05 Yanvar 2019 00:31
596
İQTİSADİYYAT
A- A+

Məcburi köçkünlərin sosial statusu dəyişir


Prezident: "Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar”


Hələ 2003-cü ildə prezident seçkiləri zamanı İlham Əliyev məcburi köçkünlərlə görüşərkən vəd vermişdi ki, qısa zamanda bütün çadır şəhərcikləri ləğv ediləcək, bu təbəqədən olan soydaşlarımız üçün hər cür şəraiti olan müasir qəsəbələr salınacaq və yaşayış binaları tikiləcək.

Cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra verdiyi sözə əməl etmək üçün 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etdi. 2007-ci və 2011-ci illərdə isə həmin proqrama əlavələr olunaraq qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli prosesi sürətləndi.

Dövlət başçısı bu gün də verdiyi vədi əməli işlə sübut edir. Artıq 12 çadır düşərgəsi ləğv olunaraq 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Hazırda evlərlə, mənzillərlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatır ki, bu da 53 min 500 ailə deməkdir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün sərf edilən vəsaitin məbləği isə 7,1 milyard manatdır.

Qaçqın və məcburi köçkünlərin digər sosial problemlərinin, xüsusilə məşğulluqlarının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. İndiyədək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə öz kiçik bizneslərini qurmaq üçün 14,8 milyon manat mikrokredit verilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu 22 min 74 məcburi köçkün sahibkarı 44,3 milyon manat güzəştli kreditlə təmin edib. 200 min məcburi köçkün isə büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunub. Bütün bu tədbirlərin sayəsində məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Xəbər verildiyi kimi, ötən il dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Ölkə rəhbəri məcburi köçkünlər qarşısında çıxış edərək onların sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğunu vurğulayaraq demişdir: "Bu il bu istiqamətdə çox işlər görülüb. Bu il 580 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar”.

Prezidentə məlumat verildi ki, yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Buradakı mənzillərin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı dördotaqlıdır. Şəhərcikdə məcburi köçkünlərə verilən mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Burada hər cür infrastruktur yaradılıb. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik məktəb məcburi köçkünlərin ixtiyarına verilib.

Keçən il dekabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən daha bir yaşayış kompleksinin açılışını etdilər. Dövlət başçısına məlumat verildi ki, kompleksin inşasına 2017-ci ilin mart ayından başlanılmışdı. Xüsusi memarlıq üslubunda tikilən kompleksdə sakinlər üçün hər cür şərait yaradılıb. Dörd hektar ərazidə yerləşən kompleksdəki 12 binada 1005 mənzil var. Onların 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır.

Kompleksdə müasir sosial infrastruktur da yaradılıb. Belə ki, ərazidə məktəb, uşaq bağçası, mərasim evi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Eyni zamanda, ərazinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Buradakı 540 şagirdlik yeni məktəb korpusunda şagirdlərin təhsil alması, 50 yerlik uşaq bağçasında isə balacaların təlim-tərbiyəsinin təşkili, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin daim diqqətində olacaq, hər bir ailə rahat mənzillə təmin olunanadək bu işlər davam edəcək. Elə bunun nəticəsidir ki, biz hər il bu kateqoriyadan olan soydaşlarımızın yeni mənzil və evlərlə təmin edilməsinin şahidi oluruq və heç şübhəsiz, növbəti illərdə də bu proses davam edəcək.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video