05 Yanvar 2019 00:27
473
İQTİSADİYYAT
A- A+

Canlı Xəzər


Xəzər dənizində suyun səviyyəsinin dövri olaraq qalxıb-enməsini elmdən fərqli, bədii obrazla ifadə etsək, onun da canlı varlıq kimi nəfəs aldığını deyə bilərik. Lakin "nəfəs alan”, "yaşayan”, "canlı dəniz” bənzətmələri qulağa nə qədər xoş gəlsə də, Xəzərdə qabarmalar və çəkilmələr baş verəndə bu proses daha çox təbii fəlakət kimi dəyərləndirilir. Reallıq isə ondan ibarətdir ki, hər dəfə Xəzər dənizində suyun səviyyəsi gözlənilmədən artanda və ya aşağı düşəndə sahil ölkələrinin beşi də müəyyən ciddi çətinliklərlə üzləşir, dünyanın ən nəhəng gölünün şıltaqlıqları üzündən bir sıra itkilərlə barışmaq məcburiyyətində qalırlar.

Sahəsi 393 min kvadratkilometr, su ehtiyatları 78,6 min kubkilometr, orta və maksimum dərinliyi 208-1025 metr olan bu qapalı su hövzəsinin açılmayan sirlərindən biri məhz suyun səviyyəsinin qeyri-stabilliyi, kəskin artıb-azalmasıdır. Ümumiyyətlə, Xəzər gölündə suyun səviyyəsi 1837-ci ildən müşahidə edilir. Bu müşahidələr zamanı məlum olmuşdur ki, XIX əsrin ikinci yarısından başlayaraq dənizdə suyun səviyyəsi dünya okeanından 26-25,5 metr aşağı olub. Suyun səviyyəsinin enmə tendensiyası XX əsrdə də davam edib. 1929-1941-ci illər arasında Xəzərin səviyyəsi kəskin surətdə okean səviyyəsindən aşağı düşüb. Sonra yenə də sürətlə artaraq 1995-ci ildə 26,6 metrdən 2,35 metrə çatıb. Növbəti dörd ildə isə suyun orta səviyyəsi 30 santimetr aşağı enib.

1930-1970-ci illərdə suyun səviyyəsi aşağı düşərkən sahil zolaqlarından geri çəkilib. Bu zaman çimərliklər genişlənsə də, dənizin şimal akvotoriyasında balıq sürüləri üçün təbii yem sahələri azalıb, Volqanın deltasındakı sularda bitkilərin sayı artıb və kürü tökməyə Volqaya gedən balıqların hərəkəti çətinləşib. Tutulan qiymətli balıq növlərinin həcmi kəskin şəkildə aşağı düşüb. Gəmilərin hərəkətində, xüsusən Volqanın deltasında çətinlik yaranıb. Sahil zolağında yerləşən bütün təsərrüfatlara ziyan dəyib, kənd təsərrüfatına yararlı torpaqlar su altında qalıb, yollar dağılıb, elektrik dirəkləri yıxılıb, sənaye müəssisələrinin mühəndis qurğuları, hətta balıqçılıq zavodları belə, su altında qalıb. Baş verən hadisələrin çoxluğu mütəxəssisləri ekoloji fəlakətin həyəcan təbilini çalmağa vadar edib.

Xəzərin şıltaqlıqlarını niyə başa düşmək olmur, bu, nə dərəcədə qeyri-adidir? Bu suala Xəzərin tarixinin dərin analizi cavab verə bilərdi. Lakin bəla orasındadır ki, belə bir tarix yoxdur və son müşahidələr cəmi 150 illik qısa dövrü əhatə edir. Amma tədqiqatçılar belə qənaətə gəliblər ki, son 700-500 min il ərzində Xəzərin səviyyəsi 200 metr diapazonunda oynamış, mənfi 150 metrlə müsbət 50 metr arasında qalxmalar və enmələr baş vermişdir. Son 2 min il ərzində isə bu rəqəm 32-25 metr arasında olmuşdur. Beləliklə, alimlərin gəldiyi qənaət ondan ibarətdir ki, Xəzərdə suyun səviyyəsinin artıb-azalması daim baş verən təbii prosesdir və bu, Xəzər kimi qapalı su hövzəsi üçün normal haldır.

Əgər belədirsə, sonuncu dəfə dənizdə suyun səviyyəsinin artmasını təbii fəlakət kimi qiymətləndirmək düzgündürmü? Alimlərin bir qismi bu fikirdədir ki, dənizin "nəfəs alması” onun özü üçün heç vaxt təhlükəli olmayıb. Xəzəryanı xalqlara gəldikdə isə, ümumiyyətlə, belə əfsanələr dolaşır ki, dənizin səviyyəsinin qalxması bu xalqların intibahına təkan verir. Yəni, suyun səviyyəsinin qalxıb-enməsi təbii fəlakət yox, intibahın qığılcımıdır. Belə çıxır ki, bu proses tarixən ağrılı olmayıb, misilsiz fəlakətlərlə də nəticələnməyib. Nə olubsa, sevimli aktyorumuz Bəşir Səfəroğlu demişkən, "yavaş-yavaş” olub. Dənizkənarı zolaqlarda baş verən fəlakətlərin səbəbi isə dənizin şıltaqlığından daha çox, heç nəyi düşünmədən suya yaxın ərazilərdə fəaliyyətlərini genişləndirən adamlarla bağlıdır.

Alimlərin fikrincə, Xəzərin əsrlər boyu "nəfəs almasının” iki əsas səbəbi mövcuddur və Rusiyada keçirilən "Xəzər-95” konfransında bu suala qismən cavab verilib. Birincisi, geoloqların fikrincə, dənizin dibinin həcmi Yerin üst qabığının tektonik qatlarının üfüqi və şaquli yerdəyişməsi, seysmik təkanlarla bağlıdır. İkinci səbəb Yerin təkindəki su axınlarının dənizə və dənizdən geriyə hərəkətidir. Amma bu halda böyük yeraltı su axınlarının Xəzərə girişi də, çıxışı da müəmmalı qalır. Alimlərin gəldikləri son qənaət belədir ki, bu ehtimalların içində dənizə daxil olan suların və iqlim dəyişikliklərinin dənizin səviyyəsinə təsir etməsi faktoru həqiqətə daha çox yaxındır.

Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun əməkdaşlarından R.Nikonova və V.Bortnikovun araşdırmalarına görə, 1941-ci ildən 1995-ci ilə kimi Xəzərdə suyun səviyyəsinin kəskin azalması və artması çaylardan dənizə axan suyun həcmi və buxarlanmalarla bağlıdır. Xəzərin su balansının 80 faizini Volqa çayı təmin edir. Rus alimi Malinin isə Volqa çayında suyun həcminin Şimali Atlantida Norveç dənizindəki buxarlanmanın həcmindən asılılığını üzə çıxarmışdır. Deməli, dünyanın qlobal ekoloji sistemində Xəzərin də rolu var.

Alimlərin son qənaəti belədir ki, Xəzər dənizində suyun səviyyəsinin 2-3 metr civarında qalxıb-enməsi təbiidir. Yəni, Xəzər belə nəfəs alır, belə yaşayır. Əgər bu prosesə elmin digər yeni sahələrinin baxış bucağından, həmçinin yapon alimlərinin sularla bağlı 20 illik araşdırmalarının prizmasından nəzər salsaq, təsdiq edə bilərik ki, Xəzər dənizi həqiqətən də unikallığı və bənzərsizliyi ilə seçilən canlı dənizdir.

Bahadur İMANQULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video