27 Dekabr 2018 01:06
1101
SİYASƏT
A- A+

Təcrübəli və uzaqgörən siyasi xadim, həqiqi lider


Vladimir Putinin təbriki İlham Əliyevin dünyadakı yüksək nüfuzunun növbəti təsdiqidir


Bu günlərdə Prezident İlham Əliyevin ünvanına doğum günü ilə əlaqədar təbriklər gəlməkdə davam edir. Dövlət başçısını təbrik edənlər kifayət qədər çoxdur. Onların arasında dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, siyasi-ictimai, o cümlədən din xadimlərinin, elm adamlarının, iqtisadçıların səmimi təbriklərini görmək mümkündür. Hər bir təbrik Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək ehtiramdan, dövlət başçısının sayılıb-seçilən siyasi xadim olmasından xəbər verir.


Rusiya Prezidenti hər kəsi təbrik etmir


Prezident İlham Əliyevi təbrik edənlər arasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də var. Diqqəti çəkən məqam odur ki, Vladimir Putin həm də İlham Əliyevi ilk təbrik edənlərdəndir. İlk növbədə bu faktın özü Azərbaycan Prezidentinin dövlət başçıları arasındakı yüksək nüfuzunun ən bariz təsdiqidir. Rusiya kimi supergücün rəhbərinin bu diqqətini başqa cür dəyərləndirmək də mümkün deyil. Bu yerdə onu xatırladaq ki, Rusiya Prezidenti hətta seçkilərdə qələbə qazanan hər dövlət və ya hökumət başçısını təbrik etmir.

Azərbaycan Prezidentinə doğum günü münasibətilə səmimi təbriklərini çatdıran Vladimir Putinin məktubunda yazılır: "Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız”. Əlbəttə, Rusiya kimi beynəlxalq münasibətlərdə özünün xüsusi yeri və ağır çəkisi olan bir dövlətin rəhbərinin Prezident İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi xarakterizə etməsi olduqca qürurvericidir. Vladimir Putin kifayət qədər təcrübəli rəhbər və siyasətçidir. Elə buna görə də reallıqdan çıxış edərək hər dövlət başçısı və hər siyasi xadim haqqında bu cür fikirlər işlətmir. Eyni zamanda böyük dövlətin başçısı olması və yüksək nüfuzu bir çox hallarda onun məsafə saxlamasını şərtləndirir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevə münasibətdə Vladimir Putinin yanaşması tamamilə fərqlidir. Və bu yanaşma ilk növbədə dövlət başçıları arasındakı səmimiyyətə, Vladimir Putinin Azərbaycan Prezidentinin nüfuzuna və şəxsiyyətinə olan yüksək ehtiramına əsaslanır.

Eyni zamanda Azərbaycanın inkişafı, müstəqil siyasəti, beynəlxalq məsələlərdəki qətiyyətli mövqeyi və Rusiya ilə əlaqələrə xüsusi diqqətlə yanaşması Vladimir Putinin qənaətini formalaşdıran əsas məqamlardır. Məlumdur ki, ölkənin inkişafını, nüfuzunu, dünyada qazandığı etimadı və digər bu kimi xüsusiyyətlərini göstərən cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Hər bir ölkə dünya birliyinin subyekti olaraq həm özünün milli maraqlarına cavab verən, həm də müstəqil siyasət həyata keçirmək istəyir. Amma heç də hamısı buna nail ola bilmir. Prezident İlham Əliyev isə lider qətiyyəti ilə Azərbaycanın tamamilə müstəqil, eyni zamanda beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yeridir. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana və onun Prezidentinə böyük hörmət və rəğbətlə yanaşır. Və bu rəğbət və ehtiram Vladimir Putinin İlham Əliyevə təbrikinin ilk sətirlərindən aydın görünür.


Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşı Azərbaycandır


Qeyd etdiyimiz kimi, Vladimir Putin təcrübəli siyasətçidir. Ona görə kimin münasibətlərdə səmimi və kimin qeyri-səmimi olduğunu da qiymətləndirməyi bacarır. Bu mənada onun təbrikində İlham Əliyevə xitabən yer alan "Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir” ifadəsi isə Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərdəki səmimiyyətinə və tərəfdaşlıq əlaqələrinin inkişafındakı qətiyyətinə verilən səmimi qiymətdir. Bununla yanaşı, bu sözləri ilə Vladimir Putin Azərbaycan-Rusiya münasibətlərinin strateji səviyyəyə yüksəlməsini növbəti dəfə bəyan etmiş oldu.

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır.

Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir, müxtəlif sahələrdə iki yüzə yaxın sənəd imzalanıb. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiyanın subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf yolundadır.

Başa çatmaqda olan 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafında uğurlu mərhələdir. Bu il Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri və 6 dəfə görüşmələri iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər və görüşlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Ən əsası səfərlərin hər biri münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Bu günlərdə "Rossiya-24” telekanalına müsahibəsində Prezident İlham Əliyev bu il Azərbaycan-Rusiya münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib: "Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir”.

Vladimir Putin də məhz bundan çıxış edərək Prezident İlham Əliyevə təbrikində "Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm” deyə qeyd edib. Bu fikirləri Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərinə münasibəti kimi də dəyərləndirmək olar. Çünki Prezident İlham Əliyevə dərin ehtiramını diqqətə çatdıran Vladimir Putin həm də dövlətlərarası əlaqələrin inkişafından və səviyyəsindən razılığını ifadə edib.

Onu da əlavə edək ki, Vladimir Putin İlham Əliyevə həm də zəng edərək ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələri daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri daha da yüksələcək.

Göründüyü kimi, Azərbaycan-Rusiya münasibətləri hər iki tərəfin yüksək siyasi iradəsi ilə ildən-ilə daha da genişlənir. Bütövlükdə isə Vladimir Putinin

İlham Əliyevə təbriki və zəngi ona dəlalət edir ki, Rusiya Cənubi Qafqazdakı əsas tərəfdaşının Azərbaycan olduğunu qəbul edir və bunu yüksək qiymətləndirir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video