28 Dekabr 2018 15:37
1533
PARLAMENT
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciəti


Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 28-də keçirilmiş iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib. AZƏRTAC müraciəti təqdim edir.

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 28 il öncə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olub. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət alıb, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələri ilə haqlı olaraq fəxr edir. Tarix boyu xalqımızın yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlər dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər.

İyirminci yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik potensialının yeni şəraitdə təzahür etməsi və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. Yüz illiyini qeyd etdiyimiz ilk müstəqil dövlətimiz təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında ayrıca bir mərhələ təşkil edib.

İyirminci əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikası tarix baxımından qısa müddətdə qərinələrə bərabər yol keçib. Bu yolun əsas göstəriciləri ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində siyasi və dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması kimi səciyyələndirilə bilər.

Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir. Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinə çevrilib.

Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn düşünülmüş tədbirlər həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Müstəqilliyin bərpasından öncə dünyanın müxtəlif bölgələrində bir-birindən çətinliklə xəbər tutan soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranıb. Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi mühüm rolunu bərpa etməsinə yol açır.

Azərbaycan Respublikası bütün azərbaycanlıların ata-baba yurdu olduğuna görə dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq.

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video