06 Yanvar 2019 01:07
1231
SİYASƏT
A- A+

Komandanın diplomat gedişi


İlham Əliyev Ermənistanı həm təcrid, həm də bütün imkanlardan məhrum edib


Keçən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tandımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır.

Əldə edilən nailiyyətlərdən məharətlə istifadə edən Prezident İlham Əliyev işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi vəziyyətini ağırlaşdırır.

Ermənistanda hərbi xuntanın hakimiyyətinə son verilməsi işğalçı ölkədə ötən ilin ən mühüm hadisəsi kimi tarixə yazıldı. Sarkisyan-Koçaryan koalisiyasından, onun yaratdığı xaosdan bezən xalq Ermənistanda hakimiyyətin devrilməsində fəal iştirak etdi. Baş nazir vəzifəsini ələ keçirən sabiq prezident Serj Sarkisyana qarşı kütləvi şəkildə çıxanlar onu devirə bildilər. 11 gün davam edən etiraz aksiyalarından sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verməli oldu.


Xalq hərbi xuntanı devirdi


Hələ ötən il aprelin 17-də Serj Sarkisyanın parlamentdə baş nazir kimi təsdiq edilməsindən sonra etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bildirmişdi ki, minlərlə etirazçı Ermənistanda qeyri-zorakı məxməri inqilabı təşkil edir. Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan ölkəni iflic edən kütləvi etirazlarla istefa verməyə məcbur oldu.

"Vətəntaş müqaviləsi” partiyasına və "Mənim addımım” hərəkatına rəhbərlik edən Nikol Paşinyan ultimatum şəklində bəyan etdi ki, o, mütləq baş nazir olmalıdır. Əks təqdirdə, Paşinyan hakimiyyəti daha genişmiqyaslı etiraz aksiyaları ilə hədələdi. Baş verənlərə hakimiyyətin münasibəti isə onun özülünün nə qədər zəif olduğunu aydın şəkildə üzə çıxardı. Hakimiyyət Serj Sarkisyan başda olmaqla Paşinyana təslim oldu. Hərbi xuntanı devirmək istəyənlər məqsədlərinə nail oldular.

Bunun proqnozunu Prezident İlham Əliyev həmişə söyləyirdi. Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.


İlham Əliyev Ermənistan rəhbərliyini "ofsayt”a salıb


Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, onun sabiq baş naziri Serj Sarkisyanı şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Prezident İlham Əliyevin siyasəti sayəsində Sarkisyan və onun hazırkı sələfi Paşinyan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir. İşğalçı ölkədə açıq bəyan edilir ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında keçmiş və hazırki iqtidar duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.

Elə indinin özündə də həyata keçirdiyi işğal siyasəti Ermənistanın regional təcridinin daha da dərinləşməsi ilə müşayiət edilməkdədir. Burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin düşdüyü təcrid vəziyyətindən xilas olmaq istiqamətində edilən cəhdlər birmənalı şəkildə iflasa uğrayır. Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır.

Digər tərəfdən, region dövlətlərin və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də Ermənistanın işğalçılıq siyasətindən dünyada artan narazılığın real göstəricisidir. Belə vəziyyətdə aydındır ki, Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir.

Artıq birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks təqdirdə, Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq.

Bunu əslində, bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın dərk edirlər. Bununla bağlı Ermənistanın "İravnuk” qəzeti yazır ki, Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.

Qəzet Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz olduğunu, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib getdiyini də xüsusi olaraq diqqətə çatdırır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan uzun müddətdir ki, işğalçı ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Beləliklə, Azərbaycan mövqeyini qəti şəkildə ortaya qoyur və bildirir ki, məsələnin sülh yolu ilə həlli üçün müvafiq addımlar atılmasa, onda hərb qaçılmaz olacaq.


