09 Yanvar 2019 00:21
952
Mədəniyyət
A- A+

“Mənim bir hökumətim olub: Xalq Cümhuriyyəti!”


Məşədi Mehralının adını ilk dəfə yaşlı insanların 1918-ci ilin yanvarında baş verən "Şamxor davası” (bəzən "Eşelon davası” da deyirlər) haqqında söhbətlərindən eşitmişəm.

...Milli Müsəlman Komitəsinin və Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin təklifi ilə "Müsavat”ın Gədəbəyin Şahtalası üzrə nümayəndəsi Əsgər ağa və Məmməd ağa Şəkibəyovlar, habelə Şəmkirin pristavı Mustafa ağa Sultanov, Məcid ağa, Məşədi Mehralı, Qara Musa və onların yaxın ətrafı Şəmkirçayın sol sahilində Qala yerində cəmləşirlər. Məqsəd 1917-ci ilin oktyabrında süquta uğramış çar Rusiyasının başsız qalan ordusunun Türkiyənin şərq cəbhəsindən geri dönərkən onlardakı silah-sursatın ermənilərə verilməsinin qarşısını alıb, yaranmaqda olan Könüllü İslam Ordusunun bölmələrinə çatdırmaq idi. Məşədi Mehralı 20 günədək davam edən "Eşelon davası”nda, Gəncə üsyanında və ondan sonra ömrünün axırınadək bolşevik-erməni birləşmələrinə qarşı mübarizədə böyük fədakarlıqlar göstərmişdir.

* * *

1920-ci ilə qədər ömrünü bolşeviklərlə mübarizədə keçirən Mehralı Hacı Kazım oğlu 1883-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dünyaya göz açıb. Ailədə beş qardaş olublar: onların dördü - Söyünqulu (Hüseynqulu), Gürzalı, Mirzəalı və İsmayıl gimnaziya təhsili almışdı. Ailənin başçısı Hacı Kazım isə bölgədə sayılıb-seçilən təsərrüfat sahibi, mülkədar, həyat yoldaşı Cavahir xanım evdar qadın idi.

Söyünqulu Çobankənddə rus dili müəllimi işləyirdi. O, erməni quldurlarının azərbaycanlı kəndlərinə hücumlarının, talanlarının qarşısının alınmasında, elin, obanın müdafiəsində öndə gedirdi. Gürzalı əkinçiliklə və maldarlıqla məşğul olurdu. Mirzalı da təsərrüfat sahibi idi, amma ədəbiyyata meyilli idi, şeirlər yazırdı. Evin sonbeşiyi İsmayıl meşə gözətçisi işləyirdi.

1890-cı ildə Hacı Kazım rəhmətə gedəndən sonra Məşədi Mehralı böyük qardaşı Söyünqulunun və onun həyat yoldaşı Şəkərin himayəsində böyüyür. İlk təhsilini kənddə molla yanında alır, qardaşından rus dilində yazıb-oxumağı öyrənir. Məşədi Mehralı 18 yaşına çatanda müstəqil yaşamağa başlayır. Sonra Molla Zeynalın qızı Züleyxa ilə evlənir. Çar dönəmində meşə təsərrüfati idarəsində üç il meşə nəzarətçisi işləyir. 6 il mal-qara alqı-satqısı ilə məşğul olur və həmin dövrdə "Müsavat”ın sıralarına qoşulur. 1922-ci ilə kimi Kiçik Qaramurad kəndində yaşayır. Sonra Kiçik Qaramuraddan köçərək Parakənddə yurd salır. Göyçəətrafı ərazilərdə məskunlaşdırılan ermənilər tez-tez Məşədi Mehralı Sultanov kimi imkanlı azərbaycanlıların malikanəsinə silahlı hücum edib mülk sahiblərini öldürür, evləri talayır, tövlələrə, yataqlara od vurur, camaatı kənddən qaçıb getməyə məcbur edirdilər. Məşədi Mehralı həmkəndlilərinin çoxu dədə-baba torpaqlarının işğalına hesablanmış qırğınların qarşısının alınmasında, milli hökumət quruculuğunda əllərindən gələni əsirgəmirdilər.

