06 Yanvar 2019 00:59
835
İQTİSADİYYAT
A- A+

Bataqlıqlar üzərində tikilən modern sənaye kompleksi


Neftçala Sənaye Məhəlləsi yeni iqtisadi inkişaf strategiyasının bəhrəsidir


Zamanın tələblərinə uyğun olaraq ölkəmizdə aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və makroiqtisadi sabitlik güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir müəssisə açılıb, yerli məhsulların istehsalı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi çoxalıb.


Sənayenin inkişafına dair dövlət proqramı bəhrəsini verir


Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi seçilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Artıq "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər öz bəhrəsini verməkdədir.

Ölkəmizdə qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır.

Azərbaycan Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanına əsasən, respublikamızda sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr 2017-ci ildən reallığa çevrilib. Yəni, 2017-ci il Azərbaycan sənaye sektorunda yeni mərhələnin başlanğıcı kimi tarixə yazıldı, desək, yanılmarıq. Çünki 2017-ci ilin sentyabr ayında Azərbaycanın ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb.


Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi


Sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Regionlarda yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.


Şoran torpaq üzərində salınan sənaye məhəlləsi


Beş il öncə, 2014-cü il may ayının 28-ində - Respublika Günündə Neftçalaya səfər edən İlham Əliyev xüsusi göstəriş verərək bildirdi ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ərazi ayrılmalı və bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunmalıdır: "İctimaiyyət və rayon rəhbərliyi yer müəyyən etsin. Həmin ərazidə dövlət hesabına infrastruktur layihələri icra olunacaq. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaq ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcək”.

Dövlət başçısının göstərişindən sonra ərazi müəyyənləşdirildi və 2015-ci il fevral ayının 2-də Neftçala rayonunda Azərbaycanın ilk sənaye məhəlləsinin yaradılması haqqında sərəncam imzalandı. Sənaye məhəlləsinin inşası üçün 10 hektar torpaq sahəsi ayrıldı. İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tikinti işlərinə torpağın şoran və bataqlıq olması mane olurdu. Bu səbəbdən də torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün bir müddət drenaj, bərkidilmə-qurudulma işləri aparıldı və bundan sonra sürətli tikinti-quruculuq işlərinə başlanıldı. Tez bir zamanda burada böyük sənaye kompleksi yaradıldı və 2017-ci il sentyabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə məhəllənin açılış mərasimi keçirildi.


45,3 milyon manat investisiya, 9 müəssisə


Artıq il yarımdır ki, Neftçala Sənaye Məhəlləsi fəaliyyətdədir. Bu qısa müddət ərzində məhəllədə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar "Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazarlarda satışa çıxarılır.

İlk sənaye məhəlləsində bu gün aqrar sektor üçün mühüm əhəmiyyət kəsb edən pivot suvarma sistemləri, təkrar emaldan hazırlanan taralar, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq, toyuq, xırda və iribuynuzlu mal-qara yemi, plastik məmulatlar, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Məhəllədə ümumilikdə 500-ə yaxın iş yeri açılıb.

Məhəllədə sahibkarlar üçün yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün Neftçalaya üz tutduq.


Yüksək standartlara cavab verən 7 istehsal korpusu


Bir zamanlar bataqlıqlar içərisində olan ərazidə tikilən böyük sənaye kompleksi göz oxşayır. Məhəlləyə gedən yollar asfaltlanıb, ətrafına müxtəlif ağaclar əkilib və işıqlandırma sistemi ilə təchiz olunub.

Sənaye məhəlləsinin idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti”dir. Şirkət tərəfindən burada 5 MVt gücündə transformator, 25 m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı yaradılıb, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri görülüb. Sənaye məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal korpusu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə), texniki və köməkçi binalar (1000 m2) tikilib.

Direktor Nəriman Xəlilov deyir ki, ümumiyyətlə, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin üstünlüyü ondan ibarətdir ki, ilk növbədə, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.


Ofis, sığorta, poçt, tibb məntəqəsi və kitabxana


İstehsal korpuslarından öncə inzibati bina ilə də tanış olduq. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofislərdən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, kitabxana, "Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.

Bir sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından Neftçala Sənaye Məhəlləsinin yaradılması böyük əhəmiyyət kəsb edir.


12 milyon ədəd banka konserv və 1000 ton soyudulmuş təzə balıq


Neftçala Sənaye Məhəlləsinin rezidentlərindən biri "Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi, balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərən müəssisədə ildə 12 milyon ədəd şərti banka (250 qr) konserv və 1000 ton soyudulmuş təzə balıq istehsal olunur.

2017-ci ilin oktyabrında istifadəyə verilən müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin edilib.

Balıq konservi istehsalının texnoloji prosesinə gəlincə isə müəssisənin təsisçisi Şamxal Məmmədov bildirdi ki, öncə xammal anbarlara yığılır. Müasir avadanlıqlar vasitəsi ilə balıqların buzları əridilir, təmizlənir və qablaşdırılır. Sonra isə buxarla nəmlik çıxarılır, souz əlavə edilir və qapaq bağlanır. Bu prosesdən sonra hazır məhsul sterilizasiya edilir, qab qurudulur, üzərinə etiket vurulur, termo paketləmədən keçir və hazır məhsul kimi anbara yığılır.

Soyudulmuş təzə balıq emalının texnoloji prosesi də maraqlıdır. Balıq qəbul olunduqdan sonra müasir avadanlıqlarda yuyulur və təmizlənir, qablaşdırılır və hazır məhsul kimi anbara ötürülür.