İşğala son qoyulmasa iflas qaçılmazdır


Hərb variantı işğalçı ölkə üçün daha böyük problemlər deməkdir və elə ötən il ərzində erməni tərəfi buna bilavasitə şahidlik etdi. Belə ki, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri 2018-ci ildə də döyüş meydanında uğurlu əməliyyatlar həyata keçirdi. May ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Bunun özü Ermənistanda kifayət qədər ciddi təşvişə yol açdı və elə indinin özündə də düşmən ölkədə ciddi rezonans yaratmaqda davam edir. Erməni ekspert David Şahnazaryan bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb: "Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində rəqib Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxımından hamımız üçün ağır olacaq”.

Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etmələri fonunda Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı diqqət çəkir. Nikol Paşinyan da bu yaxınlarda nəhayət, etiraf etmişdi ki, mövqelərin yerdəyişməsi baş verib. Bu xüsusda Paşinyan bildirmişdi: "Mən rəsmi olaraq bəyan edirəm ki, mayın 8-i tarixinə Ermənistanın nəzarəti altnda olan torpaqlar bu cür olaraq qalır”.

Lakin Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan Ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib. İngilisyanın hələ noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölmələrinin yeni mövqelərdə möhkəmlənməsinin nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar. Ümumilikdə, 11 min hektara yaxın ərazi Azərbaycan tərəfdən nəzarət altına alınıb ki, bunun da 8 min hektardan çox hissəsi əkinçilik üçün yararlıdır.


KTMT fiaskosu


Ötən il diqqət çəkən daha bir məqam isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən azad edilməsi oldu.

Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Halbuki, işğalçı ölkə bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı. Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyan bu məsələdə kifayət qədər arxayın bir mövqe sərgiləyirdi. Elə bunun nəticəsi idi ki, Paşinyan 2008-ci ilin martında Yerevanda prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı ordunun tətbiq edilməsi işindən yapışdı, bir-birinin ardınca bu işdə əli olanlara, o cümlədən həmin dövrdə Yerevan qarnizounun komandanı olmuş KTMT baş katibi, Rusiyaya sıx bağlı olan general Yuri Xaçaturova cinayət işi qaldırılmasına getdi.

Paşinyanın hökuməti onun geri çağırılması və yerinə Ermənistanın başqa nümayəndəsinin göndərilməsi mexanizmini tapmağa çalışsa da, Xaçaturov ötən ilin noyabrında keçirilən Astana sammiti ərəfəsində özü istefa verdi. Baş nazir Nikol Paşinyan Astanaya yola düşməzdən əvvəl deyirdi ki, sammitdə Xaçaturovun istefasını baş katib postunun fors-major situasiyada boşalması ilə eyniləşdirəcək. Və israr edəcək ki, əsasnamədə bunun əksini göstərən heç bir müddəa olmadığından Ermənistan Xaçaturovun yerinə 2020-ci ilə qədər öz nümayəndəsini, indiki halda keçmiş müdafiə naziri Mikael Arutyunyanı göndərə bilər.

Bütün bunlardan sonra KTMT-yə üzv ölkələrin başçıları Astanaya toplaşdılar və əsas məsələ - blokun yeni baş katibinin seçilməsi barədə 3 saatdan çox bağlı qapılar arxasında müzakirə apardılar. Müzakirələrdən sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev elan etdi ki, bu məsələdə yekdil mövqeyə gəlmək mümkün olmayıb və dekabrın 6-da yenidən müzakirə aparılacaq. Amma Nazarbayev onu da elan etdi ki, daha Ermənistanın öz nümayəndəsini göndərmək şansı yoxdur, bloka rotasiya qaydasına uyğun olaraq Belarus nümayəndəsi başçılıq etməlidir.

Barəsində bəhs edilən tədbir həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Belə vəziyyətdə maraq doğuran odur ki, qurum Azərbaycanı burada müşahidəçi qismində görməyi planlaşdırır. Bu da o deməkdir ki, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz nizamnaməsində dəyişiklik etdi. Beləliklə, Azərbaycan təşkilat yanında müşahidəçi dövlət statusunu qazanır. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi isə bu fonda gördü ki, KTMT-də Azərbaycanın çox böyük nüfuzu var.

