26 Dekabr 2018 20:54
498
SİYASƏT
A- A+

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb



Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. İl ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırılıb. Fond 2018-ci ildə 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib. Hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib. Ümumilikdə isə 112 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Fond üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Jurnalistlər üçün tikilən növbəti yaşayış binasının artıq 13-cü mərtəbəsi yekunlaşır. Bütün bu işlər 2019-cu ildə də davam etdiriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu əlamətdar gün təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunub. Cümhuriyyət müsəlman Şərqində ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, aparıcı dövlətlərdən də xeyli əvvəl ilk dəfə kişilərlə yanaşı, qadınlara da seçib-seçilmək hüququ verib.

Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilib. 2020-ci ildə bu kəmər tam işə düşəcək, 100 illər ərzində Azərbaycanın maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, bu yol boyunca əsas tərəfdaş ölkələrlə yükdaşımaları ilə bağlı sazişlərin imzalanması bu ilə təsadüf edib. Bu il həm də üçüncü peykimiz orbitə buraxılıb.

Əli Həsənov deyib ki, yola saldığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, saytların sayı artıb. Saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Bu da mediamızın təmizlənməsi, mənfi halların aradan qalxması işində önəmlidir. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək.

Sonra qaliblər mükafatlandırılıb. Təltif olunanlar arasında AZƏRTAC-ın birinci yerə layiq görülmüş bölgə müxbiri Tahir Ağaməmmədov da var.

Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif olunmuş "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqova yüksək dövlət mükafatını təqdim edib. Qəzetin bir qrup əməkdaşına isə "Əməkdar jurnalist” fəxri adının vəsiqələri və döş nişanları, həmçinin "Tərəqqi” medalları təqdim olunub.

Baş redaktor Bəxtiyar Sadıqov çıxış edərək yüksək mükafatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral xalqımızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib. Səfir qardaş ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin də Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib. Azərbaycanda sağlam jurnalistikanın mövcud olduğunu deyən Ə.Amaşov bu sahədə görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Mətbuat Şurası jurnalistikamızın sağlamlaşdırılması işini bundan sonra da davam etdirəcək.

Tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video