Alternative content

00:28 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 31 iclas, 463 qanun, 45 ölkəyə 135 səfər
31 iclas, 463 qanun, 45 ölkəyə 135 səfər
ANA SƏHİFƏ / PARLAMENT
13:03 28.12.2018


Payız sessiyasını başa vuran Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam yerinə yetirib


Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirildi. Gündəliyə müzakirə olunması üçün 52 məsələ daxil edilmişdi. Bu səbəbdən də cari məsələlərə vaxt ayrılmadı və birbaşa gündəliyin müzakirəsi başlandı.


3 deputata yeni vəzifə verildi


İlk olaraq parlament Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında sənədi təsdiqlədi. Həmçinin Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi ilə bağlı parlamentin qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi səsə qoyularaq qəbul edildi (Qərar qəzetimizin bugünkü sayında dərc edilib).

İlk sənədə əsasən Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub. Layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.

İkinci sənədin təsdiqlənməsi ilə Milli Məclisin 3 parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərləri təyin olunub. Belə ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə deputat Cavanşir Feyziyev seçilib.


Ələt Azad İqtisadi Zonası ilə bağlı 75 sənədə dəyişiklik edildi


Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyin 3-19-cu məsələləri "Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Sənədlərlə bağlı məlumat verən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov isə dedi ki, "Atmosfer havasının mühafizəsi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Yerin təki haqqında” qanunlarda, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "İcra haqqında”, "İnzibati icraat haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, "Notariat haqqında”, Su, İnzibati Xətalar, İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual, Gömrük, Vergi, Şəhərsalma və Tikinti məcəllələrində, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, "Antiinhisar fəaliyyəti haqqında”, "Auditor xidməti haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr "Ələt Azad İqtisadi Zonası haqqında” qanunun tələblərinə uyğunluğu nəzərdə tutur.

Bundan başqa, daha bir neçə sənədə - "Elektron ticarət haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, "Haqsız rəqabət haqqında”, "Xarici investisiyanın qorunması haqqında”, "İcarə haqqında”, "İcbari sığortalar haqqında”, "İxrac nəzarəti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Kommersiya sirri haqqında”, "Qrant haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Mühasibat uçotu haqqında”, "Nağdsız hesablaşmalar haqqında”, "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "Poçt haqqında”, "Kredit ittifaqları haqqında” və "Kredit büroları haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında”, "Lotereyalar haqqında”, "İpoteka haqqında”, "Sığorta fəaliyyəti haqqında” və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Torpaq icarəsi haqqında”, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, "Məşğulluq haqqında”, "Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihələrinə eyni dəyişikliklər təsdiqləndi.

Spiker Oqtay Əsədov vurğuladı ki, "Ələt Azad İqtisadi Zonası haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyan 75 sənədə dəyişiklik edildi.


Bəzi qanunlar sərtləşdirilir


İclasda həmçinin "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, "Əhalinin dövlət reyestri haqqında”, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, "Hesablama Palatası haqqında”, "İstehsalat və məişət tullantıları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də səsverməyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, sonuncu sənədə edilən dəyişikliyə əsasən, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Dəyişikliyə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.


İcbari tibbi sığorta haqları müəyyənləşdi


Gündəlikdəki "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, mövcud qanun 1999-cu ildə qəbul edilib və günün tələblərinə cavab vermir. Layihədə qeyd olunub ki, xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 manat ödənilir.

Sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 2 faizi.

Bu qanunun 15-2.3.3-cü (Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) maddəsində qeyd olunan şəxslər üzrə təqvim ili üçün adambaşına 120 manat; Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkə ərazisinə idxal olunan avtomobil benzininin dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat; energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat; tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat; alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalı üzrə ödənilən təqvim haqqının 50 faizi; "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi dərəcəsində müəyyən edilir.

İcbari tibbi sığorta haqları icbari tibbi sığorta fonduna ödənilir.

Müzakirələr zamanı çıxış edən deputatlardan Vahid Əhmədov, Elmira Axundova dəyişikliklərin müsbət nəticələr verəcəyindən söz açdılar. İclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə bəzi məsələlərə aydınlıq gətirdi.


