Alternative content

22:12 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin silahdaşı, dövlətin güvənci
Prezidentin silahdaşı, dövlətin güvənci
ANA SƏHİFƏ / SİYASƏT
00:36 11.01.2019


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycana fədakar xidmət nümunəsi yaradır


Mehriban Əliyevanın Birinci vitse-prezident, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən yenə də sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı fəaliyyətə başladığı ilk günlərdən aydın idi.

Təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk diqqət yetirdiyi məsələlər Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiya məsələləri olmuşdu.


Sosial məsələlər prioritetdir


Birinci vitse-prezident Mehriban Əliyevanın 2018-ci ildəki fəaliyyəti də göstərir ki, sosial məsələlər prioritet olaraq qalır. Mehriban Əliyeva ilk olaraq martın 5-də Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən "İnci” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Xatırladaq ki, hələ 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanmışdı və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib.

"İnci” körpələr evi-uşaq bağçasının əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılmışdı. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olur. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.

Martın 6-da isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. Bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanılıb. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Həmin gün Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının da açılışı oldu. Tədbirdə iştirak edən Mehriban Əliyevaya məlumat verildi ki, 1963-cü ildə tikilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb.

Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan növbəti məktəbəqədər müəssisə Bakının Səbail rayonundakı 157 nömrəli uşaq bağçasıdır. Martın 6-da açılış mərasimində iştirak edən Birinci vitse-prezident Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olub. Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunub. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib.

Martın 9-da Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar. Mehriban Əliyevaya Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.

Nərimanov rayonundakı 11 saylı xüsusi təhsil məktəbinin yeni binası da Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Oktyabrın 23-də Mehriban Əliyeva binanın açılışı mərasimində iştirak edib. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdir. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi. Məktəbin yeni üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər.

Noyabrın 7-də Şüvəlan qəsəbəsində yerləşən "Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Xatırladaq ki, mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Artıq bu məkan "Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərir.


Milli-mədəni və mənəvi dəyərlərə ehtiram


Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən qurulmasında, həmçinin yeni müasir mədəniyyət ocaqlarının yaradılmasında özünü aydın göstərir.

Xəzər rayonunun Şağan qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə görülən işlərdən biridir. Martın 5-də Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir.

Martın 30-da İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir.

Mehriban Əliyevanın gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşü də Birinci vitse-prezidentin milli dəyərlərimizə diqqətinin bariz nümunəsidir. Aprelin 13-də Mehriban Əliyeva ilə görüşən 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər. Xatırladaq ki, "İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu "Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib.

Cəmiyyətin, ölkənin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin, eyni zamanda, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikilməsi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir. Bu sahədə Heydər Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir. Bakının Yasamal rayonundakı İmam Hüseyn məscidi fondun dəstəyi ilə bərpa olunub. Oktyabrın 23-də Birinci vitse-prezident Mehriban Əliyeva məscidin açılışında iştirak edib.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.


Azərbaycan naminə


Ötən il ərzində bir sıra ölkələrdən Azərbaycana yüksəksəviyyəli nümayəndə heyətləri gəlib ki, onların bir qismini Birinci vitse-prezident Mehriban Əliyeva qəbul edib.

Fevralın 12-də Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Arxiyepiskopu Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirərək qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb.

Fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson Mehriban Əliyevanın qəbulunda olub. "Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir” deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib. Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq, enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 23-də İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib. Mehriban Əliyeva Azərbaycanla İranın mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd edib. "Biz bu tarixə və mədəni irsə çox diqqətlə yanaşırıq” deyən Birinci vitse-prezident dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu bildirib.

Martın 9-da Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb. 2017-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən Birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu deyib.

Mehriban Əliyeva martın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb. Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğulayıb. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırıb.

Həmin gün Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə də görüşüb. Görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, bu forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirilib.

Martın 15-də Mehriban Əliyeva ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə də görüşüb. Görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırılıb və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirilib.

Martın 20-də Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Martın 28-də Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb. İran nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını bildirib, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb.

Aprelin 27-də Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb. Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxunub, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyini məmnunluqla bildirib.

Mehriban Əliyeva avqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Birinci vitse-prezident Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

Sentyabrın 20-də Birinci vitse-prezident Mehriban Əliyeva NATO Baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. NATO ilə Azərbaycan arasında yüksəksəviyyəli dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin iyulunda Brüsseldə NATO Zirvə toplantısında iştirakının və Alyansın Baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün ölkəmizlə təşkilat arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Oktyabr ayında İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfər edib. Görüş zamanı onu Bakıda görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İl ərzində Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tədbirlərdə iştirak edib. Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Mehriban Əliyeva çıxışında qeyd edib ki, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusuna həsr olunması çox rəmzi məna kəsb edir.

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib. Çıxışında Koişiro Matsuuranı təbrik edən Mehriban Əliyeva ona möhkəm cansağlığı və uğurlar arzu edib.

Parisə səfəri zamanı Mehriban Əliyeva UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə də görüşüb.

İyulun 20-də Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib. MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd edib. Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb.


İtaliyada Azərbaycana böyük ehtiram var


Sentyabr ayında vitse-prezident xanım Mehriban Əliyeva İtaliyaya rəsmi səfər edib. Səfər zamanı Mehriban Əliyeva ilk olaraq İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. Söhbət zamanı İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Sentyabrın 26-da Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşüb. Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edilib.

Birinci vitse-prezidentin İtaliyaya səfəri zamanı Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib. Tədbirdə çıxış edən Mehriban Əliyeva Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. Diqqətə çatdırıb ki, həmin dövrdə Azərbaycanda demokratiya institutları formalaşıb, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradılıb, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edilib, milli ordumuz yaranıb. Birinci vitse-prezident belə bir tədbirin İtaliyada keçirilməsindən məmnunluğunu ifadə edib.

Mehriban Əliyeva həmçinin Romadakı Custiniani sarayında "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışında da iştirak edib. Burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-cı ildə başlanılıb. Mərasimdə görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olunub.


Uşaqların hamisi, əsgər anası


Mehriban Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün bayram şənliklərinin keçirilməsi artıq ənənə halını alıb. Dekabrın 28-də Bakıdakı uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar üçün keçirilən növbəti şənlikdə Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

Dekabrın 31-də isə Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin "N” saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib. Tədbirin sonunda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırılıb. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olunub.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM