07 Yanvar 2019 16:40
431
DÜNYA
A- A+

Ermənistan Müdafiə Nazirliyinin qərarından sonra yüzlərlə hərbçi sülhməramlı qüvvələrdən ayrılıb


Ermənistanda sülhməramlıların xidmət etdikləri hərbi hissənin İrəvandan çıxarılaraq, başqa əraziyə köçürülməsi burada xidmət aparan hərbi qulluqçuların ciddi etirazlarına səbəb olub.

Yaranan vəziyyəti AZƏRTAC-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq, ölkədə heç bir sahədə islahatlar aparıla bilmir. Əksinə, bütün sahələrdə tənəzzül get-gedə daha da dərinləşir. Xüsusilə, ordunun vəziyyəti gündən-günə acınacaqlı hal alır.

Ermənistan mətbuatında bu yaxınlarda yer alan məqalədə bildirilir: "Yaxın vaxtlaradək Ermənistan silahlı qüvvələrinin İrəvandakı hərbi hissələrinin birində qeyri-sağlam və gərgin atmosfer yaranıb. Müqavilə əsasında xidmət edən hərbi qulluqçulardan ibarət hərbi birləşmədə 400-dən çox hərbçi xidmətdən kənarlaşdırılıb və ya belə bir tələblə komandirə müraciət edib. Sülhməramlı birləşmə ötən ilin avqustundan etibarən İrəvandan çıxarılaraq yaxınlıqdakı yaşayış məntəqələrinin birində yerləşdirilib. Məlumdur ki, bu hərbi hissədə xidmət edən hərbi qulluqçular əsasən Ararat, Araqoçodni və Armavir vilayətlərinin sakinləridir. Müdafiə Nazirliyinin hərbi hissənin yerini dəyişdirilməsi barədə qərarı hərbçilər arasında ciddi narazılığa səbəb olub.

Hərbi hissənin uzaq ərazidə yerləşdirilməsi oraya xidmətə gedən hərbçilərin xərclərinin artması ilə nəticələnib. Çünki hərbi hissənin köçürüldüyü əraziyə getmək üçün hərbçilər yalnız taksi və ya şəxsi maşından istifadə etmək məcburiyyətində qalırlar. Xidmətdən ayrılmazdan əvvəl hərbi qulluqçular məsələ ilə bağlı hərbi hissənin yeni komandiri, polkovnik Artak Tonoyana da müraciət ediblər. O isə bildirib ki, bu, onun problemi deyil. "Köhnə qulluqçuları vəzifədən çıxararaq, yeniləri ilə əvəz edəcəyəm və onlarla istədiyim kimi xidmət aparacağam. İndi kimin maşını yoxdur işə gəlməyəcək”, - deyə A.Tonoyan hərbçilərə belə cavab verib.

Əslində hərbi hissənin yerinin dəyişdirilməsi komandir A.Tonoyanın qərarı deyil. Buna baxmayaraq, A.Tonoyan məsələnin həlli üçün Müdafiə Nazirliyi ilə danışıqlar aparmağa da çalışmır. "Hökumət nə qədər ailənin ac qalacağı ilə maraqlanmır. Evə gedəcəyik və niyə çörək ala bilməyəcəyimizi uşaqlarımıza söyləyəcəyik. Bu sualın cavabını nazir və Baş nazir bilir”, - deyə hərbçilərdən biri bildirib.

Sülhməramlı qüvvələrin İrəvandan çıxarılması barədə söz-söhbətlər illərdir gəzir. Lakin bu məsələ çevriliş baş verəndən və müdafiə naziri dəyişdikdən sonra reallaşdı. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bu hərbi hissədə xidmət edən hərbçilər "məxməri inqilab” zamanı xalqla əlbir hərəkət edirdi. Məhz hərbi qulluqçuların dəstəyi Sarkisyan hakimiyyətinin devrilməsində mühüm rol oynadı. Köhnə iqtidar - Ermənistanın Respublikaçı partiyası öz tərəfindən sülhməramlı qüvvələri siyasi proseslərə cəlb etməyə cəhd göstərdi. Fövqəladə vəziyyət elan edildikdən sonra sülhməramlı qüvvələri aksiya iştirakçılarına qarşı istifadə etmək məqsədilə polis bir neçə dəfə hərbi hissədə olub. Lakin hərbi hissənin şəxsi heyəti polisə qarşı çıxaraq çevriliş tərəfdarlarına dəstək verdi.

Bəzi məlumatlara görə, sülhməramlı hərbi hissənin ərazisi uzun müddətdir "Glendal Hills” şirkətinə məxsusdur və Müdafiə Nazirliyi üç aydan bir icarə haqqını ödəyir. Hərbi hissənin oradan çıxarılmasındakı əsas məqsədlərindən biri də bu maliyyə yükündən yaxa qurtarmaqdır. Eyni zamanda, bu hərbi hissədə xidmət edən hərbçilərə ödənilən vəsait də büdcə üçün əlavə xərclərə səbəb olurdu. Çünki İrəvanda mənzil kirayələməsi üçün hər bir hərbçiyə hər ay 45 min dram məbləğində vəsait ayrılırdı. Paytaxtdan çıxarıldıqdan sonra bu məbləğ 18 min dramadək azalıb. Hərbi qulluqçuların xidmətdən ayrılmasının əsas səbəblərindən biri də budur.

Sülhməramlı qüvvələr 2016-cı ilin aprel döyüşlərində geniş iştirak edib, əsasən Talış istiqamətində ağır əməliyyatlara cəlb olunublar. Burada xidmət edənlərin əksəriyyəti peşəkar hərbçilərdir. Yeni əsgərlərin isə belə təcrübəsi yoxdur. Sülhməramlı qüvvələrin yeni təyin olunmuş komandiri Artak Tonoyan ilə hərbi qulluqçuların münasibətlərində ciddi problemlər var. Artur Tonoyan vəzifəyə təyin edildikdən sonra hərbçilərin hərbi geyim, ayaqqabı və qida məhsulları ilə təminatın keyfiyyəti aşağı düşüb. Xəstəlik səbəbindən xidmətdən ayrılanlar da var”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan "forrights.am” saytına müsahibəsində hərbi hissənin yerinin dəyişdirilməsi barədə xəbəri təsdiqləyib. Lakin o, 400 hərbçinin deyil, təxminən 120 nəfərin hərbi xidmətdən ayrıldığını bildirib. "Hərbi hissələrin daimi yerləşmə yerlərinin dəyişdirilməsi dövlət sirridir. Hərbi hissələrimiz tez-tez şimal-şərqdən qərbə doğru hərəkət etdirilir. Ancaq bu döyüş qabiliyyətimizin heç də aşağı səviyyədə olması demək deyil. Xüsusən, sülhməramlı qüvvələrdə xidmət cəlbedicidir. Çünki Əfqanıstanda və ya Kosovoda xidmət edən sülhməramlılarımız yüksək məvacib alırlar. Nazirlik nəqliyyat və yaşayış üçün heç bir əlavə təzminat təqdim etməyəcək. Bütün məsələlər qanun çərçivəsində həll olunacaq”, – deyə A.Hovhannisyan bildirib.

E.Aşırlı deyib ki, bu hadisə bir sıra narahat məsələləri ortaya çıxarır. Hökumət yalnız maliyyə vəziyyəti, yəni, büdcəyə qənaət etmək haqqında düşünür. Bu isə təcrübəli hərbi qulluqçulara mənfi təsir göstərərək onların hərbi xidmətdən ayrılmalarına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video