Alternative content

11:47 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqlim dəyişikliyi - bəşəriyyət üçün böyük təhlükə
İqlim dəyişikliyi - bəşəriyyət üçün böyük təhlükə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:21 11.01.2019


Fəlakətdən qurtulmaq üçün vaxt daralır


Qlobal iqlim dəyişikliyi müasir dövrün əsas təhdidlərindən biridir. İqlimin dəyişməsi nəticəsində hava şəraitinin proqnozlaşdırılmasının çətinləşməsi ərzaq istehsalını təhlükə altına qoyur, dəniz səviyyəsinin yüksəlməsi təbii fəlakətlər riskini artırır. Bu gün qəti addımlar atılmasa, bəşərin iqlim dəyişikliyinə uyğunlaşması üçün daha çox səy və xərc tələb olunacaq.

İqlim dəyişikliyinin əsas səbəbi insanın karbohidrogenlərdən enerji mənbəyi kimi geniş miqyasda istifadə etməsidir. Yer atmosferində istixana qazlarının əsas komponenti olan karbon dioksid (CO2) emissiyasının artması Avropada daş kömürdən geniş istifadəyə keçidlə müşayiət olunmuş sənaye inqilabının başlaması, XIX əsrin axırları - XX əsrin əvvəllərində neft və təbii qazın dünya iqtisadiyyatının energetika balansına daha çox cəlb olunması ilə nəzərə çarpmışdır.

İstixana qazları Günəş istisinin bir hissəsini özündə saxlayaraq və planeti həyat üçün yararlı edərək təbii yolla əmələ gəlir və insanların, eləcə də digər canlı varlıqların yaşamasında mühüm rol oynayır. 150 illik sənayeləşmə, həmçinin meşələrin kütləvi şəkildə kəsilməsi və kənd təsərrüfatı istehsalının intensivləşməsi atmosferə istixana qazı tullantılarının artmasına gətirib çıxarmışdır. Əhalinin artması və ölkələrin iqtisadiyyatının inkişafı ilə istixana qazı tullantılarının həcmi artır.

Hökumətlərarası ekspert qrupunun apardığı tədqiqatlardan aydın olur ki, 1880-2012-ci illərdə orta qlobal temperatur 0,85 dərəcə artmışdır. Okeanlar istiləşmiş, buz və qarın həcmi azalmış, dəniz səviyyəsi yüksəlmişdir. 1901-2010-cu illərdə istiləşmə nəticəsində dənizin səviyyəsi orta hesabla 19 santimetr yüksəlmiş ki, bu da buzların əriməsinə gətirib çıxarmışdır.

Atmosferə atılan istixana qazlarının həcminin artması nəzərə alınmaqla ehtimal olunur ki, cari yüzilliyin axırlarında orta qlobal temperatur 1990-cı il səviyyəsi ilə müqayisədə 1-2 dərəcə və sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5-2,5 dərəcə artacaq. Okeanların istiləşməsi və buzların əriməsi davam edəcək. Hesablamalara görə, 2065-ci ildə orta dəniz səviyyəsi 24-30 santimetr, 2100-cu ildə 40-63 santimetr yüksələcək. İstixana qazı tullantıları tamamilə dayansa belə, iqlim dəyişikliyinin əksər fəsadları bir neçə yüz il qalacaq.

Qlobal iqlim dəyişikliyi artıq faktdır. Ona görə də BMT planeti xilas etmək üçün hərəkətə keçmişdir. 1992-ci ildə BMT-nin iqlim dəyişikliyi haqqında çərçivə konvensiyası qəbul olunmuşdur. Bu, iqlim dəyişikliyi probleminin həlli yolunda ilk addım idi. Konvensiyanın əsas məqsədi insan amilinin iqlim sisteminə təhlükəli təsirinə yol verməməkdir.

