11 Yanvar 2019 00:22
1447
İQTİSADİYYAT
A- A+

Qalaaltı kurortu: dünəni, bugünü və gələcəyi


Son illər Azərbaycanda turizm təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Vaxtilə Azərbaycana ildə 300-500 min turist gəlirdisə, görülən işlər nəticəsində təkcə 2017-ci ildə ölkəmizdə olan turistlərin sayı 2 691 998 nəfər təşkil etmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə artıq Azərbaycanda turizm sahəsində dövlət proqramı qəbul olunmuşdur. Prezident ölkədə mühüm turizm məkanlarının açılışında bilavasitə iştirak edir, müəyyən tapşırıqlar verir, vəzifələr irəli sürür.

2015-ci il avqustun 8-də Qalaaltı Hotel-Spa Mərkəzinin açılışında ölkə rəhbərinin dediyi fikirlərin xüsusi əhəmiyyəti var: "Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait... ən yüksək standartlara uyğundur”.

Azərbaycan dünyanın ən zəngin turizm-rekreasiya ehtiyatlarına malik ölkələrindən biridir. Burada mindən çox bulaq, mineral sular mövcuddur ki, onların əksəriyyəti Azərbaycanın dağlıq və dağətəyi bölgələrində yerləşir. Göstərilən mineral suların böyük əksəriyyətinin təbii çıxarları olsa da, onlardan cəmi 30 mineral bulaqla bağlı tam geoloji araşdırmalar aparılmış və həmin yerlərin istismar ehtiyatları müəyyənləşdirilmişdir. Belə müalicəvi əhəmiyyəti olan mineral sulardan biri də Bakı şəhərindən 120 kilometr şimalda, Şabran rayonunun 16 kilometrliyində Qalaaltı kəndinin şimal hissəsində üç tərəfdən meşə ilə əhatə olunmuş səfalı bir ərazidə yerləşən Qalaaltı müalicə-istirahət kompleksidir.

Göstərilən ərazidə 1969-cu ildə müalicəvi su kəşf edilmişdir. Buranın xüsusi təbii şəraiti ilə seçilən çox quru, təmiz havası var. Ərazi Xəzər dənizi sahilindən 10-15 kilometrlik məsafədə, çox füsunkar məkanda yerləşir və burada dağ havası dəniz havası ilə birləşərək insanların özlərini rahat hiss etməsinə səbəb olur. Buranın xüsusi olaraq iqlimi və onların insan sağlamlığına təsiri məsələləri respublika coğrafiyaçıları tərəfindən ətraflı tədqiq edilmişdir. Bu məsələdə tədqiqatçı Əsgər Əyyubovun xidmətləri xüsusi qeyd edilməlidir. Əsgər Əyyubov "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi” əsərində bu ərazilər haqqında ətraflı məlumat vermişdir. Qalaaltıda ən isti ayın orta temperaturu 220C, ən soyuq ayın temperaturu isə -10C olur. Qalaaltı istirahət kompleksində ayrı-ayrı illərdə mütləq maksimum temperatur 390C, mütləq minimum temperatur isə -240C olmuşdur. Yay ayları nisbətən sərin keçir. İl ərzində günəşli günlərin sayı 130 günə, tutqun günlərin sayı 74 günə bərabərdir. Yanvar ayında havanın nisbi rütubəti 80, iyul ayında isə 65 faiz təşkil edir. Yağıntının illik miqdarı 430 mm-dir.

Qalaaltı müalicə-istirahət kompleksi Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 700 metrlik yüksəkliklərində yerləşən Qalaaltı mineral suyu əsasında 1976-cı ildə fəaliyyətə başlamışdır. Yerli əhali bu suya "neftli su”, başqa sözlə, "naftusiya” deyir. Çox kəskin qoxusu və dadı ilə seçilir. Uzun illər Azərbaycan alimlərinin apardığı çoxsahəli işlər sayəsində müəyyən olunmuşdur ki, buranın suyu Ukraynanın Truskavets şəhərində çıxarılan naftusiya ilə eynidir. Müalicəvi Qalaaltı suyu tapılana qədər Truskavetsin suyu SSRİ-də bu sahədə yeganə su idi. Qalaaltı suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir. Naftusiya suyunda isə bu göstərici 5-10 mq/litr arasındadır. Uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Mineral suyun müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvi maddələrin zənginliyindən asılıdır. Bu baxımdan yerli və xarici alimlərin keçmiş sovetlər dövründə Qalaaltı mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.