Pilot layihədə 5-6 min manat əməkhaqqı alan həkimlər var


Zaur Əliyevin sözlərinə görə, Azərbaycanın 3 şəhər və rayonu Mingəçevir, Yevlax və Ağdaşda keçirilən pilot layihələr zamanı əsas məqsəd əhaliyə əlçatanlığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir.

Əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi. Pilot layihələr həyata keçirilən ərazilərdə maliyyələşməni tamamilə dəyişərək onların göstərdiyi xidmətə görə maliyyələşmə həyata keçirilib. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarında dəyişiklik olunub.

Pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablanıb. Onların əməkhaqqında kifayət qədər yüksəlmə olub: "Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alırlar. Orta tibb işçilərinin əməkhaqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə, əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə icra olunan ərazilərdə ölüm sayı azalıb”.

Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edildi.


Parlament dünya azərbaycanlılarına müraciət qəbul etdi


İclasda qeyd edildi ki, gündəlikdəki bir sıra məsələlərə Dünya Bankının "Doing Business” hesabatının tövsiyələrinə uyğun dəyişikliklər edilməsi nəzərdə tutulub. Bunlar Gömrük, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Əmək, Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında, "Dövlət satınalmaları haqqında”, "Dövlət rüsumu haqqında”, "Yol hərəkəti haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "İpoteka haqqında”, "İcra haqqında”, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Qiymətli kağızlar bazarı haqqında”, "Banklar haqqında”, "Pasportlar haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında layihələrdir.

Dəyişikliklər ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, hər il payız sessiyasının sonuncu iclasında Milli Məclisin dünya azərbaycanlılarına müraciəti qəbul olunur. Ənənəyə uyğun olaraq dünənki iclasda da həmrəylik günü münasibətilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi təqdim olundu.

Milli Məclis Sədrinin müavini Bahar Muradova müraciəti (mətn qəzetimizin bugünkü sayında dərc edilib) səsləndirdi və sonra sənəd səsverməyə çıxarılaraq təsdiqləndi.


Milli Məclis ili uğurla başa vurur


İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyası dövrünü dəyərləndirdi. Sədr dedi ki, qanunvericilik ilinə yekun vurulur. Görülmüş işlərə nəzər salsaq, inamla söyləmək olar ki, bu il də parlament səmərəli fəaliyyət göstərib. 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Yəni Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərini parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar olub. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından və çox yüksək səviyyədə iştirak ediblər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib. Deputatlarımız Türkiyədə keçirilən prezident və parlament seçkilərində, Rusiyada, Gürcüstanda və Monteneqroda keçirilən prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak ediblər.

Spiker vurğuladı ki, bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumilikdə 2050 nəfər deputat və əcnəbi vətəndaş Milli Məclisə gəlib, Azərbaycanın parlamenti ilə tanış olub, Azərbaycan haqqında fikirlər yaradıb və getmişlər.

Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilib: "Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir idi. Bu tədbirdə dünyanın 44 ölkəsindən nümayəndələr iştirak edirdi. Siz hamınız bu tədbirin iştirakçısı oldunuz və bunun nə qədər təntənəli səviyyədə həyata keçirildiyini gördünüz. Eləcə də bu yaxınlarda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı Azərbaycanda keçirildi. Çox maraqlıdır ki, bu iclasda da dünyanın 44 ölkəsinin 180 nəfər nümayəndəsi iştirak edib. Həmin iclas Milli Məclisin plenar iclas zalında keçirildi. Burada iştirak edən gənclər Azərbaycan haqqında çox yüksək təəssüratla qayıtdılar. Bir daha Azərbaycana gəlmək istədiklərini vurğuladılar. Nəzərə alaq ki, bu gənclər gələcəkdə öz ölkələrində aparıcı qüvvələr olacaqlar”.

Milli Məclisin 2018-ci ilin iclaslarının çox uğurla keçdiyini deyən Oqtay Əsədov parlament adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanacağını söyləyərək payız sessiyasını bağlı elan etdi. Dövlət himnimiz səsləndi.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM