28 Dekabr 2018 12:12
1588
Qəbullar
A- A+

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu il bu münasibətlərin daha da yüksək zirvəyə qalxdığını qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirdi. Dövlətimizin başçısı bu il, eyni zamanda, bir çox mühüm birgə layihələrin, o cümlədən TANAP və STAR layihələrinin açılış mərasimlərinin olduğunu qeyd edərək, siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə çox gözəl əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev bu il Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı dostluq və qardaşlıq münasibətlərimizin parlaq təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı qarşıdan gələn ilin də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacağına əminliyini ifadə etdi və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Azərbaycana səfərinin əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyini dedi.

Qəbula görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Süleyman Soylu qeyd etdi ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət” prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. O bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının uğurla inkişaf etdirdiyi bu əlaqələr bu gün regiona və dünyaya böyük töhfə verir və qardaşlıq münasibətlərinin bir nümunəsidir. Türkiyəli nazir qeyd etdi ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video