09 Yanvar 2019 01:26
1338
İQTİSADİYYAT
A- A+

69 sərəncam, 329 milyon manat


Ötən il Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələr gerçəkliyə çevrilib


2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm uğurlu hadisələrlə yadda qaldı. Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələr reallaşdı, həm paytaxt Bakıda, həm də regionlarda abadlıq-quruculuq işləri davam etdirildi, mühüm sosial-iqtisadi infrastrukturlar açıldı. Həmçinin Bakı beynəlxalq forum və konfranslara, idman yarışlarına evsahibliyi etdi.

Dövlət başçısı İlham Əliyev bu uğurların daha da geniş vüsət alması, yeni-yeni sosial-iqtisadi obyektlərin inşası, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün imzaladığı sərəncamlarla Prezidentin Ehtiyat Fondundan kifayət qədər vəsait ayırdı.


Abadlıq-quruculuq, əsaslı yenidənqurma işləri


Son 16 ildə regionların sosial-iqtisadi inkişafı İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edib. Dövlət proqramlarının icrası nəticəsində şəhər və rayonlarda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib.

Dövlət başçısı verdiyi tapşırıqların icrasının hansı formada yerinə yetirildiyinə şəxsən özü nəzarət edib. Regionlara tez-tez səfər etməklə əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərlə maraqlanıb, insanlarla birbaşa təmasda olaraq problemlərini dinləyib. Sonra isə mövcud problemlərin aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması üçün sərəncamlar imzalayıb.


2018-ci ildə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərin təsnifatına nəzər yetirək.


Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ötən il Lənkəranda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün 3,66 milyon manat, Mingəçevirdə 60 mənzilin təmiri, Bərdədə, Xaçmazda, Masallıda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, Goranboyda, Naftalanda qəzalı vəziyyətdə olan, Lerikdə, Astarada, Biləsuvarda, Qubada, Şamaxıda, İsmayıllıda, Qax, Şəki, İmişlidə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan bu şəhər və rayonların icra hakimiyyətlərinə 3 milyon manat vəsait ayrılıb. Bakı şəhərinin Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 1,5 milyon manat, Xızıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün isə 1 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanıb.

Dövlət başçısı Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycanın iki böyük şəhəri - Gəncə və Sumqayıtda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün sərəncamlar imzalanıb. Belə ki, Gəncədə yolların əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat, Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə isə 5 milyon manat ayrılıb.

Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Prezidentinin Ehtiyat Fondundan muxtar respublikanın Nazirlər Kabinetinə 10 milyon manat ayrılması ilə bağlı sərəncam imzalanıb.


Ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və yenidənqurulması


Son illərdə ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində bu sahədə böyük uğurlar əldə olunub. Dövlət başçısının sərəncamlarına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər hesabına regionlarda yeni-yeni məktəb və körpələr evi-uşaq bağçaları tikilib, mövcud təhsil ocaqlarında abadlıq və yenidənqurma işləri aparılıb.

Xızıda 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Təhsil Nazirliyinə 3,8 milyon manat, Lerikin Orand kəndində 180 şagird yerlik, İmişlinin Qızılkənd kəndində 624 şagird yerlik, Qaxın Əlibəyli kəndində 216 şagird yerlik, Şəkidə 960 şagird yerlik, Ağdamın Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik, İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik, Ağcabədinin Salmanbəyli kəndində 432 şagird yerlik, Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binalarının tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq hər bir məktəb üçün 1 milyon manat ayrılıb.

Biləsuvarda 1176 şagird yerlik, Lənkəranın isə Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəblərinin tikintisi üçün ilkin olaraq nazirliyə hər bir rayon üçün 2 milyon manat, İsmayıllıda yeni uşaq bağçasının, Naftalanda isə yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün hər birinin icra hakimiyyətinə 3 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanıb.


Avtomobil yolları, körpü və tunellər


Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yerləşdiyi üçün son illərdə avtomobil yolları da yenidən qurulub. Hətta müxtəlif qəsəbə və kəndləri birləşdirən yollarda da yenidənqurma işləri aparılıb. Bir sözlə, ölkəmizdə yol infrastrukturu təzələnib. Dövlət başçısının sərəncamlarına əsasən Prezidentin Ehtiyat Fondundan yolların, körpülərin tikintisi üçün lazım olan vəsaitlər ayrılıb.

Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün 3,5 milyon, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat ayrılıb.

Bundan başqa, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədilə 5 milyon, Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 3 milyon manat, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə ilkin olaraq 1,5 milyon, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.


Aqrar sektora göstərilən diqqət və qayğı


Son 16 ildə Azərbaycanda aqrar sektor da böyük inkişaf yolu keçib. Ölkədə yaradılan aqro və texnoparklar, əkin sahələrinin suvarılması üçün tikilən su anbarları, su kanalları, fermerlərə dövlət qayğısı sayəsində kənd təsərrüfatında böyük canlanma müşahidə olunur.