1969-cu ilədək Qalaaltı suyunun aşkar edilməsi və burada kurortun yaradılması keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) Geologiya və hidrokimya şöbəsinin əməkdaşlarının 1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallar və üzvi maddələr olan bu müalicə əhəmiyyətli bulağı müəyyən etməsilə başlamışdır. Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərmişdir ki, suyun tərkibi naftusiya suyuna oxşardır. Azərbaycanın tibb sahəsi Qalaaltı suyundan əsasən sidik kisəsi xəstəliklərinin müalicəsində istifadə edir. O, insan orqanizmindən kiçik daşların və qumun böyrəklərdən, öd kisəsindən, sidik və öd yollarından çıxmasını asanlaşdırır. Böyrəklərdə daşların yenidən yaranma meyilliyini aradan qaldırır. Orqanizmdə maddələr mübadiləsini normallaşdırır, o cümlədən orqanizmin müdafiə gücünü bərpa edir.

Qalaaltı suyunu istifadə üçün uzun müddət saxlamaq olmaz. Bu sudan yalnız yerində istifadə olunmalıdır.

Qalaaltı suyunun perspektivli olduğu müəyyən edilmişdir. 1969-cu ildə Qalaaltı suyunun müalicəvi xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan SSR Səhiyyə Nazirliyinə verilən təklif qəbul edilmiş və bundan sonra suyun klinik tədqiqatlarına başlanılmışdı. Bunun üçün Azərbaycan SSR Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə "Siyəzənneft”in nəzdində 50 çarpayılıq sanatoriya, eyni zamanda, suyun fizioloji və müalicəvi xüsusiyyətlərinin daha dəqiq öyrənilməsi üçün institutun alimlərindən ibarət ekspedisiya yaradılmışdır. Sanatoriyada ilk dəfə Qalaaltı suyu ilə 100 xəstənin müalicəsi aparılmış və uğurlu nəticələr alınmışdır. Sonrakı illərdə də, yəni 1974-cü ilədək institutun əməkdaşları tərəfindən aparılmış kliniki tədqiqatlar bu suyun bir çox xəstəliklərin müalicəsində əvəzsiz şəfa mənbəyi olduğunu təsdiq etmişdir. Azərbaycan alimləri 400 nəfər üzərində apardıqları müalicədən sonra belə qənaətə gəlmişlər ki, Qalaaltı mineral suyu həm də soyuqdəymə ilə bağlı qarşıya çıxan bir çox xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir.

1969-cu ildə Qalaaltı mineral suyu yerləşən ərazidə aparılan tədqiqatlar bununla məhdudlaşmamışdır. Belə ki, Qalaaltı mineral suyunun tədqiqi akademik M.A.Qaşqay, S.M.Hacıyev, Ə.M.Babayev, rusiyalı alim Y.Lavruvin, Ə.T.Ələsgərov və digərləri tərəfindən davam etdirilmişdir. Bundan əlavə, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qalaaltı suyunun bioloji-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bütün tədqiqatların nəticələri əvvəlki illərdə aparılmış nəticələrlə üst-üstə düşmüşdür.

Qalaaltı suyunun ən böyük təbliğatçısı Azərbaycanda təbiət elminin bilicisi akademik Həsən Əliyev olmuşdur. Məhz bu alimin müstəsna xidmətləri sayəsində təbiətin bizə bəxş etdiyi Qalaaltı suyu bu gün çoxminli azərbaycanlıya və xarici ölkələrdən bura gələn xəstələrə şəfa verir. Akademik Həsən Əliyevin böyük xidmətlərindən biri də ondan ibarət olmuşdur ki, o özü bilavasitə Qalaaltı müalicə-istirahət mərkəzinə hər il getməklə insanlara "niyə siz Azərbaycanda olan belə şəfa mərkəzlərinə müraciət etmirsiniz? Amma xarici ölkələrdə çox baha qiymətə olan müalicə mərkəzlərinə gedərək istədiyiniz müalicəni də ala bilmirsiniz...” fikrini aşılayırdı. Bununla o, xaricə gedən azərbaycanlıların müalicə üçün öz doğma vətənində olan şəfa mərkəzlərinə müraciət etməsi işini müəyyən mənada həyata keçirmişdir. Qalaaltı kurortu akademik Həsən Əliyevin töhfəsidir. Qalaaltı suyunun istifadəyə verilməsində əvəzsiz xidmətləri nəzərə alınaraq Qalaaltı turizm-istirahət və müalicə mərkəzinin ən əzəmətli yerində akademik Həsən Əliyevin barelyefinin qoyulması, həm də göstərilən kompleksin akademik Həsən Əliyevin adına olması məqsədyönlü olardı.

