Alternative content

17:10 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hücumçu diplomatiyamızın uğurları
Hücumçu diplomatiyamızın uğurları
ANA SƏHİFƏ / SİYASƏT
01:26 10.01.2019


Tarixə qovuşmuş 2018-ci il beynəlxalq münasibətlər sistemində gərginliyin artması ilə yadda qaldı. Qlobal və regional güclər arasında artan ixtilaflar davam etdi, müstəqil dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilə, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma davam etdi, planetin ayrı-ayrı regionlarında silahlı münaqişələr, etnik qarşıdurmalar, eləcə də birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran daha da kəskinləşdi.

Beynəlxalq aləmdə hökm sürən mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan Respublikası Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət sayəsində ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atmış, dövlətin beynəlxalq aləmdə siyasi çəkisinin artmasına və milli maraqların irəli aparılmasına nail olmuşdur. Ötən il dövlət başçısı bir çox ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanda rəsmi və ya işgüzar səfərdə olmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İtaliya və Fransaya səfər etmişdir. Eyni zamanda Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniya prezidentləri, həmçinin Almaniya Kansleri ölkəmizə səfərə gəlmişlər.

Məlum olduğu kimi, Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsi naminə gerçəkləşdirdiyi təşəbbüslərlə dünya miqyasında böyük nüfuz qazanmışdır. Xüsusilə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının istismarı və xarici bazarlara ixracı, beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin icrası istər bölgə dövlətlərində, istərsə də avropalı tərəfdaşlarda böyük maraq doğurmuşdur. Azərbaycanın təşəbbüsü ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı regional əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmlənməsinə misilsiz töhfələr vermişdir.

Bu baxımdan ötən ilin iyununda Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı əlamətdar hadisə kimi tarixə yazılmış və Azərbaycanın yeritdiyi xarici siyasətin növbəti uğuru kimi qeyd edilmişdir. Azərbaycanın siyasi-iqtisadi gücünün və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolunu təsdiqləyən möhtəşəm layihə həm də dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artdığını nümayiş etdirmişdir.

TANAP layihəsi Azərbaycan qazının Avropaya böyük həcmdə nəqli mövzusunda aparılmış müzakirələrin yekunu kimi reallaşdı. Bu qaz kəməri dörd böyük layihədən ("Şahdəniz-2” qaz yatağının istismarı, Cənubi Qafqaz Kəməri, TANAP və TAP) ibarət olan "Cənub qaz dəhlizi”nin mərkəzi tərkib hissəsidir. TANAP-ın işə salınması ilə üç layihə reallaşmışdır. TAP (Trans-Adriatik qaz kəməri) layihəsinin 70 faizindən çoxu isə icra olunmuşdur. Gözlənildiyinə görə, gələn il TAP-da istifadəyə veriləcək və bununla 40 milyard dollarlıq infrastruktur layihəsi - "Cənub qaz dəhlizi” həyata vəsiqə qazanacaq.

Bununla Azərbaycanın zəngin qaz ehtiyatlarını Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla nəql etmək mümkün olacaq. Eyni zamanda Türkiyə və Avropa qaz idxalını şaxələndirmək imkanı əldə edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. "Cənub qaz dəhlizi”nin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. "Cənub qaz dəhlizi” vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. "Cənub qaz dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında enerjinin şaxələndirilməsi məsələsinə xidmət göstərir”.

Keçən ilin başqa bir yaddaqalan hadisəsi Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Mühüm hadisə avqustun 12-də Qazaxıstanın Aktau şəhərində baş verdi. Həmin gün Xəzəryanı ölkələrin dövlət başçılarının V zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzaladılar. Beləliklə, Xəzərlə bağlı uzun illər davam edən danışıqlara yekun vuruldu və sututarın hüquqi statusu müəyyənləşdirildi.

Sututarın beynəlxalq hüquqi statusunu müəyyənləşdirmək məsələsi keçmiş SSRİ dağıldıqdan sonra ortaya çıxmışdı. O vaxta qədər Xəzər hövzəsində beynəlxalq münasibətləri Sovet İttifaqı və İran müəyyənləşdirirdi. SSRİ-nin tarixə qovuşması ilə sututarın ətrafında beş müstəqil dövlət ortaya çıxdı və tamamilə yeni tarixi situasiya yarandı. Xəzərin təkində zəngin karbohidrogen ehtiyatlarının mövcudluğu sahilyanı dövlətlər arasında ziddiyyətləri qızışdırırdı. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması işində sahilyanı dövlətlər beştərəfli formatda razılaşmaya gələ bilmirdi. Elə hallar olurdu ki, tərəflər sənədin imzalanmasına yaxınlaşan vaxt yeni ziddiyyətlər ortaya çıxırdı, çünki hər bir dövlət milli maraqlarını əsas gətirərək Xəzərin hüquqi statusuna fərqli yanaşırdı.

