27 Dekabr 2018 00:55
1067
Təhsil
A- A+

Qəlbi Qarabağla döyünən pedaqoq


Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov ömrünü təhsilə, elmə həsr etmiş, bu sahədə uğurlar qazanmış dəyərli ziyalılarımızdan biridir.

Həyatda hər kəsin öz qisməti, öz taleyi var. Bu tale, bu qismət insanı özündən xəbərsiz keşməkeşli ömür yollarından keçirir, gözlənilməz imtahanlara çəkir. Bu bənzərsiz həyat axarında o öz amalı uğrunda mübarizələr burulğanında kədərə də tuş gəlir, sevinci də dadır, bəzən istəkləri yarıda qırılır, bəzən arzu-diləklərinə də qovuşur...

Ürəyinin diktəsi ilə taleyinin bəxşişi, məramı, məqsədilə əsrarəngiz ömür yollarının səmti bir çox məqamlarda üst-üstə düşən tanınmış alim-pedaqoq Rasim Süleymanov 1980-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində mənim müəllimim olub. Tələbkarlığı, obyektivliyi ilə yanaşı, sadə, qayğıkeş, xeyirxah müəllim kimi də tələbələrin rəğbətini qazanıb.

Rasim İmamqulu oğlu Süleymanov 1948-ci ilin payızında Tərtər rayonunun Düyərli kəndində dünyaya göz açıb. Şuşa şəhər 2 nömrəli internat məktəbində və Tərtər şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonralar taleyinə nur ələyəcək mənəvi zənginliyinin, daxili bütövlüyünün bünövrəsi də elə bu doğma yerlərdə, müqəddəs ocaqlarda formalaşıb.

Ana yurdda mədəniyyətə, sözə, biliyə, elmə verilən yüksək qiymət Rasim Süleymanovu öz cazibəsinə alaraq Azərbaycanın ilk elm və təhsil ocağına - Bakı Dövlət Universitetinə gətirib. 1970-1975-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində kitabşünaslıq ixtisası üzrə təhsil alıb. Düşdüyü elm, təhsil və mədəni mühitin təsiri sayəsində yaşı minillərlə ölçülən kitab aləminin sirlərinə yiyələnməyə, yüksək mənəvi amalları, bəşəri dəyərləri hər şeydən uca tutmağa çalışıb.

BDU-nu fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Dövlət Mətbuat Komitəsi sistemində işləyən Rasim Süleymanovun kitabşünaslıq elminə olan marağı onu bu sahədə geniş araşdırmalar aparmağa sövq edib. Bu amalla BDU-nun aspiranturasında kitabşünaslıq ixtisası üzrə əyani təhsil alan ilk aspirant kimi adını tarixə yazıb. 1980-ci ildən isə BDU-da müəllim işləyə-işləyə elmi tədqiqatlarını davam etdirib, kitabşünaslıq elminə daha dərindən bələd olmaq üçün fasiləsiz mütaliə ilə məşğul olub, dünyagörüşünü, həyata baxışını zənginləşdirib.

Uzun illər ərzində çəkdiyi əziyyət bəhrəsini 1991-ci ildə verib: tanınmış kitabşünas-alim Hacı Həsənovun elmi rəhbərliyi ilə "Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri məsələləri (1920-1970-cı illər)” mövzusunda namizədlik dissertasiyasını M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunda (indi Bakı Slavyan Universitetində) müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Dosent Rasim Süleymanov 1990-cı illərdə BDU-nun tədris işləri üzrə birinci prorektorun müavini, magistratura bölməsinin rəhbəri və rektorun köməkçisi, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun məsləhətçisi və həmin ali məktəbin Böyük Elmi Şurasının məsul katibi vəzifələrində çalışıb.

2003-2013-cü illərdə Azərbaycan Respublikası təhsil nazirinin köməkçisi və kollegiyanın katibi olub. Dosent Rasim Süleymanov 2011-ci ildən dövlət qulluğunun müşaviridir.

Geniş yaradıcılıq diapazonuna malik alim-pedaqoqun qələmindən indiyə qədər 15 kitab, 70-dən çox elmi məqalə çıxıb. Onun yazdığı elmi əsərlər tələbə və müəllimlər üçün mühüm dəyərə malikdir.

Bu baxımdan dosent Rasim Süleymanovun 2015-ci ildə çapdan çıxmış "Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri (1920-1970-ci illər)” adlı monoqrafiyası adıçəkilən sahəyə həsr olunmuş fundamental araşdırmalardan biridir.

Dosent Rasim Süleymanovun adıçəkilən monoqrafiyasının "Rus bədii ədəbiyyatının nəşrini şərtləndirən amillər” adlanan birinci bölməsində 1920-1970-ci illərdə Azərbaycanda nəşriyyatçılıq fəaliyyətinin genişlənməsi, onun maddi-texniki bazasının formalaşması və elmi müstəvidə bu sahənin tədqiqata cəlb edilməsi kimi problemlər ətraflı təhlil olunmuşdur. Eyni zamanda həmin dövrdə respublikamızda ümumiyyətlə kitab nəşrinin həm ad, həm tiraj, həm də orta çap vərəqi etibarilə dinamik inkişafının ayrı-ayrı cədvəllərdə statistik məlumatlar şəklində verilməsi əsərin mahiyyətini xeyli artırır.

Monoqrafiyada göstərilir ki, tədqiqata cəlb olunan dövrdə Azərbaycanda rus bədii ədəbiyyatından tərcümə olunmuş 13 milyon nüsxə tirajla 1020 adda kitab nəşr olunmuşdur.