Təsisçinin sözlərinə görə, müəssisədəki avadanlıqlar Almaniya, Niderland, Norveç, Estoniya və Danimarkadan gətirilib.


Dünyanın ən müasir suvarma sistemləri


Sənaye məhəlləsində balıq, toyuq və mal-qara yemi istehsalını həyata keçirən "Kəhf” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyətdədir. İllik istehsal gücü 25 min ton olan müəssisənin yaradılmasına 12 milyon manat investisiya yatırılıb. İllik dövriyyəsi 30 milyon manatdır.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 30 nəfərə yaxın şəxs işlə təmin edilib. Yem istehsalını həyata keçirən avadanlıqlar, yəni, müasir texnologiya Avstriya və Türkiyədən gətirilib.

Sənaye məhəlləsinin digər bir rezidenti "Gilan PİVOT” MMC-dir. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma - yəni, "Pivot” suvarma sistemləri istehsal olunur. Bu yeni texnologiya əkin sahələrinin suvarılma sisteminin daha da asanlaşdırılmasına xidmət edir. "Pivot” sistemləri dünyada ən müasir və ən səmərəli suvarma vasitəsidir. Bu sistem məhsuldarlığı bir neçə dəfə artırır. Artıq bu sistemdən Azərbaycanda təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və demək olar ki, aqrar sektorda böyük dönüş yaradıb.

Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir.


Kənd təsərrüfatı təyinatlı taralar, polietilen suvarma boruları


Məhəllədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal edən "Metak” MMC-nin illik istehsal gücü 2 milyon taradır. Müəssisəyə 1,35 milyon manat investisiya qoyulub və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. Həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayır.

Məhəllədəki "Toğrul-2008” MMC isə polietilen suvarma boruları istehsal edir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Müəssisənin həm Neftçalada, həm də ətrafdakı yaxın rayonlarda tullantı polietilen məhsullarının qəbulu məntəqələri mövcuddur. Bu məntəqələrdə toplanan plastik tullantılar müəssisəyə gətirilərək yenidən xammala çevrilir və həmin xammaldan polietilen suvarma boruları hazırlanır. İstehsal edilən məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.


Modul tipli məktəb binaları


Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan "Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsinin rezidentlərindəndir.

80 min manat investisiya yönəldilən müəssisədə hazırda 15 nəfər çalışır. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və müvəqqəti olaraq səyyar məktəb quraşdırılır.

2018-ci ildə 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəz edilib. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda quraşdırılıb.


Kağız stəkanlar içərisində quru çay və kofe


"Sun Rise Production” MMC-nin sənaye məhəlləsində yaratdığı müəssisədə isə kağız stəkanlar və hazır içkilər istehsal olunur. Yəni, kağız stəkanların içərisinə çay və kofe yerləşdirilir. Bu stəkanlara sadəcə olaraq qaynar su tökməklə içkini hazır vəziyyətə gətirmək olur.

Xammalı Türkiyədən alan müəssisənin istehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.

Fəaliyyətə başladığı 2017-ci ildə ayda 200 min ədəd kağız stəkan sifarişi alan müəssisədə indi yenilənmə prosesi gedir. Belə ki, kağız stəkanların həm formatı, həm də ölçüsü dəyişir. Beləliklə, daha maraqlı dizaynda və böyük ölçüdə stəkanlar istehsal ediləcək.


Plastik tullantılar üçün metal konteynerlər


Burada fəaliyyət göstərən digər bir müəssisə isə "Petroqeoqaz” MMC-dir. Müəssisədə əsasən kənd təsərrüfatı avadanlığı və metal konstruksiyalar istehsal edilir. Bunların içərisində üzən su nasosları, "Pivot” suvarma sisteminin detalları - böyük və kiçik mala və ütü qoşquları, eləcə də plastik tullantılar üçün metal konteyner.

Müəssisənin rəhbəri Bayram Vəliyevin sözlərinə görə, plastik tullantılar üçün metal konteynerlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişləri əsasında hazırlanıb. 500 ədəddən çox sifariş artıq icra olunub. Belə ki, Neftçala, Salyan, Saatlı, Sabirabad, Hacıqabul, İmişli rayonlarından alınan sifarişlər əsasında da plastik tullantılar üçün metal konteynerlər hazırlanıb. Müəssisədə həmçinin küçə işıqlandırılması üçün metal dayaqlar istehsal olunur.

Sənaye məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxanada isə müxtəlif məmulatlar hazırlanır. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb.

Azərbaycanın ilk sənaye məhəlləsini gəzib dolaşaraq burada sahibkarlar üçün yaradılan şəraitin şahidi olduq. Neftçalanın inkişafında çox böyük rolu olan bu sənaye məhəlləsinin fəaliyyəti həm rayon, həm də ölkə iqtisadiyyatına çox böyük təkan verir. Sənaye məhəlləsinin yaradılması əslində, bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Ötən il Masallı Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, bu il isə Hacıqabul Sənaye Məhəlləsinin açılışı olacaq. Sabirabadda isə tikinti-quruculuq işləri gedir.

Bir sözlə, İlham Əliyevin vaxtilə verdiyi qərarlar artıq həyatda öz əksini tapır və ölkəmizdə modern sənayeləşmə istiqamətində aparılan siyasət uğurlu nəticələr verir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video