1995-ci ildə dünya dövlətləri iqlim dəyişikliyinə qlobal reaksiya tədbirlərini möhkəmlətmək məqsədilə danışıqlara başlamışdır. İki il sonra Kioto protokolu qəbul olunmuşdur. Sənəd inkişaf etmiş ölkələri istixana qazı tullantılarını azaltmağa məcbur edir. Öhdəliklərin icrasının birinci mərhələsi 2008-ci ildə başlamış və 2012-ci ildə başa çatmışdır. İkinci mərhələ 2013-cü ildə başlamışdır və 2020-ci ildə bitəcək.

2020-ci ildə Kioto protokolunu Paris iqlim sazişi əvəz etməlidir. 2015-ci il dekabrın 12-də konsensusla qəbul olunmuş və 2016-cı il aprelin 22-də imzalanmış saziş iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qətiyyətli addımlar atmaq, onun fəsadlarını yüngülləşdirmək və bu işdə inkişaf etməkdə olan ölkələrə kömək göstərmək məqsədilə tarixdə ilk dəfə olaraq bütün xalqları bir araya gətirmişdir. Sənəd cari əsrdə qlobal temperatur artımını 2 dərəcə səviyyəsində saxlamaq və bu göstəricini hətta 1,5 dərəcəyədək endirməyə çalışmaq məqsədi güdür.

Lakin iqlim dəyişikliyi bəşəriyyət üçün böyük təhlükə olsa da, istixana qazı tullantılarının həcminə görə dünyada birinci yeri tutan ABŞ Paris sazişindən çıxmaq niyyətindədir. Amerika lideri Donald Tramp iqlim dəyişikliyinə inanmır. Onun fikrincə, qlobal istiləşmə uydurmadır. ABŞ Prezidenti 2017-ci il iyunun 1-də bəyan etmişdir ki, onun ölkəsi sazişdə iştirakını dayandırır. Tramp qeyd etmişdir ki, sazişin icrası ABŞ-a 3 trilyon dollara və 6,5 milyon itirilmiş iş yerinə başa gələcək. O əlavə etmişdir ki, saziş ABŞ iqtisadiyyatını sarsıda, kömür sənayesini məhv edə bilər.

Bununla belə, ABŞ Prezidenti bildirmişdir ki, sazişə yenidən baxmaq üçün danışıqlar aparmağa hazırdır. Amma Avropa liderləri və BMT rəhbərliyi cavab olaraq vurğulamışlar ki, sazişə bir dövlətin tələbi ilə baxıla bilməz. Öz növbəsində Ağ ev dəqiqləşdirmişdir ki, Tramp eks-prezident Barak Obamanın başladığı karbon dioksid tullantılarının azaldılması işini dayandırmışdır.

Belə bir məqamı da qeyd etmək lazımdır ki, Paris sazişinin 28-ci maddəsinə uyğun olaraq, ABŞ-ın iqlim sazişində 2020-ci il noyabrın 4-dən, yəni saziş ABŞ ərazisində qüvvəyə mindikdən dörd il qabaq çıxa bilməz. ABŞ sənəddən çıxmazdan əvvəl bütün öhdəliklərini yerinə yetirməli, o cümlədən BMT-yə zərərli tullantılar haqqında hesabatları təqdim etməlidir.

Göstərilən bütün səylərə baxmayaraq, istixana qazlarının əsas törədicisi olan karbohidrogen xammalı yaxın onilliklərdə enerji istehsalının başlıca mənbəyi olaraq qalacaq. Proqnozlara görə, 2025-ci ildə neft istehlakı azı 50 faiz, təbii qaz istehlakı 70 faiz, daş kömür istehlakı 60 faiz artacaq. İqlim dəyişikliyindən qurtulmaq üçün nüvə energetikası və bərpa olunan enerji mənbələrindən istifadənin zəruriliyinə gəlincə, onlardan istifadə cüzi artacaq, müvafiq olaraq 5,3 faiz və 7,6 faizdən çox olmayacaq. Yer təkindən çıxarılan karbohidrogenlər gələcəkdə də qlobal enerji istehsalında hegemon mövqeyini qoruyub saxlayacaq. Hökumətlərarası ekspert qrupu istixana qazı emissiyasının 2030-cu ilədək 25-90 faiz artacağını proqnozlaşdırır.

