10 Yanvar 2019 01:12
288
İQTİSADİYYAT
A- A+

Asiyada ilk ticarət evimiz


Azərbaycandan Çinə bol çeşiddə məhsul ixrac olunur


Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri qeyri-neft məhsullarının ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır.

İxrac fəaliyyətinin əsas hissəsi isə xarici bazarlara çıxış, bazar araşdırmaları, bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır.


İxrac coğrafiyası getdikcə böyüyür


Prezident İlham Əliyevin 3 il öncə ixracın təşviq edilməsi sahəsində imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılır. Bu evlərin yaradılmasında əsas məqsəd ölkəmizin qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına, "Made in Azərbaijan” brendinin xarici ölkələrdə daha da şöhrət qazanmasına nail olmaqdır.

Hazırda Azərbaycanın bir neçə ölkədə ticarət evləri fəaliyyət göstərir və məhsullarımızın ixrac coğrafiyası getdikcə böyüyür. Məhsullarımızın daha çox satıldığı ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Ötən ilin sentyabrın 28-də bu ölkənin Lucou şəhərində "Azərbaycan Ticarət Evi” açılıb.


Azərbaycanın Çinlə münasibətləri yeni inkişaf mərhələsindədir


Öncə onu vurğulayaq ki, Çin ilə Azərbaycan arasında son illər iqtisadi əlaqələr həm ticarətin, həm də investisiyaların sürətlə artması ilə daha sıx əməkdaşlıq səviyyəsinə çatıb. Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan həmçinin Çinin "Kəmər və Yol” təşəbbüsü üzrə mühüm coğrafi mövqeyə malikdir.

Azərbaycan Çinə ənənəvi olaraq əsasən neft, xammal və kimya sənayesi məhsulları ixrac edir. Ötən ildən etibarən Çinə ixrac olunan məhsullar kənd təsərrüfatı, ərzaq və şərabçılıq kimi digər sahələri də əhatə etməyə başlayıb.

Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya yatırıblar. Azərbaycanda 112 Çin kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanda 3 sement zavodunun tikintisi Çinin podratçı şirkətləri tərəfindən uğurla icra edilib.


Azərbaycan Çinə nə satır


Ticarət evimiz Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında yerləşir. Yəni, burada Azərbaycan məhsullarının daha geniş arealda tanıdılması imkanları var. Bu ticarət evi məhsullarımızı təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm, nəqliyyat və logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradır.

Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan "Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. Burada ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları) nümayiş olunur.


Yeni bazar, yeni məhsullar


Azərbaycan memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

Ticarət evini ziyarət edənlər stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm və kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edə bilirlər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin də təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər və suvenirlər, müxtəlif nəşrlər xalqımızın zəngin mədəniyyəti haqqında geniş təsəvvür yaradır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video