05 Yanvar 2019 00:34
1532
SİYASƏT
A- A+

26 səfər, 94 yeni obyektin açılışı


Regionların sosial-iqtisadi inkişafı 2018-ci ildə də Prezident İlham Əliyevin fəaliyyət prioritetlərindən olub


2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək "...əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların problemləri ilə məşğul olacağam” vədini verən və sözünün arxasında duran İlham Əliyevin 16 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər Azərbaycanın bölgələrinin simasını büsbütün dəyişib gözəlləşdirdi, desək, yanılmarıq.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 16 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənərək ona ən güclü dayaq olub.


Regionların davamlı və tarazlı inkişafı


Təbii ki, son 16 ildə müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri ölkənin regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların inkişafına dair 3 dövlət proqramının uğurla icrası ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

Dövlət başçısının mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarına səfərlər etməsi və görülən işlərlə şəxsən maraqlanması, tapşırıqlar verməsi, əhali ilə səmimi söhbətlər etməsi deyilənləri bir daha təsdiqləyir.

Ötən ilin statistikasına nəzər yetirsək görərik ki, il ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, eləcə də aqrar sektorun inkişafına dair müşavirələr keçirib.

Beləliklə, ötən il dövlət başçısı Qusar (30 yanvar), Mingəçevir (27 fevral), Bərdə (25 mart), Xaçmaz (4 may), Xızı (4 may,11 oktyabr), Naxçıvan Muxtar Respublikası (16 may), Goranboy və Naftalan (5 iyun), Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr), Şamaxı, İsmayıllı (25 avqust), Biləsuvar, Masallı (18 sentyabr), Quba (11 oktyabr), Lənkəran, Astara, Lerik (15 oktyabr), İmişli (22 oktyabr), Qax, Şəki (28-29 oktyabr), Ağdam, Ağcabədi (5 noyabr) və Abşerona (24 dekabr), ümumilikdə 23 rayon və şəhərə 26 dəfə səfər edib, 94 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.


2018-ci ildə bölgələrdə ərsəyə gələn mühüm iqtisadi layihələr


Hər il olduğu kimi, 2018-ci ildə də regionların sosial-iqtisadi inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.

Dövlət başçısı yeni müəssisələrin işə düşməsi, istismara verilməsi mərasimlərində iştirak edərək öz xeyir-duasını verib.

Ötən il Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.

Göründüyü kimi, ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri, zavod və fabriklərin yaradılması prosesi uğurla davam etdirilir. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.


Bir il ərzində reallaşan sosial infrastrukturlar


Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət və Prezident İlham Əliyevin çevik iqtisadi islahatları nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin etməkdədir.

Prezident keçən il Mingəçevir, İmişli və Şəkidə "ASAN Həyat” komplekslərinin açılışlarını edib. Həmçinin "ABAD” publik hüquqi şəxsin Qubadakı "ABAD Factory” İstehsalat Kompleksinin, Şəkidəki "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılış mərasimlərində olub.

Dövlət başçısının iştirakı ilə ötən il həmçinin Naftalan və Quba şəhər mərkəzi xəstəxanaları, Lənkərandakı İstisu Sağlamlıq Mərkəzi, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi, Qaxda "Yurd Hotel” mehmanxanası, Lənkəran Olimpiya İdman Kompleksi və Naxçıvan Müəllimlər İnstitutunun açılışları olub.

Bundan başqa, İlham Əliyev Şəki Heydər Əliyev Mərkəzinin, Goranboyda, Lerikdə, İmişlidə, Şəkidə bayraq muzeylərinin açılışlarında iştirak edib.

Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır.


Geniş vüsət alan yol tikintisi


Son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də uğurla həyata keçirilir.

2018-ci ildə cənab İlham Əliyev şəxsən bu layihələrlə yerində maraqlanıb və yeni salınan, əsaslı şəkildə yenidən qurulan yolların açılış mərasimlərində olub. Dövlət başçısının əksər

regionlara səfər proqramlarına yeni yolların açılış mərasimi daxil edilib.

