26 Dekabr 2018 11:25
671
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib


Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini anaraq abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfransda əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ulu öndər Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır. Həmçinin filmdə Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, bu qayğı nəticəsində ölkədə həyata keçirilən və ildən-ilə genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizmin təcəssümü olan, sosial müdafiə və reabilitasiya sahələrini də əhatə edən təşəbbüs və layihələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplara qayğıkeş münasibəti də filmdə əksini tapır.

Konfransı açan Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili təşkil etdiyini, Ümummilli Liderin Azərbaycanda sosial dövlət ideyasını uğurla gerçəkləşdirdiyini vurğulayıb. Baş nazirin müavini son 15 ildə Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə dinamik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib. Baş nazirin müavini sosial rifahın yaxşılaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək deyib ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biridir. Bu mənada ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan, eyni zamanda, bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.

Nazir Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bugünkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-1980-ci illərdə müdrik siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb. Nazir Ulu Öndərin müdrik siyasi kursunun, Azərbaycanın etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını bildirib. Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını deyib. Əlavə edib ki, bu il əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi "İşçinin dostu” proqramına başlanılacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək. Dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb.

S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən də bəhs edib.

Vurğulanıb ki, bu gün nazirlik 100 illik yubileyini Prezident İlham Əliyevin təkmil sosial islahatlar proqramının işgüzar ruhunda, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan mütərəqqi, şəffaf, ədalətli və çevik sistemlərin qurulmasına doğru mühüm addımlarla qeyd edir. Ölkə başçısının sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri adla və "Tərəqqi” medalı ilə təltif edilməsi də Prezident İlham Əliyevin bu sahədə çalışan insanların əməyinə yüksək dəyər verdiyini göstərir.

Konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bir əsr əvvəl fəaliyyətə başlayan nazirliyin şərəfli yol keçdiyini və öz vəzifə və məsuliyyətlərini layiqincə yerinə yetirdiyini deyib. O, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazirliyin əmək resursları və səmərəli məşğulluğun təmin olunmasına diqqət yetirdiyini qeyd edən Bahar Muradova insanların əmək şəraitinin yaxşılaşdırılması, əmək münasibətlərinin standartlara uyğun olması istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu ilin ölkəmiz üçün əlamətdar olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. O, gündən-günə inkişaf edən ölkəmizdə insan hüquqlarının qorunmasına, sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlar ilə daha sıx münasibətdə olduğunu deyən ombudsman qayğıya ehtiyacı olanların və sosial cəhətdən həssas qrupların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ölkəmizdə sosial müdafiə sisteminin inkişafına yönəlmiş tədbirlərdən, dövlətin sosial siyasətindən danışıb, nazirliyin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra nazirliyin strukturlarında uzun illər çalışmış işçilər və "sosial elçilər” təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin nazirliyin 100 illiyi ilə əlaqədar birgə keçirdiyi "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. O bildirib ki, müsabiqəyə təqdim olunmuş 44 yazıdan 11-i ekspertlər tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görülüb. Bir nəfər birinci, iki nəfər ikinci, üç nəfər üçüncü yeri tutub.

Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim olunub. Beş nəfər isə təşəkkürnamə və həvəsləndirici mükafatla təltif edilib.

Konfrans öz işini "Sosial müdafiə sistemi və onun əsas prioritetləri” və "Əmək bazarı, məşğulluq və əmək münasibətləri” mövzularında sessiyalarla davam etdirib.

Hər iki sessiyada məruzələr dinlənilib və mövzulara uyğun müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video