29 Dekabr 2018 23:46
481
İQTİSADİYYAT
A- A+

Bakı-Gəncə sürət qatarı işə düşüb


Dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı işə düşüb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

4 saata yaxın bir müddət ərzində Gəncəyə çatan qatarın izdihamlı qarşılanma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir. "Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib", - deyə N.Bayramov vurğulayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox gələcəyə yol açan bir qatar kimi səciyyələndirib: "İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".

Daha sonra Milli Məclisin deputatı Musa Quliyev bu uğurlu layihənin reallaşdırılmasının əhəmiyyətindən danışıb, xalqımızın iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyinə inandığını söyləyib.

Tədbirdə, həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İlham Balakişiyev çıxış edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video