08 Yanvar 2019 00:34
1044
İQTİSADİYYAT
A- A+

Neft kapitalı iqtisadi inkişafa və sosial rifaha xidmət edir


Məlumdur ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Günü bugünədək neft sektoru ölkə iqtisadiyyatında lokomotiv rolunu oynayır. Müstəqilliyimizin bərpasından sonra yaranmış iqtisadi durğunluğu aradan qaldırmaq üçün də neft amilindən istifadə olunmuşdur. 1994-cü il sentyabrın 20-də bağlanan "Əsrin müqaviləsi” məhz buna xidmət edirdi.

Həmin müqavilənin imzalanmasından sonra ölkənin hərtərəfli inkişafa nail olunması üçün milli neft strategiyası işlənib hazırlanmışdır. Məqsəd neft sektorunun imkanlarından istifadə etməklə iqtisadi inkişafa nail olmaq və bu hesaba əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycanda Dövlət Neft Fondu təsis edilmişdir.

Ümumiyyətlə, neftlə zəngin olan ölkələrdə belə fondların təsis edilməsi bu təbii sərvətdən gələn qazancın nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Azərbaycan Respublikası Neft Fondu (ARDNF) institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini bölüşdürməyə qadir olan qurumdur. Çünki ARDNF yaradılarkən analoji dünya təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və ehtiyaclar nəzərə alınmış, neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.

Yaradıldığı gündən şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Fond institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından çox yüksək səviyyədə inkişaf etmiş, müasir standartlara cavab verən beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə etmişdir. Bu, ARDNF-nin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatda da əksini tapıb.

Məlumatda bildirilir ki, hesabat dövründə ARDNF-nin büdcə gəlirləri 14 milyard 437,2 milyon, büdcə xərcləri 8 milyard 5,9 milyon manat təşkil etmişdir. Bu aylar ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 milyard 441,6 milyon, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 658,1 milyon, bonus ödənişləri 765,2 milyon, akrhesabı ödənişləri 4,1 milyon, tranzit gəlirləri 14,2 milyon manat olmuşdur. Hesabat dövrü ərzində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 milyon manata çatmışdır.

Fondun 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 788 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Bundan əlavə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılmışdır. 5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat olmuşdur.

Hesabatda o da bildirilir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 968,7 milyon manat təşkil etmişdir.

2018-ci il oktyabrın 1-nə ARDNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon dollar) nisbətən 8,88 faiz artaraq 38 milyard 987,7 milyon dollara çatmışdır. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına olmuşdur.

Onu da qeyd edək ki, bu sərvətdən ölkənin inkişafı və əhalinin sosial rifahı üçün düzgün istifadə olunmayan dövlətlərdə problemlər yaranır. Bizdə isə neft gəlirlərindən istifadədə tam şəffaflıq təmin olunub. Fondun vəsaitlərindən istifadə edilən sahələr isə əsasən sosial infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin məişət şəraitlərinin yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyev ölkədə icra edilən sosial infrastruktur layihələri ilə bağlı demişdir: "Bu il Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib, tikilib. Bölgələrdə yüzlərlə məktəb təmir edilib, o cümlədən 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulub, 42 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır... Digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir. Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometrdir. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq”.

Bundan əlavə, indiyədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər cür infrastrukturu olan 100-dən çox şəhərcik salınıb. Təkcə bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilib. Keçən ilin 9 ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin edilib. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan ev sahibi olacaq. Bununla da mənzillə, evlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatacaq.

Göründüyü kimi, neft kapitalından şəffaf şəkildə ölkənin ümumi inkişafı və əhalinin sosial rifahının yaxşılaşması üçün istifadə edilir. Üstəlik, bu vəsait hesabına Azərbaycan dünyada ən mükəmməl sosial infrastruktura malik olan ölkələr sırasına daxil olub. Ölkəmizdə icra edilən infrastruktur layihələrin bir çoxu nəinki regionumuz, hətta dünya üçün əhəmiyyətlidir. Belə əhəmiyyətli layihələrin icrası davam edir və sözsüz ki, böyük vəsait tələb edən həmin layihələr neft kapitalı olmadan mümkün deyil.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video