30 Dekabr 2018 01:50
752
Mədəniyyət
A- A+

Bakı Yeni ili qarşılamağa hazırdır


Şərqin parlayan ulduzu Bakı bütün təntənəsi ilə Yeni ili qarşılamağa hazırdır. Qədimliklə müasirliyin birləşdiyi bu qocaman paytaxt 2019-cu ili fərəh yaradan möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyir...


Köhnə illə vida fotosu


Gecələr Dağüstü parkdan Bakını seyr etdikdə sanki sehrli və heyrətamiz mənzərə ilə rastlaşırsan, şəhər sözün əsl mənasında, şölələnir, bərq vurur. Qız qalası ətrafında işıqlarla bəzədilmiş keçid xüsusilə diqqəti cəlb edir. Bulvarla İçərişəhəri birləşdirən möcüzəvi keçid bir növ, zaman tunelini xatırladır. İnsanlar şəhərin dəbdəbəsindən, müasirliyindən işıqlı tunel vasitəsilə tarixi yaşadan İçərişəhərə keçid edirlər...

Bütün küçələrdə, meydanlarda, parklarda quraşdırılmış bayramın əsas simvolu, həyat rəmzi sayılan nəhəng şam ağacları rəngarəng dizaynı, heyrətamiz görünüşü ilə göz oxşayır. Şaxta baba, Qar qız, müxtəlif nağıl qəhrəmanları ilə şam ağacı ətrafında şəkil çəkdirmək, "selfie” etdirmək istəyənlərin sayı durmadan artır. Sanki hər kəs köhnə illə vida fotosu çəkdirməyə tələsir...


Paytaxtımız Yeni il libasına bürünüb


Bayram əhval-ruhiyyəsi balacaları daha çox duyğulandırır, onlar bir-birindən əlvan bəzədilmiş "yolka”lara heyranlıqla baxır, yanıb-sönən işıqlar arasında özlərini nağıl dünyasında hiss edirlər...

Deyilənlərə görə, Şaxta baba öz ağ saqqalı, qırmızı kürkü ilə 8 maral qoşulmuş arabasında yeni il gecəsi peyda olur...

Bakının qonaqları və sakinləri Şaxta babanın həmin marallar qoşulmuş əfsanəvi arabası ilə Fəvvarələr meydanı ətrafında rastlaşa bilərlər...

Şəhərdən saçılan parlaq işıqlar gecənin zülmətində sakit-sakit ləpələnən Xəzərin sinəsində bərq vurur. Elə buna görədir ki, həm ölkə sakinləri, həm də turistlər yeni ili Dənizkənarı Milli parkda qarşılamağı xüsusilə sevirlər.

Həmçinin sayrışan rəngbərəng işıqlar, böyük çilçıraqlarla işıqlandırılan binalar bayrama uyğun bəzədilən restoranlar, kafelər, təşkil olunan bayram konsertləri onlarda xüsusi marağa səbəb olur.

Milad bayramı həm də Azərbaycan tolerantlığının təntənəsidir...

Hansı ölkənin, millətin sakini olmasından asılı olmayaraq, Bakıda Yeni ili qarşılamaq bir başqadır... Axı bu şəhər tolerantlığın, multikulturalizmin beşiyidir. Dilindən, dinindən, millətindən asılı olmayaraq bütün insanlar burada Yeni ilin özündə ehtiva etdiyi sülh, dostluq ənənələrini olduğu kimi yaşayır və bayramda da bu əhvali-ruhiyyədə olurlar.

Hər il Yeni il Bakıda müxtəlif inanclı insanların bir el bayramına çevrilir. Onlar öz ölkələrində Pasxanı, Peysaxı necə keçirirlərsə, bu bayramı da eyni təntənə və şövqlə məhz bizim paytaxtımızda qeyd edirlər.

Və beləcə yüzillərdir həyatın ölüm üzərində qələbəsinin rəmzi olan Yeni ili dostluq, qardaşlıq, sülh içində qarşılayırlar...

Yeni iliniz mübarək!..

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video