Bu da məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı münasibətləri, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var. Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı. Astanada sammitdə baş verənlərdə Azərbaycan Prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz.

Ermənistanda da etiraf edirlər ki, Azərbaycan üzv olmasa da, KTMT-də çox güclü mövqeyə malikdir. Elə bunun nəticəsidir ki, Ermənistan mətbuatı və işğalçı ölkənin ekspert dairəsi indi də KTMT-nin Astana sammitində baş verənləri faciə kimi dəyərləndirir. 1995-1998-ci illərdə KTMT-nin baş katibi olmuş Stepan Qriqoryan Astana sammitində baş verənləri ciddi böhran kimi səciyyələndirir. Onun qənaətinə görə, Ermənistan üçün ən ciddi təhlükə Belarusun KTMT-nin baş katibi postuna irəli sürdüyü namizədlə bağlıdır. Belə ki, Belarusun irəli sürdüyü namizəd hərbi akademiyanı Bakıda bitirib və Azərbaycanla sıx əlaqələri var.

Ermənistan müxalifətinin təmsilçisi, işğalçı ölkənin parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirir ki, Ermənistanın təhlükəsizlik sahəsində öz mövqelərini itirməsi göz qabağındadır: "Baş katib postunun Belarusa keçəcəyinə artıq şübhə yoxdur və bu, Paşinyan hökumətinin növbəti iflasıdır”.

Ekspertlərin fikrincə, Eduard Şarmazanovun Ermənistanın yeganə istinad nöqtəsi olan KTMT-də də iflasa uğramasının səbəblərini Paşinyan hökumətində axtarması təbiidir. Astana sammitində baş verənlərlə bağlı "Moskovskiy komsomolets” qəzetində dərc olunan analitik şərhdə maraqlı bir məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, əgər Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır.


Total saxtakarlıqla baş tutan parlament seçkiləri


Ermənistanda son parlament seçkilərinin nəticələri isə bu ölkənin iflasının qaçılmaz olduğunu bir daha sübut etdi. Ötən ilin dekabrında keçirilən növbədənkənar parlament seçkiləri də mahiyyət etibarı ilə əvvəlkilərdən fərqlənməyərək total şəkildə çoxsaylı qanun pozuntuları ilə yadda qaldı. Özü də bu o şəraitdə baş verdi ki, seçici fəallığı o qədər də yüksək olmadı. Səsvermə hüququna malik olan vətəndaşların 48,63 faizi seçkilərdə iştirak etdi.

Ermənistanda rəsmi rəqəmlərə əsasən, səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir. Seçkiyə onların yarıdan çoxu, yəni, 51,37 faizi qatılmayıb.

Bir sözlə, seçkilər göstərdi ki, erməni xalqı idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar edir. Odur ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi və küçələrə axışan kütlənin təzyiqilə oxlokratik rejim qurmuş Paşinyan xalqın böyük əksəriyyətinin etimadını qazana bilmədi.

Bununla belə, Ermənistanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın alyansı parlament seçkisində qalib gəlib. Alyans səslərin 70 faizindən çoxunu yığaraq, Paşinyanın sözlərilə desək, ölkəyə "inqilabi çoxluğu” qazandırıb. Paşinyanın "Mənim addımım” alyansı səslərin 70,4 faizini qazanıb. Hakimiyyət çevrilişi zamanı Paşinyana dəstək verən oliqarx Hagik Tsarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan” partiyası isə səslərin 8,3 faizini əldə edib.

Liberal, qərbyönümlü "İşıqlı Ermənistan” partiyası 6,4 faiz səslə üçüncü yeri tutub. Bu partiyaya Paşinyanın müttəfiqi Edmon Marukyan başçılıq edir.