Qalaaltı müalicə-istirahət kompleksində mövsüm ərzində 300 nəfərə yaxın insan daimi işlə təmin olunmuşdur. Son illərdə Qalaaltı müalicə-istirahət kompleksi yenidən qurulmuş, onun ərazisi genişləndirilmiş, müasir standartlara cavab verən Qalaaltı Hotel-Spa Mərkəzinin tikintisi başa çatdırlımışdır. Göstərilən müalicə-istirahət kompleksinin yeni tikintisi üçün 7,1 ha sahə ayrılmışdır. Qalaaltı Hotel-Spa kompleksinin tam gücü ilə fəaliyyət göstərməsi bu hoteldən istifadə edənlərin sayının artmasına, həmçinin xarici turist axınının çoxalmasına təkan verəcəkdir.

Hazırda ölkəmizə müalicə məqsədilə və gəzməyə gələn turistlərin sayı ildən-ilə artır. Onu da qeyd edək ki, 2018-ci ildə ölkəyə təşrif gətirən turistlərin sayı 3 milyon nəfərdən çox olmuşdur ki, bunun da 50 faizi istirahət və müalicə-sağlamlıq məqsədilə gələnlərdən ibarətdir.

Qalaaltı müalicə-istirahət kompleksində ətraf sahələrə nəzər yetirdikdə çox gözəl arxitekturaya malik əyləncə mərkəzləri, çoxsahəli tikililər diqqəti cəlb edir. Burada turistlər və istirahət edənlər özlərinin istirahətlərini necə keçirirlər? Kompleksə təşrif buyuran hər bir turistə çap olunmuş şəkildə günün proqramı verilir. Bu proqrama 10:00-dan başlayaraq gecə saat 23:00-dək müxtəlif əyləncələr, o cümlədən su gimnastikası, dartış oyunu, voleybol, basketbol, futbol oyunları, uşaqlar üçün minidisko daxildir. Burada cümə və şənbə günləri canlı şou proqramları təşkil olunur. Bəzən də bu proqramlar çərçivəsində Bakı şəhərindən dəvət olunmuş müğənni və musiqiçilərin pulsuz konsertləri təşkil olunur. Qalaaltı müalicə-istirahət kompleksində yaşı 6-ya qədər olan uşaqlar burada pulsuz istirahət edirlər.

Qalaaltı müalicə-istirahət kompleksində müxtəlif dizayn üslublarında tərtib edilmiş 171 otaqdan ibarət hotel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u birnəfərlikdir. Bundan başqa, burada 11 suit otaq və 1 lüks otaq da var. Kompleksdə təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini əks etdirən 4 kiçik hotel binası da inşa edilib. "Lalə”, "Zanbaq”, "Bənövşə” və "Mimoza” adlanan həmin binaların hər birində 10-u superior və 1-i suit olmaqla ümumilikdə 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə xüsusi villalar təklif edilir. "Şahdağ” villası 5, "Kəpəz” və "Murov” villalarının hər biri isə 4 otaqdan ibarətdir. Otel ümumilikdə birdəfəlik 354 nəfərə xidmət etmək imkanına malikdir.

Qalaaltı kompleksində iaşə müəssisələrinə gələn turistlər və qonaqlara 45 nəfər gənc hər gün yüksək səviyyədə xidmət göstərir. Orta hesabla bura gələn turistlərə və qonaqlara hər gün gündə üç dəfə olmaqla (1200-1300 adama) yüksək səviyyədə xidmət göstərilir. Kompleksin tərkibində "Mənzərə” restoranı, "Lavanda”, "Qala” və "Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə istirahət kompleksində aptek, market, suvenir mağazası, kişi və qadın salonları var, qonaqlara lazımi bank xidmətləri təklif olunur.

Kompleksdə müştərilərə geniş əyləncə xidmətləri təklif edilir. Kompleksdə idmanın müxtəlif növləri üçün nəzərdə tutulmuş meydançalar, o cümlədən fitnes, aerobika zalı, örtülü hovuz, tennis kortları, çöl idman meydançası, geniş park sahəsi, əyləncə mərkəzləri, uşaqlar üçün oyun meydançaları, uşaq mərkəzləri və hovuzu, duz otağı, elektron oyunlar məkanı var. Burada 148 yerlik avtomobil dayanacağı da yaradılıb.