"Eşelon davası”ndan 15-20 gün sonra qərb bölgəsində kütləvi qırğınlar və qarətlər törədən daşnak Amazasp və Andronikin Göyçəətrafı ərazilərdə düşərgə salmış hərbi birləşmələri Krasnoselsk (indiki Ermənistan) istiqamətindən keçib terrorçu "Daşnaksütyun” partiyasının Çardaxlı kəndi üzrə nümayəndəsi keşiş Vahanla əlaqə yaratmaq, silahlandırılmış yerli ermənilərlə hücuma keçib əvvəl Şəmkiri ələ keçirmək, sonra Dəstəfur (indi Daşkəsən) erməniləri ilə birləşərək Gəncəni işğal etmək niyyətində idilər. İllərlə arzusunda olduqları bu planı həyata keçirmək üçün iğtişaşlar və qətliamlar törədən daşnakların silahlı dəstələri Şahtalasından keçəndə Mustafa ağanın və Məcid ağanın başçılıq etdikləri özünümüdafiə dəstələri tərəfindən qanlarına qaltan edilmişdilər. Məğlubiyyətin ağrı-acısını həzm edə bilməyən ermənilər məqsədlərinə nail olmaq üçün bölgədə böyük nüfuz sahibi Məşədi Mehralını ələ almaq, onunla "dostluq körpüsü” yaratmaq fikrinə düşürlər. Məşədi Mehralı bu işə qol qoymamaq üçün ona vəd olunan qızılın miqdarını artırmışdı ki, razılıq pozulsun. Amma ermənilər onun istədiyi miqdarı verirlər.

"Sövdələşmə”dən sonra ermənilər Şınıx istiqamətindən keçərək Başkənd erməniləri ilə birləşib Tovuz tərəfdən Şəmkirə doğru istiqamət götürəcəklərinə tam əmin olurlar. Lakin Məşədi Mehralı onların bu "dostluq körpüsü”ndən keçmələri üçün bir şərt də qarşıya qoyur. "Silahlarınızı yorğan-döşəyin arasında gizlədin, üstünə xırda ev əşyaları, qab-qacaq, ot-ələf yığın ki, görünməsin. Elə təsəvvür yaradın ki, guya köçüb Şəmkir tərəflərdə ev-eşik olmağa gedirsiniz. Yerli camaat bilsə, bizim də axırımıza çıxar. Bir də ehtiyat üçün bizə üç-dörd pulemyot, 15-20 beşaçılan verin ki, bir əngəl olsa, sizi müdafiə edə bilək...” Hətta Məşədi Mehralı onların yolları yaxın olsun deyə Dikdaş-Çardaxlı istiqamətindən keçməyi məsləhət görür. Ermənilər bu yolun daha əlverişli olduğunu bildiklərindən dərhal fikirlərini dəyişib Dikdaş-Çardaxlı yoluna razılıq verirlər. Səhəri gün axşam düşənədək iki su səhənginin birini qızıl pulla, o birini də zinət əşyaları ilə doldurub 2 pulemyot və 15 beşaçılanla birlikdə gətirib Məşədi Mehralıya çatdırırlar. Bu "razılaşma”dan sonra Məşədi Mehralı dostu Luqa Namazla Məcid ağaya xəbər göndərir: "Durma, gəl! Düşmən təzə sevdaya düşüb...”

Vədələşdikləri vaxtda ermənilərin köçü Xınna dərəsinin yaxınlığında Dikdaş kəndinin girəcəyində görünəndə Məcid ağa və Məşədi Mehralının dəstəsi yerlərini tutmuşdular. Daşnak quldurların sonuncusı gözətçilərdən uzaqlaşanda qəfil atəş səsləri aləmi başına götürdü. Qırhaqırda 150-yə yaxın erməninin heç biri oradan salamat çıxa bilmir. Məşədi Mehralı və Məcid ağa daşnaklardan alınan atın, silahların bir neçəsini dəstə üzvlərinə verir, qalanını Məşədi Mehralı köməyə gəlmiş kənd camaatına paylatdırır. Məşədi Mehralı daşnakların ona gətirdikləri səhəngi boşaldanda görür ki, bu, Göyçəətrafı müsəlman kəndlərindən qarət olunan qadın qızıl-zinət əşyalarıdır. Boyunbağılara, sırğalara, üzüklərə çoxlu silah aldırır.