Belə olan təqdirdə ayrı-ayrı Xəzəryanı dövlətlər işi irəli aparmaq üçün təşəbbüslər irəli sürdü. 2003-cü ilin mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi və su səthinin ümumi istifadəyə verilməsi haqqında üçtərəfli saziş imzalayıb Xəzərin dibinin bölünməsinə dair yekun razılaşma əldə etdi. Nəhayət, 2017-ci il dekabrın 4-5-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilmiş müşavirəsində konvensiya layihəsini razılaşdırmaq mümkün oldu.

Konvensiyanın imzalanması Xəzərlə əlaqəli bütün problemləri həll etməsə də, onun qüvvəyə minməsi hövzədə sahilyanı dövlətlər arasında münasibətləri yoluna qoydu. Prinsip etibarilə Xəzərin statusu məsələsi daha çox nəzəri xarakter daşısa da, su səthinin və dənizin dibinin bölünməsi sırf praktiki əhəmiyyət kəsb edir.

Aktauda imzalanmış konvensiya bir sıra mübahisəli məsələlərə aydınlıq gətirdi. İlk növbədə sənəd hər bir sahilyanı dövlətin ərazi sularını müəyyənləşdirdi. Sənədə görə, ərazi sularının eni 15 dəniz milindən çox olmamalıdır və bu sulara eni 10 mil olan balıqçılıq zonası əlavə edilir. Hər bir sahilyanı dövlət balıqçılıq zonasında müstəsna balıqtutma hüququna malikdir. Ərazi sularının xarici sərhədi dövlət sərhədi statusu alır. Ərazi sularından kənardakı su məkanı dövlətlərin ümumi istifadəsinə verilir. Eyni zamanda başqa bir mühüm məsələ - Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi problemi həllini tapmışdır. Konvensiya tərəflərin belə bir iş görmək hüququnu tanıyır, amma kəmər qonşu, yaxud qarşı ölkənin ərazi sularından keçirsə, tras müvafiq ölkə ilə razılaşdırılmalı və onun marşrutu barədə digər sahilyanı dövlətlər məlumatlandırılmalıdır. Beləliklə, Türkmənistandan Azərbaycana Transxəzər boru kəmərinin çəkilməsi yalnız Aşqabad və Bakıdan asılı olacaq. Sahilyanı dövlətləri, ilk növbədə Rusiya və İranı narahat edən başqa bir məqama - Xəzərdə kənar dövlətlərin hərbi mövcudiyyəti məsələsinə aydınlıq gətirildi. Bundan sonra hansısa xarici hərbi qüvvənin Xəzər sularında peyda olması istisna edilir.

Bununla yanaşı, konvensiya həllini tapmamış problemlərin həlli yollarını göstərir. Sənədə görə, qonşu dövlətlərin ərazi suları arasında sərhəd ikitərəfli müqavilələr əsasında müəyyənləşdiriləcək.

Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanması sahilyanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ və baza sənədi kimi tarixə düşdü. Sututarın hüquqi statusunun müəyyənləşdirilməsi bütün sahilyanı ölkələr üçün faydalı olacaq. Konvensiya hər şeydən əvvəl Xəzərin təhlükəsizlik və sabitlik hövzəsinə çevrilməsi üçün hüquqi baza olaraq bədnam qüvvələrin istəklərini puç edir, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün zəmin yaradır.

Azərbaycanın yürütdüyü xarici siyasətin başlıca istiqamətini Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi naminə davamlı diplomatik səylərin göstərilməsi təşkil edir. Rəsmi Bakı hələ də hesab edir ki, Ermənistan rejiminin ekspansionist planlarına, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəməməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli ən optimal tənzimləmə yolu olaraq qalmalıdır. Dövlətimizin rəhbərliyi beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar siyasətini ifşa edir, ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edir, eyni zamanda işğalçı tərəflə müxtəlif səviyyələrdə danışıqlar aparır. Digər tərəfdən, Azərbaycan işğalçı ölkəni təcridetmə siyasətini uğurla davam etdirir. Bununla yanaşı, təcavüzkarın qızğın başını zaman-zaman soyutmaq lazım gəlir. Azərbaycan Ordusu atəşkəsdən bəri artıq bir dəfə - 2016-cı ildə aprel döyüşləri zamanı düşmənə həddini göstərmişdir. Düşmənə keçən ilin mayında daha bir cəza verilmişdir. Silahlı Qüvvələrimiz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli mövqeləri nəzarət altına almışdır. Bu cür addımların atılması ilə təcavüzkar, nəhayət, başa düşməlidir ki, problemi həll etməyin başqa bir yolu da var. Eləcə də işğalçı Ermənistana havadarlıq edən qüvvələr anlamalıdır ki, hər bir müstəqil dövlət kimi Azərbaycanın da suverenliyini və ərazi bütövlüyünü bütün mümkün vasitələrlə bərpa etmək hüququ var.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM