Alternative content

17:05 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərəqqi təhsildən başlayır
Tərəqqi təhsildən başlayır
ANA SƏHİFƏ / Təhsil
01:04 27.12.2018


"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”

İlham ƏLİYEV


Tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsi ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tutur və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar.

Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin hər dönəmində imzaladığı sənədlər içərisində təhsillə bağlı sərəncamların çoxluğu bu sahənin üstün istiqamət daşıdığından soraq verir.

Həmin sənədlərdə aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri sayəsində ölkəmizdə sosial-iqtisadi həyatın yenidən qurulması, davamlı inkişafı üçün şəraitin yaradılması və qarşıda duran strateji vəzifələr öz əksini tapmışdır. Həmin vəzifələr yaşam tərzimizin daha da modernləşdirilməsi və qabaqcıl təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsindən və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə ilk növbədə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkə həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət respublikada insan kapitalının inkişafı, şəxsin yeni bilik və bacarıqlara yiyələnməsinin təminatıdır.

Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, hər bir gəncə hərtərəfli bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran, fəal həyat mövqeli, aydın dünyagörüşlü kamil vətəndaşlar yetişdirmək məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi dövlət siyasətinin başlıca şərtidir.

Müstəqil Azərbaycan dövlətinin yaxın gələcək üçün qarşıya qoyduğu hədəflərə doğru mühüm bir addım olan bu strategiya ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı sahəsində formalaşdırdığı zəngin ənənələrə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu sahədə əldə edilmiş böyük nailiyyətlərə söykənir.


Məzmun dəyişikliyi


Azərbaycan tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti olmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə ölkə Prezidentinin təhsilə olan xüsusi diqqəti, irəli sürülən vəzifələrin bütün respublikada icrası, genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılması, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri olmuşdur.

Bu illərdə milli təhsilin məzmunu, mahiyyəti dəyişmişdir. Azərbaycan məktəblərinin maddi-texniki bazası müasirləşdirilmişdir. Məktəblər müasir avadanlıqlarla təchiz edilmiş, informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və böyük ictimai dəstək qazanan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hesabına ölkəmizdə təhsilin inkişafı ictimai hərəkata çevrilmişdir. Fond bu dəstəyi indi də davam etdirir. Məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, hər cür ləvazimatlarla təmin olunmasında, şagirdlərin təhsilə həvəsinin artırılması üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Ölkədə son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 belə məktəb quraşdırılmışdır. Bu ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi əsasən həll ediləcəkdir.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili də hazırda əsas prioritetlərdən sayılır. Həmin kateqoriyadan olan uşaqların hüquqlarının təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və ötən il təsdiq edilmişdir. Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onlar üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq olunmuş, son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilmişdir.

Bu gün Azərbaycan təhsilində dünyanın ən inkişaf etmiş ölkələrini indiki həyat səviyyələrinə qovuşdurmuş proseslər yaşanır. Həmin ölkələrin təcrübəsində uğur qazanmış qərarlar Azərbaycanda da qəbul edilir. Artıq gənc nəsil qarşısında yeni üfüqlər açılır. Azərbaycan vətəndaşları üçün təhsilalma imkanı təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərinin qapıları savadına, istedadına güvənən, müxtəlif istiqamətlər üzrə təhsil almaq arzusunda olan hər bir gəncin üzünə açıqdır. Dünyanın bütün sivil ölkələrində olduğu kimi, respublikamızda da yaxşı təhsil, yüksək fərdi inkişaf səviyyəsi parlaq gələcəyin təminatı kimi dəyərləndirilir.


Dindirir əsr bizi: yeni hədəflərə doğru


İnsan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Sənəddə təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirilməsinin həyata keçirilməsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Təhsildə bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük verilməsi, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, onların dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi kimi istiqamətlərdə islahatyönlü tədbirlərin görülməsi bu konsepsiyanın irəli sürdüyü vəzifələrdir. Ötən illər ərzində həmin vəzifələrin icrası istiqamətində mühüm nəticələr əldə edilmişdir, təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdirilmiş və onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılmışdır. Təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yenilənir, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi”ndən "təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər görülür.

Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdirilir, bura cəlb olunan vətəndaşların sayı artırılır, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılır. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşdırılmasında müəllim amilinin, nüfuzunun həlledici əhəmiyyəti nəzərə alınmaqla bu sahədə kadr hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir.

Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesi bu baxımdan bir sıra mühüm nailiyyətlərlə müşayiət olunmuşdur. Müvafiq strategiya məzmun etibarilə ən vacib istiqamətləri əhatə edir. Dünya ölkələri arasında aparıcı mövqedə olan səriştəli müəllimlərin və təhsil menecerlərinin hazırlanması, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sisteminin yaradılması üçün beş strateji hədəf - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşdirmə üzrə islahatların aparılması əsas götürülür. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması məqsədinə uyğun olaraq ötən 5 il ərzində bu sahənin bütün pillələrində mühüm nəticələr əldə edilmişdir.