* * *

Xalq düşünürdü ki, Milli hökumət qurulan kimi daşnaklardan canları qurtaracaq. Məşədi Mehralı bölgədə "Müsavat”ın fəallarından idi, 1918-ci ilin iyun ayında cümhuriyyət polisi yarananda erməni quldurlarına qarşı mübarizədə daha böyük işlər görmək məqsədilə Gədəbəydə strajnik işləməyə başlayır. 1920-ci ildə Məşədi Mehralının həyatında məşəqqətli günlər başlayır. Milli hökumətin süqutu ilə heç cür barışa bilmir, qohum-əqrəbanı başına yığıb Gəncə üsyanında ölüm-dirim savaşına qatılır.

Gəncə üsyanı yatırıldıqdan sonra bolşeviklər cümhuriyyət liderlərinə, müsavatçılara və milli ruhlu insanlara divan tutmağa başlayırlar. Məşədi Mehralı Sultanov da 18 nəfər silahdaşı ilə həbs edilir. İşin araşdırılması Fövqəladə Komissiyasının Şəmkir qəza şöbəsinə həvalə olunur. Lakin Məşədi Mehralı və onun dəstə üzvləri şəmkirli milli təəssübkeşlərin köməyi ilə bir neçə gündən sonra azad edilirlər.

Yeni hökumətin düşməni kimi tanınmağı Məşədi Mehralının yaxın qohumlarına, xüsusən də "Müsavat” hökuməti zamanında təxminən bir il Gədəbəyin pristavı işləmiş, indi qatı bolşevik Rüstəm Əliyevin, çar hökuməti zamanında uzun illər məhkəmə orqanlarında Gədəbəy nahiyyəsi üzrə hakim köməkçisi olmuş Rəhim Hüseynovun və bir vaxtlar "Müsavat”a "can deyib, can eşidən” İslam Sadıqovun siyasi fəaliyyətlərinə inamsızlıq yarada bilərdi. Odur ki, bu nigarançılığı aradan götürmək üçün onların təhriki ilə Məşədi Mehralı yeni hökumətin tərəfdarları sırasına qatılır ÜİK(b) Partiyasına üzv olur. Gəncədə NKVD-nin nəzdində yaradılan muzdurlar komitəsinin Kiçik Qaramurad kəndi üzrə sədri təyin edilir. O, bu vəzifədə çalışdığı 1920-1921-ci illərdə bolşeviklərin sadə insanları necə aldatdıqlarının, yeni hökumətin fırıldaq və kələkbazlıqlarının şahidi olur. Bolşevik-daşnak qiyafəli quldurların Azərbaycan kəndlərinə basqını, talançılığı da milləti pis günə qoyurdu. Bütün bu iyrənc proseslərin şahidi olan Məşədi Mehralı Sultanov üzdə bolşeviklərin adamı olsa da, əslində "əksinqilabçı”ların tərəfində idi. Bunu yeri gələndə yaxın ətrafına açıq-aşkar bildirirdi. Məsələ Gəncədə İnqilabi hökumətin də qulağına çatmışdı. Elə buna görə 1921-ci ildə Məşədi Mehralı Sultanov firqə üzvlüyündən və NKVD-nin muzdurlar komitəsinin Kiçik Qaramurad kəndi üzrə sədri vəzifəsindən çıxarılır.

Yaxın dostları Məşədi Mehralının xasiyyətinə yaxşı bələd olduqlarından xatanı özlərindən uzaqlaşdırmaq üçün onu bu dəfə Gədəbəy rayonuna adi milis işçisi vəzifəsinə düzəldirlər. Bu zaman da milis nəfərlərinin qarətlə, rüşvətlə, talançılıqla məşğul olduqlarını, ermənilərin tərəfini saxladıqlarını görəndə bunları özünə bağışlaya bilmir, il yarımdan sonra ərizə yazıb işdən çıxır.