Ötən il ölkədə yeni inşa olunan, əsaslı şəkildə qurulan yollara nəzər yetirək:

Prezident İlham Əliyev keçən il - Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsi, İmişlidə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi, həmçinin İmişli-Otuziki-Qaraqaşlı, Bərdədə Yeni Daşkənd-Umudalılar, Xaçmazda Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat, eləcə də Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı yolunun, başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun, Goranboyda Dəliməmmədli - Quşçular - Faxralı - Qurbanzadə - Alpout, eləcə də Dəliməmmədli-Muzdurlar-Qırıqlıb, Şamaxıda Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk, Dəmirçi-Lahıc avtomobil yollarının, Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq, Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad yolunun, Masallıda Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı yollarının, Lənkəranda Hirkan-Daştatük-Biləsər yolunun, Lerikdə Piran-Hamarat-Vijaker, Qax rayonunda Qax-Qıpçaq-Ağyazı, Şəki şəhərində Şəki-Kiş, Ağdamda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yollarının açılış mərasimlərində iştirak edib.

Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi məkan kimi Azərbaycan da tarixi İpək yolunun bərpası prosesində öz üzərinə düşən vəzifəni uğurla reallaşdırır. Ötən il bu istiqamətdə daha bir layihə gerçəkliyə çevrilib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.

Cənab İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində qeyd edilib ki, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan bu yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Xatırladaq ki, indi "köhnə yol” adlandırılan mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idi. Yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır.


Aqrar sektor yeni inkişaf mərhələsində


Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb.

Bundan başqa, dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

Ötən il dövlət başçısının regionlara səfərləri zamanı keçirdiyi görüşlər, müşavirələr və yeni açılan aqro müəssisələr bir daha bu sahənin yeni inkişaf mərhələsində olduğunu göstərir.

Prezident İlham Əliyev 2016-cı ildə Sabirabadda, 2017-ci ildə Saatlıda, ötən il isə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Bu müşavirələrdə verilən tapşırıqlar həqiqətən, "ağ qızıl”ın şöhrətini özünə qaytardı desək, yanılmarıq. Çünki dövlət başçısının müşavirələrdə verdiyi tapşırıqların yerinə yetirilməsi ilə Azərbaycanda pambıqçılıq yenidən inkişafa başladı.

Müşavirədə bu sahədə görülən işlər nəzərdən keçirildi və tapşırıqlar verildi. Dövlət başçısı bildirdi ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq.

Noyabrın 5-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olan dövlət başçısı pambıqçılığın daha da genişləndiriləcəyini və bunun ölkəmizə böyük töhfə verəcəyini bir daha vurğuladı.

Onu da qeyd edək ki, keçən il bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb. Dövlət başçısının iştirakı ilə ötən il Goranboyda "Region Aqropark”ın, Şamaxıda "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksinin, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının, Qax Damazlıq İpəkçilik Stansiyasının, "Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Ağdamdakı Qarabağ Atçılıq Kompleksinin açılış mırasimləri olub.

Əlbəttə ki, bütün bunlar aqrar sektora göstərilən diqqət və qayğının təzahürüdür. Ötən il görülən işlər, yeni fəaliyyətə başlayan müəssisələr onu deməyə əsas verir ki, bu il aqrar sektorda mühüm nailiyyətlər əldə olunacaq.


Məcburi köçkünlərə dövlət qayğısı - 102-ci şəhərcik


Cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Ötən il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi, 3 gündən sonra dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 ailə üçün salınmış yeni yaşayış komplekslərinin istifadəyə veriliməsi də bu siyasətin tərkib hissəsidir.

İlk məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ərazisi 4 hektar olan ikinci kompleksdə isə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli 8, 15 mərtəbəli 4 bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Kompleksdəki 1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 102-ci şəhərcikdir və bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır.


Meliorasiya və enerji təminatında əldə edilən uğurlar


İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya, həmçinin əhalinin enerji təminatı sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri bu sahələrin müasir səviyyəyə çatmasına imkan yaradıb.

Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də dövlət başçısının iştirakı ilə İmişlidə istifadəyə verilən Araz çayının yeni qol-kanalıdır. Bu layihənin icrası qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.

Bununla yanaşı, ötən il bir çox şəhər və rayonda içməli su təchizatı, eləcə də kanalizasiya sistemi, suvarma kanalları inşa edilib və yaxud yenidən qurularaq istismara verilib. Dövlət başçısı bölgələrə səfərləri zamanı bu obyektlərin açılış mərasimlərində də iştirak edib, xeyir-duasını verib.

Bunların sırasında Naxçıvan Muxtar Respublikasında Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksini, Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurma işlərini, həmçinin NMR-in Şərur şəhər və ətraf kəndlərinin, Xızı, Astara, Lerik, Xaçmaz, Mingəçevir şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı, kanalizasiya şəbəkəsinin yaradılması layihələrinin yekunlaşmasını, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı hissəsinin açılışlarını göstərmək olar.