Rasim Süleymanov təhsildə kamilliyə can atan, oz sahəsinə dərindən bələd olan pedaqoq kimi də neçə-neçə gəncin səviyyəli mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah insan kimi formalaşmasına əvəzsiz töhfələr verib.

Elmi yaradıcılığında ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği mövzusu mühüm mərhələ təşkil edir. O hələ 2003-cü ildə Kiyev şəhərində Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda maraqlı məruzə ilə çıxış edib. İndiyə qədər alim bu sahəyə dair üç kitab və 30-dan çox elmi məqalə dərc etdirib. "Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” adlı fundamental monoqrafiyası isə çap ərəfəsindədir.

Monoqrafiyada Azərbaycan elmini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən və onu böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin Azərbaycan kitab mədəniyyəti, kitabçılıq işi, kitab və onun nəşri məsələləri ilə əlaqədar dahiyanə və müdrik fikirləri, qayğısı, eyni zamanda onun zəngin irsi və ümummilli liderə həsr olunmuş fundamental kitablar araşdırılmış və tədqiq edilmişdir.

Kitabda respublikamızda və dünyada görkəmli alimlərin və yaradıcı ziyalıların Heydər Əliyevə və onun əsərlərinə həsr etdikləri fundamental monoqrafiyalar və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də ümumiləşdirilmişdir.

Dosent Rasim Süleymanovun tərtib etdiyi "Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri” adlı kitabı Kitabşünaslıq və nəşriyyat işi kafedrasının qərarı ilə iki dəfə nəfis şəkildə işıq üzü görmüşdür. Burada Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən ümummilli lider, müstəqilliyimizin memarı, dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri toplanmışdır.

Dosent Rasim Süleymanovun fəaliyyətində Heydər Əliyevin vaxtilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə verdiyi şəxsi kitablarının müxtəlif elm və təhsil ocaqlarında sərgi-konfranslarının təşkil edilməsi kimi ideoloji iş mühüm yer tutur. Bu sırada xüsusilə Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı qalibiyyətli Aprel döyüşləri şəraitində, yəni 18-19 aprel 2016-cı ildə Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda keçirilmiş sərgi-konfrans daha böyük əhəmiyyət kəsb edir.

Mədəniyyət və Turizm Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən həmin konfransda dosent Rasim Süleymanovun "Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” məruzəsi böyük maraqla dinlənilmişdi.

Elə bir dərs olmaz ki, o, tələbələrinə Qarabağ münaqişəsi ilə bağlı bir neçə cümlə məlumat verməsin, dediklərini tədris prosesi ilə əlaqələndiməsin. Azərbaycan Respublikasının tarixi, bugünü, gələcəyi haqqında çıxışları vətənpərvər alim-pedaqoqun ömür kredosunun bünövrəsində dayanır.

Rasim Süleymanov Azərbaycanda, eləcə də Rusiya, Türkiyə, İspaniya, Belarus, Litva, Ukrayna, İran, Gürcüstan və digər xarici ölkələrdə beynəlxalq elmi konfransların iştirakçısı kimi universitetimizi yüksək səviyyədə təmsil edib, kitabşünaslıq elminin aktual problemləri mövzusunda maraqlı çıxışları ilə rəğbət qazanıb.

Hazırda Rasim Süleymanov Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir. Eyni zamanda 2015-ci ildən "Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnalının redaktorudur.

Rasim Süleymanov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi fəxri adı, Bakı Dövlət Universitetinin "Xatirə Medalı” və başqa mükafatlarla təltif olunub.

Keçmişdən adətə çevrilən ənənədir: yubilyarın doğmaları, dost-tanışları məqamı çatanda onu təbrikə gəlir, ürək sözlərini bildirir, sovqat gətirirlər. Rasim müəllimin yubileyi də bu baxımdan rəngbərəngdir. Amma çoxlarının qismətinə yazılmayan bir fərq var: Tanrı sovqatı!.. Bilirsiniz necə?.. Rasim müəllimin ömür-gün yoldaşı Züleyxa xanımla birgə boya-başa çatdırdıqları yeganə oğulları Rüfət hələ gənc mütəxəssis olsa da, Türkiyədə, Almaniyada təcrübə keçmiş həkim-cərrah kimi nüfuz qazanmaqdadır. Rüfət sevib-seçdiyi Ülviyyə xanımla ailə quranda onlara xeyir-dua verən, toylarında qol götürüb oynayan doğmaların arasında biz də olmuşuq. Elə bu günlərdə uca Tanrının öz sevimli bəndələri Rasim müəllimlə Züleyxa xanıma əkiz oğul nəvələri bəxş etməsini sözlə necə ifadə etmək olar ki?!. Mayası halallıqla yoğrulmuş bir ocağa dünya boyda sevinc gətirmiş Zaurla Uğurun nənə-babasının şadlığından müqəddəs nə ola bilər ki?!.

Zənnimizcə, ən böyük mükafat Tanrının ona bəxş etdiyi bu ömrü halallıqla, ürək açıqlığı ilə, nikbinliklə yaşamasıdır. Ömrün yetmişinci baharını, həyatın müdriklik çağını alnıaçıq-üzüağ qarşılayan Rasim Süleymanova bu halal həyat yollarında möhkəm cansağlığı, daha böyük elmi uğurlar arzulayırıq!..

Knyaz ASLAN,

Bakı Dövlət Universitetinin kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video