Qalaaltı Hotel-Spanın ən böyük struktur bölmələrindən birində tibb müəssisəsi fəaliyyət göstərir. Qalaaltı müalicə-istirahət kompleksinə sağlamlıq və turizm məqsədilə gələnlərin sayı son illər sürətlə artır. Hazırda Qalaaltı hoteli və sanatoriyanın "Çıraq” Tibb Mərkəzində uroloq, ginekoloq, qastroenteroloq, kardioloq, nevroloq, terapevt, fizioterapiya ixtisasları üzrə həkimlər, eyni zamanda həkim-laborant, ultrasəs müayinəsi həkimi, həkim rentgenoloq çalışır. 12 nəfər orta tibb təhsilli tibb bacısı, 3 nəfər isə orta tibb təhsilli masajçı da fəaliyyət göstərir. Tibb Mərkəzində həkim-endokrinoloq, həkim-stomatoloq və həkim-kosmetoloq vakant yerləri var. Sadalanan həkimlərin fəaliyyəti üçün bütün spesifik cihaz və avadanlıqlar Avropa ölkələrindən alınmışdır və hazırda burada istifadə olunur. Təəssüfləndirici hallardan biri isə odur ki, buraya gələnlərin bir qisminin həm də diabet xəstələri olmasına baxmayaraq, nədənsə diabetdən müalicə almaq istəyənlər üçün ixtisaslı həkimlər yoxdur və onlar üçün xüsusi yeməklər hazırlanmır. Gələnlərin təxminən 15-20 faizinin uşaqlar olduğunu nəzərə alaraq həkim-pediatrın da olması vacibdir.

Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş bəzi məsələlərin Qalaaltı Hotel Spa kompleksində öz müsbət həllini tapması daha yaxşı olardı. Burada turistlərin ətraf ərazilərdə (rayonlarda) yerləşən çox fərqli təsərrüfat sahələrinə, tarixi yerlərə, təbiət abidələrinə ekskursiyaları təşkil edilməlidir. Halbuki xarici ölkələrdə süd məhsulları, hətta pendir istehsalı müəssisələrinə, şərab zavodlarına, broyler fabriklərinə və s. yerlərə ekskursiya üçün hər bir turist 100-150 dollar sərf etməli olur. Əgər xarici ölkələrdə ekskursiyalar belə yüksək gəlir verirsə, bəs niyə Qalaaltı müalicə-istirahət kompleksinin yerləşdiyi ərazinin yaxınlığındakı Siyəzən Broyler Fabrikinə, heyvandarlıq kompleksinə, neftçıxarma müəssisələrinə, qalalara, təbiət abidələrinə və s. görməli və tarixi yerlərə ekskursiyalar təşkil olunmur? Turistlərin ekskursiyasını yaxın bölgələrdə yerləşən Şabran Çıraqqala məscidinə, Taxtakörpü su anbarına, Xıdırzində Baba pirinə (Beşbarmaq dağı), Şabran, Gilgilçay mühafizə kompleksinə, Quba Cümə məscidinə, Təngialtı dərəsinə, Africa şəlaləsinə, Quba, "Balbulaq” istirahət mərkəzlərinə, Böyük Qafqazda Bazardüzünə, Tufandağa, Şahdağ parkına, Şahdağ qış-yay turizm kompleksinə, Siyəzənin, Şabranın, Nabran-Yalamanın narın qumlu dəniz çimərliklərinə, hətta Qalaaltıya yaxın olan Rusiya Federasiyasının Dərbənd qalasına

və s. yerlərə dincəlmək, əylənmək, ətraf mühitlə tanış olmaq üçün səyahət təşkil etmək olar. Taxtakörpü su anbarının ətrafında meşə örtüyünün salınması ilə yay aylarında buraya gələn əhalinin səmərəli istirahəti üçün şərait yaratmaq olar.

Qalaaltı Hotel-Spadan 500-600 metr qərbdə, Gülən kəndinin ərazisində yerləşən Qoturbulaq adlanan müalicəvi sudan yerli əhali qoturluq xəstəliyinin müalicəsində istifadə edir. Gələcəkdə mütəxəssislər və məsul şəxslər bu bulaqdan sanatoriyaya gələnlərin də müalicəsi üçün istifadə etsələr, daha yaxşı olar.

Qalaaltı müalicə-istirahət kompleksinə gedərkən Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində bilavasitə Qalaaltı müalicə-istirahət kompleksinə aparan 20 kilometrlik yolun 2-3 yerində qarşılaşdığımız çox primitiv yol nişanları belə nəhəng bir mərkəzin adına layiq deyil. Qoyulmuş yol nişanları bura ilk dəfə öz avtomobilləri ilə gələn yerli və xarici turistlərin işini çətinləşdirir.

Azərbaycanda kurort və turizm xidmətlərinin yüksəldilməsi məqsədilə qonşu Türkiyə və Rusiya təcrübəsindən istifadə edilməsi və yeni xidmət sahələrinin yaradılması məqsədəuyğun olardı. Qalaaltı Hotel-Spa kompleksinin sosial turizm layihələrində iştirak etməsi, burada aparılan düzgün qiymət siyasəti və s. daha çox turist cəlb etməyə imkan verərdi.

Neron BABAXANOV,

İsmayıl ƏLİYEV,

BDU-nun professorları

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video