Əhalinin enerji təminatına gəlincə isə deyə bilərik ki, ötən il bu sahədə də bir sıra mühüm layihələr gerçəkləşib. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan İsmayıllının Lahıc qəsəbəsinə qaz verilməsi mərasimi ötən ilin ən yaddaqalan hadisələrindəndir.

Bununla yanaşı, İmişli və Mingəçevir şəhərlərinin elektrik paylayıcı şəbəkəsinin avtomatik idarəetmə və nəzarət mərkəzləri, Goranboyda "Dəliməmmədli” yarımstansiyası, Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki "Yeni Yaşma” Külək Elektrik Parkı, İsmayıllıda "İsmayıllı”, Lənkəranda "Lənkəran-2” yarımstansiyaları, Astarada gücü 16,5 MVt olan elektrik stansiyası istismara verilib. Dövlət başçısı bütün bu obyektlərin açılışında iştirak edərək, növbəti illərdə də digər şəhər və rayonlarda icra olunacaq bu cür layihələrlə bağlı ətraflı məlumat verib.


Yeni ümumtəhsil və mədəniyyət mərkəzləri


Bu, bir həqiqətdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə ölkəmizdə yüzlərlə ümumtəhsil obyektləri inşa olunub və ya yenidən qurularaq istismara verilib. Bu da ki, əlbəttə, ölkənin təhsil sisteminə öz müsbət təsirini göstərib.

Bununla yanaşı, Heydər Əliyev Fondu ölkəmizdəki mədəni abidələrin qorunub saxlanılması istiqamətində də ciddi işlər görür. Fond ötən il də öz ənənəsinə sadiq qalaraq bir sıra layihələri gerçəkləşdirib. Nəzər salaq:

Şamaxıda Dəmirçi Arxeologiya Muzeyi, Ağdamda Muğam Mərkəzi, əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsi və Torpaqqala kompleksində yaradılan şərait.

Həmçinin 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçası, Qubada 100 yerlik "Günəş” körpələr evi-uşaq bağçası, 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbi, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binaları, İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası, Şəkidə qarışıq tipli uşaq evi üçün inşa olunan yeni bina.

Qeyd edək ki, adları çəkilən mərkəzlərin, muzeylərin, məktəblərin, uşaq bağçalarının açılışlarında Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak edərək yerinə yetirilən tapşırıqların icrası ilə yaxından maraqlanıblar.


Cəbhə bölgəsinə səfər, yeni hərbi obyektlərin açılışı


Prezidentlik fəaliyyətinin bütün dövründə cəbhə bölgəsinin sakinlərinə hər zaman xüsusi diqqət, himayədarlıq göstərən

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ötən il Qarabağa səfər etdilər. Noyabrın 5-də Ağdam rayonuna edilən səfər bir neçə məqamlarla əlamətdar oldu.

Bu səfərlə Qarabağa yeni nəfəs gətirən İlham Əliyev böyük qayıdışa inamı daha da möhkəmləndirdi. Ağdam isə dövlət başçısına möhtəşəm dəstəyini, birmənalı bağlılığını, Mehriban xanım Əliyevaya güclü etimadını yenə də nümayiş etdirdi.

Səfər bir daha ağdamlıların həyatında, xatirələrində silinməz izlər qoydu. Çünki İlham Əliyevin illərdir cəbhəboyu ərazidə çəkinmədən düşmənlə üz-üzə dayanan rayona ardıcıl səfərləri bütün ağdamlılar tərəfindən onlara böyük himayədarlığın, diqqət və qayğının bariz təcəssümü kimi dəyərləndirilir.

Onu da qeyd edək ki, dövlət başçısı ötən il regionlara səfərləri çərçivəsində həm də Azərbaycan Ordusunun hər zaman yenilənən maddi-texniki bazası ilə tanış olub və hərbçilərlə görüşlər keçirib.

Naftalan şəhərində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olan Ali Baş Komandan həmçinin Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsində yaradılan şəraitlə maraqlanıb.

Hərbi hissələrlə tanışlıq, yeni hərbi obyektlərin açılışı Azərbaycan hərbçilərinin hər zaman Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir. Həmçinin Azərbaycan hərbçisinin döyüş, qələbə əzmini daha da gücləndirir.


Düşünülmüş siyasət, davamlı yüksəliş


Uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Hər kəsə bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Əminliklə deyə bilərik ki, ötən il olduğu kimi bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun olaraq regionların inkişafı istiqamətində mühüm işlər görüləcək.

Bütün bunlar bir daha təsdiqləyir ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın Prezidentinə olan inamını, etimadını daha da artırır. Çünki hər kəs şahiddir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulub.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video