Zaqatalada dayaq məntəqələri var. İnstitutun əməkdaşları təkcə Quba rayonunda 350 hektardan çox meyvə bağında təcrübə aparırlar.

İndinin özündə hər il Quba bağlarında orta hesabla 100 min tondan artıq meyvə toplanır. Həmin məhsulun bir hissəsi birbaşa emal müəssisələrinə, bir hissəsi isə bazarlara göndərilir. Bazarlara gedən məhsulun çox hissəsi ənənəvi meyvə növləridir. Çünki alıcılar get-gedə daha çox geni dəyişdirilməyən meyvə sortlarına üstünlük verir. Bu baxımdan ildən-ilə bu növ sortların əkilməsi artır.

Qubada ayrı-ayrı sahibkarlar tərəfindən ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera tikilib. O da bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini saxlayaraq onu daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər. Bu həm də alıcıların ilin bütün fəsillərində təbii alma ilə təminatı deməkdir.

Ötən il rayon üzrə 101,8 min ton alma tədarük edilib. Məhsulun çox hissəsi Azərbaycan brendi kimi Belarusa, Qazaxıstana, Ukraynaya ixrac olunub. Rayonun Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Gültəpə, Zərqova və digər kəndlərində yetişdirilən almanın xarici ölkələrdə alıcıları çoxdur. Onu da bildirək ki, həmin ölkələrdən Qubaya gələn nümayəndələr almanın becərilməsini yerində müşahidə etmişlər.

Qubada yeni alma bağları da salınır. Sadə bir fakt: rayon mərkəzində yerləşən məktəblərin çoxunun alma bağları var. Bu yaxınlarda Qubada aztəminatlı ailələrə yardım etmək üçün də yeni bağlar salınıb.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video