Alternative content

17:04 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ehtiram göstərdiyi LİDER
Dünyanın ehtiram göstərdiyi LİDER
ANA SƏHİFƏ / SİYASƏT
00:56 08.01.2019


Azərbaycanın nümunəsində beynəlxalq səviyyədə etiraf olunan faktlardan biri respublikamızın müstəqil siyasət həyata keçirməsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi mövqelərini gücləndirib, dünyada söz sahibinə, regionda liderə çevrilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, dövlət rəhbəri hər cür xarici təsirə, çirkin kampaniyaya, şərəfsiz qarayaxmaya sinə gərib, heç zaman güzəştə getməyib. Cənab Prezident dəfələrlə bəyan edib ki, yürütdüyü müstəqil siyasət və dövlətimizin milli maraqları heç bir halda kənar diktəyə məruz qalmayacaq. Prezidentin qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın iştirakı və razılığı olmadan konkret nəticə əldə edilməsi mümkünsüzdür. İndi Azərbaycan təkcə mövcud olduğu yox, MDB, Şərqi Avropa kimi böyük bir coğrafi ərazidə də əsas nüfuz sahiblərindən biri kimi çıxış edir.


Təcrübəli və uzaqgörən siyasi xadim


Bu günlərdə doğum günü münasibətilə cənab İlham Əliyevə gələn təbrik məktubları Azərbaycan Prezidentinin dünya miqyasında qəbul edilən nüfuzlu siyasətçi olmasından, prinsipial dövlət başçısı kimi tanınmasından xəbər verir. Məsələn, səmimi təbriklərini çatdıran Rusiya Prezidenti Vladimir Putin məktubunda Prezident İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim adlandırır: "Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir.

Vladimir Putin həmçinin yaranmış münasibətləri yüksək qiymətləndirir və Prezident İlham Əliyevlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəslədiyini qeyd edir.

"Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır”. Bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunda yer alıb. Məktubda o da qeyd olunur ki, bu yaxınlarda Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri qardaş xalqlar arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu.

Ukrayna Prezidenti Petro Poroşenko da Azərbaycan Prezidentini təbrik edib. Onun məktubunda yazılır: "Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur”. Petro Poroşenko əmin olduğunu bildirir ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcək.

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı olaraq, həm öz ölkənizdə, həm də onun hüdudlarından uzaqlarda hörmət qazandırıb”. Bunu isə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon yazır.

Əmin olduğunu bildirir ki, Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Prezident İlham Əliyevi təbrik edənlər arasında keçmiş dövlət başçıları da var. Onlardan 2003-2018-ci illərdə Monteneqronun prezidenti olmuş Filip Vuyanoviç yazır: "Dost Azərbaycanın tərəqqisinin təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək beynəlxalq aləmdə dövlətinizin nüfuzunun yüksəlməsi ilə və bir çox sahələrdə digərləri üçün örnək olacaq nailiyyətlərlə iftixar duya bilərsiniz”.

1994-2005-ci illərdə Ukrayna prezidenti olmuş Leonid Kuçma: "Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafelərini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir”.


Prinsipial, güclü və iradəli rəhbər


"Sizin adınız Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur”. Bu fikirlər MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin Prezident İlham Əliyevə təbrikində yer alıb.

Məktubda daha sonra yazılır: "Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir. Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib. Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir”.

Sergey Lebedev əmin olduğunu bildirir ki, İlham Əliyevin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyi siyasi iradə və müdriklik güclü və inkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov isə Prezident İlham Əliyevi Xəzər regionunda sabitliyin qarantı adlandırır: "Siz müdrik və məsuliyyətli, öz vətəndaşlarının firavanlığının qeydinə daim qalan, Xəzər regionunda sabitliyin qarantı kimi çıxış edən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin strateji inkişafını hədəf seçmiş rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız”.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov təbrikində Prezident İlham Əliyevin müdrikliyinin və siyasi uzaqgörənliyinin heyranlıq doğurduğunu yazır: "Mən bilirəm ki, Sizin üçün hakimiyyət əsas məqsəd deyil, yalnız öz xalqına, doğma ölkəsinə real fayda vermək imkanıdır. Bu gün Siz Azərbaycanı yeniləşmə və inkişaf yolu ilə irəli aparırsınız, bu diyarda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hazırkı sabit, uğurlu inkişafı daha çox Sizin adınızla bağlıdır. Bu, dahi atanız Heydər Əliyevin işlərinin davamıdır”.

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev isə təbrikində Prezident İlham Əliyevin uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantı olduğunu qeyd edir. "Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir” deyə Dağıstanın rəhbəri yazır. Onu da qeyd edir ki, Rusiyanın Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov da Azərbaycan Prezidentini təbrik edənlər arasındadır. O, təbrikində qeyd edir: "Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Siz uzaqgörən və müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin fəaliyyət xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən haqlı olaraq dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti seçkilərində növbəti inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişikliklər və iri layihələr atanız, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli davamıdır”.


Azərbaycan ən mühüm məsələlərin həllində fəal rol oynayır


Prezident İlham Əliyevin ünvanına başqa bir təbrik Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Rəşid Alimovdan gəlib. Bu gün Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəlilədiyini qeyd edən Rəşid Alimov daha sonra yazır: "Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov da Prezident İlham Əliyevə təbrik göndərib. O yazır ki, görülmüş işlər nəticəsində inkişafın nümunəvi Azərbaycan modeli formalaşmışdır: "Sizin rəhbərliyinizlə məqsədyönlü, ardıcıl və düzgün qurulmuş fəaliyyət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmış, siyasi, sosial-iqtisadi və mədəni sahələrdə möhtəşəm uğurlar qazanılmışdır. Ölkədə müxtəlif irimiqyaslı beynəlxalq layihələrin və tədbirlərin həyata keçirilməsi ənənə halını almış, dayanıqlı inkişafın nümunəvi Azərbaycan modeli formalaşmışdır”.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də Prezident İlham Əliyevə səmimi təbriklərini çatdırıb: "Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız.

Dmitri Savelyev qeyd edir ki, Prezident İlham Əliyevin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyəti səmimi heyranlıq doğurur.

"Siz, görkəmli siyasi xadim, haqlı olaraq dünya siyasi elitasının ən parlaq nümayəndələrindən birisiniz. Siz bütün enerjinizi geosiyasi məkanda dövlətinizin mənafelərinin qorunmasına, respublikanın bütün vətəndaşları üçün mənəviyyatın və sosial sabitliyin inkişafına sərf edirsiniz”. Bunu isə "Russneft” Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev yazıb. O, əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan iqtisadi firavanlıq yolunu davam etdirəcək, vətəndaşların rifahının durmadan artmasını bütün dünyaya göstərəcək.

Doğum günü ilə əlaqədar Prezident İlham Əliyevin ünvanına çoxsaylı təbriklər gəldi. Təbrik edənlər arasında xeyli sayda dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin, siyasi-ictimai xadimlərin, elm adamlarının adına rast gəlmək olur. Və hər bir təbrikin məzmunu Prezident İlham Əliyevin şəxsiyyətinə dünyada olan yüksək ehtiramdan, Azərbaycanın dövlət başçısının seçilən, hörmət bəslənilən lider olmasından xəbər verir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM