05 Yanvar 2019 00:28
2950
Təhsil
A- A+

Məktəbdaxili qiymətləndirmə qaydaları dəyişdirilir


Məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər ediləcək. Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Dəyişikliklərə əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) IV, IX və XI siniflərdə bütün fənlər, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq.

Bu sözləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı dünən keçirilən mətbuat konfransında qeyd etdi.

Məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər barədə ətraflı məlumat verən Emin Əmrullayev bildirdi ki, BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.

Qaydalarda edilən ikinci dəyişikliyin ibtidai siniflərlə bağlı olduğunu diqqətə çatdıran nazirliyin əməkdaşı söylədi ki, artıq ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.

Onun sözlərinə görə, summativ qiymətləndirmə qaydalarının tətbiqi tədrisdə heç bir problem yaratmayacaq.

Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, "Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər.

Qurum rəsmisi əlavə etdi ki, dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir: "Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır. Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir. Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir”.

Qeyd edək ki, yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir və cari tədris ilinin II yarımilindən tətbiq olunur.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video