05 Yanvar 2019 16:25
1174
Təhsil
A- A+

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən sualları cavablandırıb

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən sualların cavablarını açıqlayıb.

AZƏRTACTəhsil Nazirliyinə istinadla həmin sualları və cavabları təqdim edir.

"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” nə deməkdir?

"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” dedikdə şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsi nəzərdə tutulur.

Mənim övladım xüsusi təhsil müəssisəsində oxuyur. Onun məktəb üzrə nailiyyətləri bu Qayda əsasında qiymətləndiriləcəkmi?

Xeyr, bu Qayda xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş, sağlamlıq imkanları məhdud şəxslərin və ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların qiymətləndirilməsinə şamil edilmir.

Hazırda müəllim işləyirəm. Şagirdlərin diaqnostik qiymətləndirilməsinin aparılması məcburidirmi?

Bəli, şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədilə diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmalıdır.

Bəs formativ qiymətləndirmə necə? Əvvəlki qayda üzrə də mən şagirdlərin formativ qiymətləndirilməsini aparırdım, lakin onun nəticəsini "Məktəbli kitabçası”nda sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə Roma rəqəmi ilə qeyd edirdim. Axı 45 dəqiqə ərzində sinif üzrə bütün şagirdlərin formativ qiymətləndirilməsini aparmaq və nəticələrinin sözlə həm "Məktəbli kitabçası”nda, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması qeyri-mümkündür.

Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir.

Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması, nəticələrin "Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticələrinin "Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.

Formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə etməliyik?

Xeyr, formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi testlə yanaşı, yazı işlərindən, çalışmalardan da istifadə edilməsi tövsiyə olunur.

Summativ qiymətləndirmə ləğv olunub?

Xeyr, yalnız I siniflərdə bütün summativ qiymətləndirmələr ləğv olunub.

Bəs II-III siniflərdə qiymətləndirmə necə olacaq?

II-III siniflərdə yalnız böyük summativlər ləğv olunub. Kiçik summativlər isə keçiriləcək.

Əvvəllər dərs dediyim siniflərdə 4 həftədən tez, 6 həftədən gec olmayaraq, kiçik summativlər keçirirdim. İndi belə çıxır ki, bu qayda artıq yoxdur?

Bəli, həmin qayda artıq qüvvədən düşüb. Yeni qaydaya əsasən, hər fənn üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla kiçik summativ qiymətləndirmə keçirilməlidir. Belə ki, artıq təkcə bölmənin sonunda deyil, bölmənin daxilində də kiçik summativ qiymətləndirmə keçirmək mümkündür. Məsələn, Azərbaycan dili fənni üzrə təkcə "İsim” bölməsinin sonunda deyil, bölmənin daxilində (məsələn, ismin hallarını keçib qurtarandan sonra) də kiçik summativ qiymətləndirmə keçirmək olar.

Kiçik summativ qiymətləndirmə üçün ayrıca dərs saatı olmalıdır?

Xeyr, hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

Övladım liseydə oxuyur. Mən yeni qaydaları alqışlayıram. Məsələ ondadır ki, övladımın yalnız ana dili, riyaziyyat və xarici dil fənləri üzrə böyük summmativ qiymətləndirilməsinin keçirilməsindən narahatam.

Yeni qaydalara əsasən, lisey, gimnaziya və istedadlı şagirdlərin yetişdirilməsi ilə məşğul olan digər təhsil müəssisələrində buraxılış fənləri ilə yanaşı, Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş digər maksimum 3 fənn üzrə də böyük summativ qiymətləndirmə təşkil olunacaq. Eyni zamanda, ümumtəhsil məktəblərində də Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Məni çaşdıran nailiyyətlərin 100 ballıq şkala ilə ölçülməsidir. Mən nədən bilim ki, övladımın topladığı bal hansı qiymətə uyğundur?

Təhsilalanın summativ qiymətləndirmələrdə topladığı ballar 2, 3, 4, 5 qiymətlərinə uyğunlaşdırılaraq, həm "Məktəbli kitabçası”nda, həm də sinif jurnalında qeyd olunacaq.

Övladım dərslərini yaxşı oxuyur. Amma tez-tez xəstələnir. Məktəbə getmədiyi gündə kiçik summativ keçirilsə, necə olacaq?

Təhsilalanın üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.

Yəqin ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə olunacaq. Bəs şagirdlərin yazı qabiliyyətinin inkişafı necə olsun?

Summativ qiymətləndirmədə təhsilalanlar üçün qiymətləndirmə vasitəsi kimi təkcə test deyil, imla, inşa, ifadə, çalışma, məsələdən də istifadə edilməsi tövsiyə olunur.

Summativ qiymətləndirmənin nəticəsindən narazı qaldıqda nə etməliyik?

Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Onların qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin Təhsil Nazirliyinə müraciət etmək hüququ var.

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar nə vaxtdan tətbiq olunur?

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video