30 Dekabr 2018 01:53
1452
SİYASƏT
A- A+

Dünya azərbaycanlılarının lideri


Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan 2018-ci ili möhtəşəm uğurlarla başa vurur


Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünya azərbaycanlılarının birliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı çox böyük məsuliyyətlə və layiqincə həyata keçirir.

Təsadüfi deyil ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın taleyi, yaşadıqları ölkələrdə daha da möhkəmlənmələri, həmçinin onların tarixi vətənləri ilə əlaqələrinin sıxlaşması Azərbaycanda dövlət siyasətinin mühüm qollarından biridir.


Həmrəyliyimizi təmin edən siyasət


27 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli maraqlarımızın həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu.

Ulu öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.

İndiyədək Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın ardıcıl inkişafı sayəsində qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir.

Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırır, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaradır. Azərbaycan dövlətinin güclənməsi diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda, həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.


Azərbaycan böyük məqsədlərə doğru inamla irəliləyir


2018-ci ili hər dövlət fərqli ab-havada başa vurur. Bəzisi müharibənin, bəzisi terrorun ağrı-acısını, bəzisi isə siyasi dartışmaların, iqtisadi problemlərin çətinliklərini yaşayır. Azərbaycanda isə başa çatmaqda olan 2018-ci il möhtəşəm uğurlarla əlamətdar dövr kimi tarixə qovuşur. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuzunu daha da yüksəltməyə müvəffəq olub.

2018-ci il ölkəmizin siyasi həyatı baxımından mühüm mərhələ oldu. Bu ilin aprelində Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Xalqımız daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.

2018-ci il həm də yubileylər ili kimi tarixə düşdü. Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olundu. Yubiley tədbirləri il ərzində keçirildi. Eyni zamanda, bu il xalqımız müasir və müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin 95 illik yubileyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd etdi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümləri münasibətilə Bakıda təntənəli hərbi paradlar keçirildi. Bu hərbi paradlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, döyüş imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi.

2018-ci ilin başqa bir möhtəşəm hadisəsi isə ordumuzun Naxçıvan istiqamətindəki Günnüt qələbəsi oldu. Təbii ki, bütün bu hadisələr cəmiyyətimizin xoş ovqatını daha da artırdı, insanlara yüksək əhval-ruhiyyə təlqin etdi. Bu mənada 2018-ci il ölkəmizin və xalqımızın həyatında siyasi-ictimai baxımdan olduqca nikbin və pozitiv dövr kimi əlamətdar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycan qarşısında dayanan hədəflərə böyük inamla və əzmlə çatır. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımıza təbrikində qeyd etdiyi kimi: "Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir”.


Uğurların müəllifi Azərbaycan Prezidentidir


Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 2018-ci il Azərbaycan üçün həm də böyük iqtisadi layihələrin başa çatdırılması ilə yadda qaldı. May ayında istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi bir daha göstərdi ki, Azərbaycan möhtəşəm və ən mürəkkəb infrastruktur layihələrini uğurla həyata keçirmək imkanlarına malikdir. May ayının sonlarında isə bütün Avropanın maraqla izlədiyi "Cənub qaz dəhlizi”nin açılışı oldu. Bütün dünya yenə gördü ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müəyyən etdiyi vəzifələri vaxtında yerinə yetirən, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir.

Azərbaycanın təşəbbüsləri ilə həyata keçirilən və inşası 2018-ci ildə başa çatan layihələrin bir qismi Türkiyə ilə bağlıdır. Bu il "Cənub qaz dəhlizi”nin 4 seqmentindən biri və bu mürəkkəb infrastrukturun ən uzun hissəsi olan Transanadolu təbii qaz boru kəməri (TANAP) iyunun 12-də istifadəyə verildi. Təməli 2015-ci il martın 17-də qoyulan layihə üzrə bütün işlər vaxtında yerinə yetirildi. Eyni zamanda, bu il Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodun istifadəyə verildi. Zavodun inşasına Azərbaycan 6,3 milyard dollar vəsait yatırıb.

Bu il həm də Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. "Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın qələbəsi və uğurudur. Bu hadisə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə oldu. Ən əsası, bu növbəti kosmik uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının uğurla reallaşmasının göstəricisidir.

Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımıza təbrikində bu barədə deyilir: "Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi”nin və onun tərkib hissəsi olan

TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki "Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür”.

Bütün bu uğurların müəllifi isə Prezident İlham Əliyevdir. Bəli, xalqın iradəsinə əsaslanan sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, həyata keçirilən iri iqtisadi layihələr, habelə uğurla davam etdirilən müstəqil və çoxşaxəli siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olmasını təmin edib. 2018-ci ildə isə Azərbaycan bu statusunu daha da möhkəmləndirdi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video