27 Dekabr 2018 01:01
424
İQTİSADİYYAT
A- A+

AÇG-nin hasilatı davam edir, gəlirləri artır


Prezident İlham Əliyev: "Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir.”


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, 2018-ci il yanvarın 1-dən dekabrın 1-dək "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının hasilatından 8 milyard 960 milyon, o cümlədən "Şahdəniz”dən çıxarılan kondensatın satışından 222 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Bu da sözügedən yataqlardan hasilatın sabit şəkildə davam etdiyini təsdiqləyir.

Hazırda AÇG yataqlar blokunda fəaliyyət göstərən 8 platformanın hamısı ahəngdar və təhlükəsiz işləyir. Bu qurğuların 6-sı hasilat, 2-si texnoloji platformadır. AÇG-nin operatoru BP şirkəti 2018-ci ilin ilk üç rübü ərzində layihə çərçivəsində 161 milyon barel (22 milyon ton) neft hasil olunduğunu bildirib. Bu da AÇG-dən gündəlik orta hasilatın 588 min barel təşkil etdiyini göstərir. Platformaların gündəlik hasilat göstəriciləri isə belədir: "Çıraq” - 47 min, "Mərkəzi Azəri” - 156 min, "Qərbi Azəri” - 126 min, "Şərqi Azəri” - 97 min, "Dərinsulu Günəşli” - 105 min və "Qərbi Çıraq” - 57 min barel.

AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 53 qaz və su injektor quyusu istismar olunur.

Yataqlarda yeni quyuların qazılması işləri davam edir ki, bu da gələcəkdə hasilatın sabit olmasına zəmin yaradır. İlin əvvəlindən burada 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

2017-ci ilin sentyabrında imzalanmış "Yeni əsrin müqaviləsi” çərçivəsində AÇG-nin ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” arasında, mərkəzi nöqtədə yerləşəcək bu qurğu "Mərkəzi Şərqi Azəri” platforması adlanacaq.

2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Qeyd edək ki, 2018-ci il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

AÇG yataqlarından əldə olunan ümumi gəlirlər isə 2001-ci ildən 2018-ci il dekabrın 1-dək 137 milyard 446 milyon ABŞ dolları təşkil edib. Bu məlumatı da ARDNF yayıb. Xatırladaq ki, ARDNF 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində yaradılıb. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşıb.

Neft-qaz gəlirlərindən bəhs edərkən Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video