* * *

Məşədi Mehralı Sultanovun beş oğlu, iki qızı vardı. Dünyanın belə çətin vaxtında səkkiz baş ailəni dolandırmaq, elin, obanın xeyir-şərində iştirak etmək o qədər də asan deyildi. Bunun başlıca səbəblərindən biri Məşədi Mehralının daim nəzarətdə olması idi. O, tezliklə köhnə tanışı Hüseyn bəy Hacıyevin vasitəsilə meşə təsərrüfatı idarəsinə gözətçi düzəlir. 1925-ci ilə kimi burada çalışır. Hər cığırına, dərəsinə, talasına bələd olduğu dağlarda işgəncənin, bolşevik zorakılığının qurbanı olan yüzlərlə el-oba təəssübkeşi ilə rastlaşır. Onlara əlindən gələn köməyi edir, ac olanı ərzaq, əli silah tutanı sursat sarıdan korluq çəkməyə qoymur.

Milli azadlıq və cümhuriyyət arzulu insanlara və qaçaqlara qoşulur. Çar dönəmində, cümhuriyyət zamanında Şəmkir rayon pristavı işləyən Mustafa ağa Sultanovun "Həqiqi Sinfi Mübarizə Təkilatı”na üzv yazılır.

1928-ci ildə NKVD-nin silahlı dəstəsi və əsgərlər Parakənd kəndini mühasirəyə alıb, camaatı kəndin yığnaq yerinə cəm edib silahları milisə təhvil verməyi, hamının bir nəfər kimi hökumətə təslim olmasını tələb edir. Yeni hökumətin təhriki ilə hamı gətirib bir-bir silahını və patrondaşını NKVD-yə təhvil verir, sonra da keçib adını hökumət adamlarına qeyd etdirir. Məşədi Mehralıya dəfələrlə təkid etsələr də, o, "məndə silah yoxdur” deyir. Amma hamı bilirdi ki, Məşədi Mehralı üstündə mauzer, beşaçılan və xəncər gəzdirir. Milislər, ordu əsgərləri kəndə gəlirdilər ki, onu həbs edib aparsınlar, tuta bilmirdilər. Bir dəfə yerli hökumət kəndin giriş-çıxışına, eləcə də qonşuluğundakı firqəçi kəndçilərindən evinə gizli güdükçü qoyur. Onun kənddə olduğunu biləndən bir-iki saat sonra milis işçiləri və əsgərlər Parakəndi ikiqat mühasirəyə alıb Məşədi Mehralını həbs etmək istəyirlər, o, yenə də qaçıb canını xilas edə bilir.

Əsgərlər, NKVD "otryad”çıları gecə-gündüz onun axtarışına çıxırlar. 1929-cu ilin payızında, QPU-nun növbəti əməliyyatı zamanı Məşədi Mehralı evində ailəsi ilə bir yerdə mühasirəyə alınır. Səs-küyə həyətə axışan camaatın köməyi ilə aradan çıxır. Həyat yoldaşı Züleyxa, övladları Cahangir, İsgəndər, Həmid, Şir, Məhəmməd, qızları Zərnişan və Gülnişan həbs edilərək FK-nın Şəmkir şöbəsinə gətirilib Gəncə türməsinə yatab edilirlər. Şəraitsizliyə və işgəncələrə dözməyən Cahangir həbsxanada dünyasını dəyişir.

Bir müddət Bakıda, Bayıl türməsində saxlanılan ailə 1930-cu ilin əvvəlində Qazaxıstanın şimalına sürgün edilir. Yaşayış mümkün olmayan bu yerlərdə İsgəndər, daha sonra Həmid dünyasını dəyişir. "Xalq düşməni”nin ailəsi kimi həbs edilərək sürgünə göndərilən ailə 1933-cü ildə 5 nəfərlə geri dönüb hökumətin göstərişinə əsasən Şəmkir rayonunun Morul kəndində məskunlaşır.