İqlim dəyişikliyinin törətdiyi fəsadlar artıq özünü göstərir. Dünya okeanının səviyyəsinin artması, buzlaqların və xüsusilə Arktikada qütb buzlarının əriməsi Yer səthinin qar və buzla örtülü sahələrinin azalması, bəzi regionlarda (Şimali və Cənubi Amerikanın şərq hissəsi, Şimali Avropa, Şimali və Mərkəzi Asiya) yağıntının miqdarının artması və digərlərində azalması, quraq zonaların genişlənməsi (Afrika, Cənubi Asiyanın bir hissəsi), Şimalı Atlantikada tropik siklonların daha çox əmələ gəlməsi və s. kimi təcrübi təsdiqini tapmış hadisələr qlobal istiləşmə fenomeninin reallıq olduğuna dəlalət edir. Qlobal istiləşmə və iqlim dəyişikliyi bir çox təbii ekosistemlərə, nəticə etibarilə bütövlükdə biosferin vəziyyətinə və insan həyatının biosfer şəraitinə bu və ya digər dərəcədə təsir göstərir. Gələcəkdə bir çox ölkələr həyat üçün yararsız vəziyyətə düşə bilər.

Qlobal istiləşmə nəticəsində dünyanın bir sıra iri şəhərləri daşqınla üz-üzədir. Ekspertlərin fikrincə, Böyük Britaniyanın paytaxtı London daha çox zərər çəkə bilər. Şəhər buzlaqların əriməsi üzündən bata bilər. 1984-cü ildə London hakimiyyət orqanları şəhərin şərq hissəsində daşqından müdafiə üçün "Temza baryeri” adlı bənd ucaltmaq məcburiyyətində qalmışdır. Bənddən ildə üç-dörd dəfə istifadə etmək planlaşdırılırdı. Amma indi çayın qabağını kəsmək üçün bəndə ildə yeddi dəfəyədək əl atmaq lazım gəlir.

Mütəxəssislərin hesablamalarına görə, cari yüzilliyin ortalarında qasırğalardan, daşqınlardan, torpaq sürüşmələrindən, quraqlıqdan, meşə yanğınlarından dəyən iqtisadi ziyan dünya müharibələrinin və XX əsrin birinci yarısında baş vermiş böhranların vurduğu ziyandan çox ola bilər. Bundan başqa, iqlim dəyişikliyinin fəsadlarının qeyri-bərabər bölünməməsi resurslar uğrunda mübarizənin gərginləşməsinə, varlı ölkələrlə yoxsul ölkələr arasında uçurumun böyüməsinə, dünya əhalisinin yoxsul qrupları arasında narazılığın artmasına, nəticə etibarilə beynəlxalq gərginliyin kəskinləşməsinə, yeni münaqişə və müharibə ocaqlarının yaranmasına aparıb çıxara bilər.

Digər tərəfdən, qlobal istiləşmə artıq heyvanlar aləminə təsir göstərir. Bəzi heyvan növləri məhv olur, bəziləri öyrəşdiyi yaşayış yerlərini dəyişir. Bu kataklizm yoluxucu xəstəliklərin sayının artmasına gətirib çıxara bilər, çünki yüksək temperatur zərərli bakteriyaların yayılmasına zəmin yaradır.

Ona görə də iqlim dəyişikliyinə ciddi yanaşmaq tələb olunur. Fəsadları yüngülləşdirmək, daha pis vəziyyətdən qaçmaq imkanı hələ var. Bunun üçün bütün ölkələrin birləşməsi lazımdır. Problemin yeganə həlli yolu enerji resurslarından qənaətlə istifadə etməkdən və atmosferə atılan istixana qazlarının miqdarını azaltmaqdan, eləcə də bərpa olunan enerji mənbələrinə üstünlük verməkdən keçir. Beynəlxalq elmi ictimaiyyət hökumətlərə konkret təkliflər təqdim etmişdir. İndi söz siyasətçilərindir. Bəs onlar alimləri eşidəcəklərmi?

Allahverdi MEHDİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM