27 Dekabr 2018 00:54
997
Təhsil
A- A+

Sözün sehri


6 nömrəli respublika xüsusi internat məktəbində Yeni il şənliyi keçirildi


Biri var idi, biri yox...

Uşaqların səbirsizliklə gözlədikləri şaxtalı qış günlərindən biri idi... Və bu qış gününə təntənə ilə hazırlaşmış isti bir yuvadan xeyli hay-küy yüksəlirdi...

Rəssam meyvələrin şəklini çəkmək istəyir, meyvələr isə sanki bir-biri ilə bəhs edirdi... Almaya söyləyirdilər: "Yaxşı meyvə olsaydın, adını alma yox, al qoyardılar...”, heyva cidd-cəhdlə sübut etməyə çalışırdı ki, soyuqdəymənin dərmanıdır... Gilas isə...

Bir tərəfdə zər qanadlı kəpənəklər, şələquyruq tülkülər, nərildəyən pələnglər...

Başqa bir tərəfdən isə şən musiqi sədaları ucalırdı. Balaca qızlar və oğlanlar şövqlə şeir deyir, səhnəciklər sərgiləyir, rəngarəng rəqslər edir, müxtəlif dillərdə mahnılar səsləndirirdilər...

Təbii ki, bu qış nağılının ağbirçək bir nənəsi də var idi və kənardan uşaqların sehrli dünyasını fərəhlə seyr edirdi...


O şəhidin ruhu da şad oldu...


Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhid Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Bir qış günü” adlı şənlik təşkil olunmuşdu.

Şənliyə dəvət olunmuş şəhid Elmarın anası Natella Mirzəyeva tədbirdə çıxış edərək uşaqları təbrik etdi və kövrəkliklə dilə gətirdi ki, "25 ildir ürəyim bu cür sevinməmişdi, bu qədər ildən sonra mənə bu xoş anları yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm, əziz uşaqlar, əminəm ki, bu gün Elmarımın ruhu da buradadır və onun adını daşıyan təhsil ocağında vətənin gələcəyi olan bu cür istedadlı, qabiliyyətli uşaqları görüb çox şad olub...”

Natella nənə şənliyə sovqatla gəlmişdi. O, Prezident İlham Əliyevin sərəncamına əsasən şəhid ailələrinə ödənilən yardımdan uşaqlara xeyli Yeni il hədiyyələri də almışdı…

- Aparıcı olmaq istəyirəm... İstəyirəm atam televiziyadan mənə baxıb qürur duysun, görsün ki, oğlu necə gözəl danışır... Həm də şeir deməyi, xüsusilə də Səməd Vurğunun "Azərbaycan” şeirini söyləməyi xoşlayıram...


Nitq qüsurlu 9 yaşlı Novruz arzularını bizimlə bölüşür...


Rəqsləri ilə tədbir iştirakçılarının xüsusi rəğbətini qazanan balaca Vüsalə Sabirabad rayonundan gəlib burada təhsil alır. Dərslərini yaxşı oxuyur ki, böyüyəndə həkim ola bilsin... Ən böyük arzusunu isə Şaxta babaya yazdığı məktubda bu cür ifadə edib: "Şaxta baba, elə et ki, tətil tez gəlsin, anamın yanına gedim... Onun üçün çox darıxmışam...”


Nitq qabiliyyətləri bərpa olunur...


Məktəbin direktoru Yaqut Müseyibli söhbət zamanı məlumat verdi ki, internatda əsasən nitq qüsurlu uşaqlar təhsil alır. Həmin uşaqların davamlı reabilitasiyadan sonra bir çoxunun nitq qabiliyyəti bərpa olunur: "Məktəbdə təcrübəli loqopedlər çalışır və uşaqlar reabilitasiya oluna bilirsə, zamanla problemləri düzəlir: " Buradakı uşaqlar əsasən aztəminatlı ailələrin uşaqlarıdır. Onlar il boyu Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin diqqət-qayğısı, nəzarəti altındadırlar”.

Məktəbə qəbul fərdidir və uşaqlar Təhsil Nazirliyinin komissiyasının qərarı ilə 1-ci sinfə qəbul olunurlar. Bu ildən isə artıq internat məktəbində hazırlıq sinifləri də fəaliyyətə başlayıb. Burada tam orta təhsil deyil, 9 illikdir. Uşaqlar buranı bitirəndən sonra müəyyən peşə məktəblərinə, ya da orta məktəblərə qəbul olunurlar.


Məzunları yüksək bal toplayır…


İnternat məktəbin məzunları arasında 500-600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan xeyli sayda tələbə də var.

Onu da qeyd edək ki, internatın məzunları arasında qayıdıb doğma məktəblərində müəllim kimi fəaliyyətə başlayanlar da çoxdur.

Nəvəsi burada 1-ci sinifdə oxuyan Şükufə nənə söyləyir ki, onu məktəbə gətirəndə sözləri tələffüz edə bilmirdi. Qısa müddət ərzində xeyli irəliləyişə nail olub və artıq bütün sözləri aydın şəkildə deyə bilir: "Bu, məni çox sevindirir və nəvəmin gələcəyi üçün böyük ümidlər verir. O, bu məktəbdə daha fəal, ünsiyyətcil olub. Hiss edirəm ki, musiqiyə də həvəsi artıb və ola bilsin ki, gələcəkdə elə bu sahəyə yönəlsin...”


Daim Mehriban xanım Əliyevanın diqqətindədirlər


Məlumat üçün bildirək ki, internat məktəb (əvvəlki adı Nitqi qüsurlu uşaqlar üçün E.Mirzəyev adına xüsusi internat məktəb) 1979-cu ildə 186 nəfər şagird kontingenti ilə fəaliyyətə başlayıb. 2005-2006-cı tədris ilindən bu məktəb ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Hazırda məktəbdə 175 nitqi qüsurlu şagird təhsil alır, onlardan 84 nəfəri müəssisədə gecələyir. Şagirdlər 17 sinif üzrə komplektləşdiriliblər. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 62 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. İnternat məktəb Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. İnternat məktəbin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə də yiyələnirlər.

Bununla yanaşı, internat məktəbdə şahmat, təsviri incəsənət və bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak edən məktəb 2016-2017-ci tədris ilindən "Sağlam təhsil - sağlam millət” layihəsinə cəlb edilib.


Mükəmməl təhsil üçün tam təchizat


Şagirdlər burada ümumi təhsil almaqla yanaşı, loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmik dərslər keçilir.

İnternat məktəbdə yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb.

Üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompüter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməsi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var.

Məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Uğurlu gələcəyin müjdəçiləri...


Yavaş-yavaş musiqinin şən sədaları altında həvəslə rəqs edən, sevinən, əylənən uşaqlarla vidalaşaraq bu təhsil ocağını tərk edirik...

Yeni il yeni istəklər, yeni arzular deməkdir. Burada keçirdiyimiz bir neçə saat ərzində uşaqlarda müşahidə etdiyimiz ruh yüksəkliyi, istedad, həvəs onu deməyə əsas verir ki, onların hər birini uğurlu gələcək, xoş günlər gözləyir...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video