28 Dekabr 2018 01:23
682
Mədəniyyət
A- A+

Mixaylonun qisası, yaxud Mehdi Hüseynzadə olduğu kimi


Onun haqqında az yazılmayıb. Qısa, lakin şərəfli ömrü örnəyə çevrilib. Əlimiz yetməyən uzaq sahillərdən xalqımızın bu qəhrəman övladı barədə indi də xoş soraqlar gəlir. Bilmədiyimiz, bələd olmadığımız ali insani keyfiyyətləri ilə yanaşı, istedadı, mədəniyyət və incəsənətə, həyata bağlılığı, sevgiyə əbədi ehtiramı olan qəhrəmanımızı nəinki biz, faşistlərdən xilas etdiyi digər xalqların nümayəndələri də yaxşı tanıyır və sevir.

Belə olmasaydı, Sloveniya yazıçısı, şair, musiqiçi və bəstəkar Peter Amalietti Azərbaycanın cəsur, mərd oğlu, "Uzaq sahillərdə”n tanıdığımız Mixaylo - Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrindən ibarət "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı publisistik romanı qələmə almaz və o, müxtəlif dillərdə özünə milyonlarla oxucu qazanmazdı.

Söhbət keçmiş sovetlər dövründə hamının sevimlisi "bizim Mixaylo”dan gedir. Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşrlərindən biri, Fərhad Abdullayevin tərcüməsi və Mahir Qarayevin redaktorluğu ilə işıq üzü görən, sloven yazıçısı Peter Amaliettinin "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (partizan Mixaylo) 100 illik yubileyinə layiqli töhfədir. 352 səhifədən ibarət kitabda Mehdi Hüseynzadə haqqında bugünədək xalqımıza məlum olmayan bir-birindən dəyərli məlumatlar, xatirələr özünə yer alıb: "...Tiflis hərbi məktəbini əla qiymətlərlə bitirdim. Dünən silah və hərbi forma verdilər. Bilmirəm, bu silahla adam öldürməyə əlim gələcək, ya yox... Ömrümdə toyuq başı da kəsməmişəm. Neyləyim, belə tərbiyə almışam. Allah qoysa, tezliklə görüşərik! Sabah yola düşürük, çatan kimi yazaram”.

Mehdi Hüseynzadənin məktublarının birindən götürülmüş bu sətirlər sonralar Sovet İttifaqı Qəhrəmanı kimi faşistlərin qəniminə çevriləcək partizan Mixaylonun cəbhəyə yola düşdüyü saatlarda doğmalarına yazılıb.

"Ey Vətən!

Bu çətin, ağır zamanda

Qoynunda böyüdüb bəslədin məni!

Vəfalı oğlunam, ana torpağım,

Düşmən tapdağında qoymaram səni!

Mehdinin mahnısından bir parça olan bu Vətən sevgisi sanki Milli qəhrəmanlarımızın - Mübarizlərimizin, Fəridlərimizin... dilindən eşidilən, erməni vəhşilərini vahiməyə salan bir hayqırtıdır! Ana Vətən uğrunda canı-qanı ilə savaşmaq və qələbə əzmi ilə düşmənə zərbələr endirməyin sözlə ifadəsinin o ağır döyüşlərdə Mehdi Hüseynzadənin dilindən səslənməsi təsadüfi deyildi. Kitabın ön sözündə publisistik dillə qələmə alınmış romanın məziyyətləri, Mixaylonun cəbhədə indiyə kimi açılmayan bir çox qəhrəmanlıqlarına, vətənpərvərliyinə, eləcə də sevgi dolu ömür yoluna aydınlıq gətirən müəllif sanki doğma sloveniyalı igidi tərənnüm edir.

Əlbəttə, doğma xalqı da öz qəhrəman oğlunun xatirəsini daim əziz tutub. Dövlət tərəfindən öz layiqli qiymətini alan Mehdi Hüseynzadənin adını daşıyan qəsəbə də var, küçə də, məktəb də, gəmi də. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda qəhrəmanın heykəli ucaldılıb. Bu münasibətlə keçirilən açılış mərasimində ozamankı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qəhrəmanın şücaətini yüksək qiymətləndirərək deyib: "...Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəsinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir düşdü. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. O, faşist zindanından qaçdı və Yuqoslaviya partizanları sırasında düşmənlə mübarizəni davam etdirdi...”

Əsərdə uzun illər ərzində toplanmış nadir faktlar əsasında əfsanəvi partizanın keçdiyi döyüş yolu geniş işıqlandırılır, onun silah və əqidə dostlarının fəaliyyətindən söz açılır.

Burada qəhrəman Mixaylo barədə bilmədiyimiz bir çox məqamlar öz əksini tapıb. Yazıçı qəhrəmanının obrazında Azərbaycanla Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq və müstəqillik uğrunda mücadiləsinə dair konkret faktlar təqdim edir.

Əfsanəvi qəhrəmanın dəfn mərasimində komandir Dulenin vida nitqi həm olduqca təsirli, həm də qürurvericidir. Müəllif ondan da bəhrələnib yazır: "...Özünü ölüm mələyi - Əzrayıl adlandırırdı. Amma bizim üçün bu şən və istiqanlı oğlan dostluq, yoldaşlıq, qardaşlıq və sevgi mələyi idi...”

Roman Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2013-cü ildə rus dilində işıq üzü görsə də, Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü nəticəsində bu günlərdə ana dilimizə çevrilərək yenidən nəşr edilib. Onu da qeyd edək ki, kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin böyük rolu olub.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video