Eyni zamanda təhsil sahəsində insan resurslarının müasirləşməsi diqqət mərkəzində saxlanmış, səriştəli, təcrübəli təhsilverənin formalaşdırılması yönündə mühüm addımlar atılmışdır. Əsas istiqamətlərdən biri də təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır. Bu istiqamət üzrə beynəlxalq təcrübəyə uyğun müasirləşdirmə, təhsilin keyfiyyət təminatının artırılması, habelə təhsildə yeni məlumat, hesabat sistemlərinin yaradılması istiqamətində də müəyyən işlər görülmüşdür.

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 5 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan artıq toplayanların sayı isə 81,3 faiz artmışdır. Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir. Bu da 2013-cü ilə nisbətən təxminən iki dəfə artım deməkdir. Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici cari ildə 41 min nəfər təşkil etmişdir.

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikada Olimpiada hərəkatı genişlənmiş, bu məqsədlə olimpiadaya hazırlıq mərkəzləri yaradılmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə beynəlxalq fənn olimpiadalarında yetirmələrimiz 3 qızıl, 28 gümüş və 100 bürünc medal qazanmışlar. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. "Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu təsbit edilmişdir.

Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqlarını formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədilə ötən tədris ilində Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə "Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədilə "Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilmişdir.

Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması da bu gün ölkəmizdə həyata keçirilən strateji təhsil islahatlarının mühüm hədəflərindəndir və onlara doğru da beynəlxalq təcrübəyə uyğun ardıcıl addımlar atılır. Müvafiq strategiya çərçivəsində bir sıra innovativ layihələr gerçəkləşdirilir. O cümlədən 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları təşkil edilmişdir.


SABAH qrupları və xaricdə təhsil


2014-cü ildə ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Son iki ildə SABAH qruplarını 1572 məzun bitirmişdir və ilkin təhlillərə əsasən onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlamışdır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanmışdır. Eyni zamanda, ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır. Hazırda bir neçə ölkənin nüfuzlu universitetlərinin Azərbaycanda filialları açılmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına I Moskva Tibb Universitetinin Bakı filialları uğurla fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq ikili diplom proqramlarının tətbiqinə başlanmışdır. Məsələn, indi Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti, Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti, ADA Universiteti ABŞ-ın Miçiqan Dövlət Universiteti və Niderlandın Maastrixt Menecment Məktəbi ilə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fransanın Strasburq Universiteti ilə ikili diplom proqramlarını tətbiq edir.

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də təhsil məsələlərinə xüsusi yer ayrılmış, strateji yol xəritələrindən biri isə məhz peşə təhsili və təliminin inkişafına həsr edilmişdir.

Bütün bunlar zamanın çağırışlarıdır. Üstəlik, müasir dövrün insanının fəaliyyət hüdudları təkcə milli məkan çevrəsində məhdudlaşıb qalmır. Qloballaşan dünyamızda hər bir kəs Yer kürəsinin istənilən məkanında çalışmaq imkanına malikdir. Qlobal əmək bazarı çalışmaq potensialı olan insanlara, demək olar ki, qeyri-məhdud şəraitlər yaradır. Bu imkanlardan faydalanmaqdan ötrü sadəcə olaraq rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmək lazımdır. Eyni zamanda, indi dünya iqtisadiyyatı ölkələrin, mövcud iqtisadi subyektlərin bir-birinə elə sıx inteqrasiyasına əsaslanır ki, bu mürəkkəb mexanizmin işlək bir hissəsi kimi çalışıb uğur qazanmaqdan ötrü mütləq rəqabətqabiliyyətli mütəxəssislərə, innovasiyalara, müasir dəyərlər yaratmağa qabil insan kapitalına malik olmalısan.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə bu yöndə atılan və böyük nailiyyətlərlə müşayiət olunan tarixi addımların davamıdır.


Gələcəklə bağlı aydın baxışlar


Yeni dövlət proqramının məqsədləri kifayət qədər aydındır. Sənəddə irəli sürülən vəzifələrin icrası "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərin qorunması və inkişafına xidmət edəcək. Bu nailiyyətlərdən faydalanaraq, müasir rəqabət qabiliyyətinə malik insan resurslarına ehtiyac təmin olunacaq. Yüksəkixtisaslı mütəxəssislərin ölkəmizdəki ali təhsil müəssisələrində hazırlanması yolu ilə insan kapitalı dayanıqlı şəkildə inkişaf etdiriləcək. Eyni zamanda, aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanları hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq.

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiqi sənəddə vacib prioritet kimi irəli sürülmüşdür. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaradacaqdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun olaraq təşkili təmin ediləcək. Bu sahədə bəzi ali təhsil müəssisələrinin mövcud təcrübəsinin daha da genişləndirilməsi yaxın perspektivdə ölkənin təhsil sisteminin inkişafına, beynəlmiləlləşdirilməsinə və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə nail olunmasına imkan verəcək.

Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaradacaq, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə yeni imkanlar açacaq. Əcnəbi mütəxəssislərin müəllimlərimizlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin edəcək. Nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənəcək. Onların dünya reytinqində irəliləməsi təmin olunacaq.

Bütün bunlar Azərbaycanın gələcəklə bağlı aydın baxışa malik olduğunu və özünü qloballaşan dünyanın uğurlu mənzərəsinə yüksək həssaslıqla hazırladığını göstərir. Bu uzaqgörən və peşəkar yanaşma müstəqil dövlətimiz üçün möhtəşəm bir gələcək yaradır.

İradə ƏLİYEVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM