30 Dekabr 2018 00:41
438
İQTİSADİYYAT
A- A+

Orta aylıq pensiya 8,5 faiz artıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına görə, cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 702,1 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 177,5 milyon manat çoxdur.

Həmin vəsaitin 97,8 faizi pensiya xərclərinin ödənilməsinə sərf edilmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 221 manat təşkil etmiş və o, orta aylıq əməkhaqqının 40,9 faizinə bərabər olmuşdur. Oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 303,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Onların 58,5 faizi yaşa, 30 faizi əlilliyə, 11,5 faizi ailə başçısını itirməyə görə pensiya alır.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək üçün Prezidentin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır. Bununla yanaşı, cari ilin mart ayının 1-dən bütün növ sosial müavinətlərin məbləği orta hesabla 10 faiz artırılmışdır.

Ölkədə həyata keçirilən sosial müdafiə tədbirləri əhalinin bütün təbəqələrini əhatə edir. Belə ki, bu ilin oktyabrın 1-i vəziyyətinə 410,9 min nəfərə sosial müavinət təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 47,9 min, əlilliyə görə 164,9 min, ailə başçısını itirməyə görə 43,5 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 73,5 min nəfər olmuşdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi də unudulmur. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli fərmanı ilə belə ailələrin hər birinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilmişdir və bu fərman hazırda icra olunur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video