Ailəsinin sürgün xəbərini eşidən Məşədi Mehralı mühacirət etmək fikrinə düşür. Axtarışda olduğuna görə başqa ad-familiya ilə İran pasportu düzəltdirib qeyri-qanuni yolla İrana keçəndə sərhədçilər tərəfindən həbs edilir və üç il həbsxana həyatı yaşayır. Məşədi Mehralı 1935-ci ildə cəza müddətini başa vurub azadlığı çıxanda bilir ki, həyat yoldaşı və uşaqları sürgündən qayıdıb.

Şəmkirə ailəsinin yanına gəlir. Cahangir, Həmid və İsgəndərin ölümündən sarsıntı keçirir. Ailə üzvləri kolxozda çalışmaqla həyətyanı sahələrini də əkib-becərirdilər, qapıda üç at, bir araba, az sayda qoyun-quzu, toyuq-cücə var idi. Məşədi Mehralı özü də əkin-biçin işinə həvəsli idi. Qolunu çırmayıb bir tərəfdən də o, təsərrüfat işlərinə başlayır. Çoxları "zəmanənin pis vaxtıdı, hökumət işinə əl at, kolxozda işlə” deyə təkid etsə də, razı olmur.

"Qaniçəndən hökumət olmaz, mənim günümə bir qızıl onluq versələr də, bu hökumətə işləmərəm. Mənim bir hökumətim olub - Xalq Cümhuriyyəti! Nə vaxt qayıtsa, onda işləyəcəyəm, amma indi əlimin zəhməti ilə ailəmi dolandıracağam”, - deyirdi.

Bütün bunlardan xəbərdar olan Şəmkir NKVD-nin, eləcə də rayon Dövlət Siyasi İdarəsinin əməkdaşları Məşədi Mehralını nəzarətsiz buraxmırdılar. 1937-ci ildə oğlu Şiri Tiflisdə təhsil almaq üçün əmisi Əlinin yanına göndərib ailənin də xəbəri olmadan gizli əksinqilabi fəaliyyətə keçir.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Məşədi Mehralının oğlu Məhəmməd və Şir "xalq düşməni”nin övladları kimi ön xəttə - cərimə batalyonuna göndərilirlər. Ayrı-ayrı hərbi hissələrdə olsalar da, hər iki qardaş döyüşlərdə şücaət göstərir. Belə döyüşlərin birində Şir ağır yaralanır, bir müddət hospitalda müalicə olunaraq ordudan tərxis edilir. Məhəmməd isə müharibənin sonlarına yaxın döyüşlərdə həlak olur.

1943-cü ilə kimi sovetlərə qarşı qeyri-leqal şəkildə əksinqilabi fəaliyyət göstərən Məşədi Mehralı Sultanov 14 nəfər əqidə yoldaşı ilə birlikdə yenidən İrana, oradan da Türkiyəyə, İstanbula getmək, mühacir həyatı yaşayan "Həqiqi Sinfi Mübarizə Təkilatı”nın üzvləri ilə birlikdə itirilmiş milli müstəqilliyin bərpası uğrunda daha təsirli formada mübarizəsini davam etdirməyi qərara alır. 1943-cü il iyulun 2-də 14 nəfərlik dəstə üzvü ilə birlikdə gizli yolla Arazı keçmək istəyərkən sərhədçilər tərəfindən tutulur. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının 528 №-li orderinə əsasən o, XDİK-in həbsxanasında saxlanılır. "Cinayət işi”nin istintaqını Dövlət Siyasi İdarəsi dövlət təhlükəsizliyi kiçik leytenantı Karapetyan aparır. Bir il dörd aya yaxın davam edən işgəncəli istintaq 1944-cü ilin sonlarına yaxın başa çatır.

Məşədi Mehralı Sultanov və onun dəstə üzvləri SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında keçirilən Xüsusi Müşavirənin 11 noyabr 1944-cü il tarixli qərarı ilə mühakimə olunurlar. Dəstə üzvlərinin hər biri 5 ildən 10 ilədək azadlıqdan məhrum edilməklə sürgünə göndərilir, Məşədi Mehralı Sultanov isə əmlakı və mülkü müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edilir.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video