Sabiq prezident Serj Sarkisyanın sədri olduğu "Respublika” partiyası isə səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan 5 faizlik baryerdən azdır. "Daşnaktsütyun” partiyası 3,9 faiz səs toplayıb.

Mövcud qanunvericiliyə əsasən, parlamentdə minimum 3 partiya təmsil olunmalıdır. Eyni zamanda, heç bir partiya parlamentdə yerlərin üçdə-ikisini, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Səslərin heç olmasa 33 faizi müxalifət partiyasına verilməlidir.


Sosial-iqtisadi böhran dərinləşir


Sosial-iqtisadi sahədə böyük problemlər yaşayan Ermənistanda vəziyyətin getdikcə daha da pisləşməsi müşahidə olunur. Hakimiyyətin dəyişməsi ilə nəticələnmiş inqilab eyforiyası bitdikdən sonra Ermənistanda mövcud sosial-iqtisadi problemlər yenidən ön plana çıxıb. İndi cəmiyyət yeni hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Lakin məlum hakimiyyət dəyişikliyinə rəğmən, qeyd olunan istiqamətlər üzrə müsbətə doğru dəyişən nəsə yoxdur. Əksinə, düşmən ölkənin çöküşünün daha sürətli xarakter alacağı proqnozlaşdırılır. Bunu Ermənistanın cari il dövlət büdcəsindən də görmək olar.

Büdcənin gəlirləri 1,5 trilyon dram, xərcləri 1,6 trilyon dram göstərilir. Qeyd edək ki, 1 dollar 480 drama bərabərdir. Amma məsələ bundadır ki, bu fonda büdcədə sosial ödənişlərdə, maaşlarda hansısa artım yoxdur. Bununla bağlı ekspert Babken Tunyan qeyd edir ki, ölkədə "məxməri inqilab” da hansısa nailiyyətə nail olmadı. O bildirir ki, Ermənistanda təqaüd və maaşlar artmayacaq. Onun sözlərinə görə, bu gün ölkədəki pensiyaçıların təqaüdləri 100 dram artırılarsa, bu, dövlət büdcəsinə çox böyük məbləğə başa gələ bilər: "Təbii ki, belə bir addımın atılmasının ölkə əhalisinin rifahına elə də böyük bir təsir göstərməyəcəyini nəzərə alsaq, bu halda, belə bir sual doğa bilər: hökumət tərəfindən belə bir addım atılmasına dəyərmi? Əslində, pensiyaçıların təqaüdlərinin 1000 dram artırılması ölkədəki bugünkü qiymət artımı ilə müqayisədə heç nədir, yəni, belə bir addımın atılması xalqın rifah səviyyəsinin yüksəlməsinə heç bir təsir göstərə bilməz. Əslində, bu seçimi Nazirlər Kabineti etməlidir. Ermənistanda insanlar erkən seçkilərdən sonra "məxməri inqilab”ın iqtisadi təsirləri haqqında tez-tez danışmağa başlayıblar. Əgər doğrudan da, deyildiyi kimi, ölkədə vergi gəlirləri artırılacağı təqdirdə, pensiya və maaşların səviyyəsində artım olmayacaqsa, bunun əhali arasında hansı effekt verəcəyini də anlamaq lazımdır”.

Bir daha xatırladaq ki, Ermənistan parlamentinin 2019-cu il üçün qəbul etdiyi dövlət büdcəsində respublikada minimum əməkhaqqı və əmək pensiyalarının eyni səviyyədə qalacağı bildirilib. Bununla yanaşı, əmək pensiyalarının hesablanmasında da heç bir dəyişiklik edilmir. Bu gün Ermənistanda pensiyaların miqdarı 16 min dram civarındadır.