Dövlət başçısının sərəncamlarına əsasən Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə "İncəçay”, "Cəfərxanlı”, "Üçtəpə”, "Bəylər” və "Alıcı” su anbarlarında zəruri təmir-bərpa işlərinin aparılması üçün rayon icra hakimiyyətinə 4,5 milyon manat, Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə ilkin olaraq 1 milyon manat, Ağdam rayonunun 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə 2,5 milyon manat ayrılıb.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni yaradılan Aqrar Tədqiqatlar Mərkəzinin nizamnamə fondunun formalaşdırılması üçün 1 milyon manat, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılması barədə fərman və sərəncam imzalanıb.

Digər sərəncama əsasən Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə ilkin olaraq 2 milyon manat ayrılıb.


KİV-ə dövlət dəstəyi


Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət başçısı Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayaraq ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayırıb.

Onu da vurğulayaq ki, son illərdə milli informasiya resurslarının, kommunikasiya vasitələrinin inkişafına yönəlmiş davamlı dövlət siyasəti, xüsusilə "Azerspace-1” peykinin orbitə çıxarılması, bütün ölkə ərazisində rəqəmsal yayıma keçid və görülmüş digər işlər teleradio sahəsində də müasir texnologiyaların tətbiqini sürətləndirib, yayımçıların texniki imkanlarının və operativliyinin artmasına, təsir imkanlarının yüksəlməsinə səbəb olub. Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.


Sosial təminat, layihə və infrastrukturlar


Şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, veteranlara daim diqqət və qayğı göstərən Azərbaycan Prezidenti mütəmadi olaraq bu kateqoriyaya aid insanların sosial durumunun yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır.

Ötən il İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən ərazi bütövlüyü, müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb.

Digər sərəncamla isə 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilib. Belə ki, İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi üçün ümumilikdə 5,9 milyon manat vəsait ayrılıb.

Həmçinin Azərbaycanda müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300.000 manat ayrılıb.

Gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Gənclər Fonduna 3 milyon manat, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat, "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayrılıb.

Bununla yanaşı, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST” mərkəzlərinin yaradılması və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncamlar imzalanıb.

Prezidentin daha iki sərəncamına əsasən İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədilə rayonun icra hakimiyyətinə 2,5 milyon manat, rayonda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizat üçün "Azərxalça” ASC-yə 2,4 milyon manat ayrılıb.


Enerji təminatı hər zaman prioritet məsələlərdən biridir


Prezident İlham Əliyev ötən ilin iyun ayında "Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı dərhal təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Eyni zamanda aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayaraq əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə "Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayırıb.

Bundan başqa, kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında da qərarlar verilib. Belə ki, Bakı şəhərində və regionlarda infrastrukturların, sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizində mühüm rol oynayan kiçik və orta elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi məqsədilə "Bakı”, "Astara” və "Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi, zəruri avadanlıqların tədarük edilməsi məqsədilə "Azərenerji”yə ilkin olaraq 12 milyon manat ayrılması ilə bağlı sərəncam imzalanıb.

Dövlət başçısının digər iki sərəncamına əsasən "Şimal”, "Cənub”, "Sumqayıt” və "Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə isə "Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat, "Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə 10 milyon manat ayrılıb.

Prezident ilin sonunda energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayaraq əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Energetika Nazirliyi və "Azərenerji” tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayırıb.


İslam dininin təbliği, dini qurumlara dəstək


Şərqlə Qərbin qovuşduğu məkan adlandırılan Azərbaycan həm Avropa İttifaqı ilə əməkdaşlıq edən, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkədir. Azərbaycanı İslam mədəniyyətinin paytaxtı da adlandırırlar. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili” elan edilməsi, Bakı şəhərində "2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfransın keçirilməsi bunun bariz nümunəsidir.

Dövlət başçısı "İslam həmrəyliyi ili”nin davamı kimi 2018-ci ildə keçirilən əlavə tədbirlərin maddi təminatı üçün Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat, digər sərəncama əsasən Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi üçün 4 milyon manat, dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər üçün 2 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.

Bundan başqa, Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılması ilə bağlı sərəncam imzalanıb.

Onu da əlavə edək ki, Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşıb. Ölkədə müxtəlif mədəniyyətlərə, dinlərə və dini cərəyanlara mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları, eləcə də azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə geniş imkanlar yaradılıb.

Tolerantlıq səviyyəsinin və multikultural nailiyyətlərinin göstəricisi olub gələcək inkişaf üçün də zəmin təşkil edən hazırkı milli-mədəni rəngarəngliyi Azərbaycanın ümumbəşəri dəyərlər xəzinəsinə misilsiz töhfələrindəndir. Dövlət başçısının digər sərəncamına əsasən isə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.

Göründüyü kimi, dövlət başçısının ötən il ölkədə bir çox sosial-iaşə obyektlərinin inşası, yenidən qurulması, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, Azərbaycanda və xaricdə beynəlxalq tədbirlərin keçirilməsi, enerji təminatı və digər sahələrin inkişafı üçün 2018-ci ildə imzaladığı 69 sərəncamla Prezidentin Ehtiyat Fondundan ayrılan ümumi məbləğ 329 milyon 760 min manat təşkil edib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video