Maraqlıdır ki, "Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov yeni hökumətin vergi artımı hesabına ölkədəki pensiya və maaşların artırılacağı barədə dediklərinin populizmdən başqa bir şey olmadığını bildirib. Ermənistanda sadəcə, bu ilin büdcəsində hərbi xərclərin artırılması nəzərədə tutulur ki, bunun da reallaşması böyük sual altındadır.

Qeyd edək ki, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb. İşğalçı ölkənin müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə 2017-ci ildəkinə nisbətən 17,6 faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il isə ermənilər bu göstəricini təxminən 647 milyon dollara çatdırmaq niyyətindədirlər.

Hərbi büdcənin bu cür artırılması ümumi daxili məhsulda hiss ediləcək şəkildə əks olunub. Belə ki, bu göstərici bu il 3,8 faizə yaxın olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli artımı əlbəttə ki, Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbəti 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükədir. Amma bu artım Ermənistanın Azərbaycan ilə ayaqlaşa biləcəyi demək deyil. Əksinə, hərbi büdcənin belə artımı Ermənistan iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir. Digər tərəfdən isə hətta indiki artım nəzərə alınmaqla Ermənistanın hərbi büdcəsinin Azərbaycandakına çatmasına hələ çox var. Bu baxımdan, Ermənistanın hərbi büdcəsini artırması onun çöküşünü daha da sürətləndirəcək.

Ermənistan həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri azaltmaqla nail ola bilər. Əslində, artıq müəyyən azalmalar özünü göstərir. Məsələn, Ermənistan prezidenti Armen Sarkisyanın aparatı "Airbus” təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri 741 milyon dram və ya 1,5 milyon dollar azaldılıb. 2019-cu il üçün prezidentin xərcləri 1,183 milyard dram və ya 2,4 milyon dollar təşkil edəcək. Bu da 2018-ci ildəki analoji göstəricinin 61,5 faizini təşkil edir.


Yoxsulluq, işsizlik və miqrasiya problemi


Erməni mediası yazır ki, indiki hakimiyyət komandasının fəaliyyəti nəticəsində Ermənistanın boşalması davam edəcək. Bunun əsas səbəbi kimi məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına görə təcrid vəziyyətinə düşmüş Ermənistanın inkişafdan geri qalması göstərilir. Bu durumda ölkədə əhalinin sayının ildən-ilə azalması elə bir həddə çatıb ki, daha nə vaxtsa artacağı barədə qorxa-qorxa danışırlar.

Ekspert Naira Zohrabyan bu xüsusda bildirir: "Əgər Ermənistanda real iqtisadi artım olsaydı, yüksək sürətli miqrasiya və vətəndaşlığı dəyişmək lazım gəlməzdi. Ermənistanın depopulyasiyası, yəni, əhalinin ölkəni tərk etməsi aşkar faktdır. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmirlər. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur, hərçənd bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Bunu nəzərə alsaq, faiz dərəcəsi daha da böyüyəcək. Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmirlər. Beynəlxalq səviyyədə ərzağın qiyməti aşağı düşür, Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk edir”.

Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk isə qeyd edir ki, yaranmış durumda Ermənistanda xaos yüksələn xətt üzrə inkişaf edir: "İndiyə kimi Ermənistanın yeni baş naziri Nikol Paşinyana öz öhdəliklərini yerinə yetirməkdə heç kim mane olmurdu və o, bu müddətdə əsas sahələrdə həyat səviyyəsini yaxşılaşdıra, o cümlədən tariflərin endirilməsinə nail ola bilərdi. Ancaq bu, baş vermədi və parlamentin yeni tərkibi ilə də baş verə bilməzdi. Buna görə Ermənistanda xaos yüksələn xətt üzrə inkişaf edir. Bu, o deməkdir ki, Ermənistana sabitliyin qayıtması üçün uzun müddət lazımdır. Və burada kütlə istənilən anda Paşinyanı endirə bilər”.

Bütün bunlar bir daha Ermənistanda gərgin vəziyyətin davam edəcəyini aydın nümayiş etdirir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video