26 Dekabr 2018 02:09
343
SİYASƏT
A- A+

Azərbaycanın təcrid siyasəti Ermənistanı fəlakətə sürükləyir


Prezident İlham Əliyevin prinsipial mövqeyi işğalçı ölkənin dövlətçiliyini əsaslı şəkildə zəiflədib


Əldə etdiyi nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi çöküşünü sürətləndirir.

Ermənistan işğal siyasətinə son qoymayana qədər bu vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən məqamlardan biri də məhz Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti oldu.

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd olunan məqamlara geniş şəkildə toxunub.

Azərbaycanın gördüyü tədbirlərin Ermənistanın iflasını daha sürətli vəziyyətə gətirdiyini vurğulayan Prezident deyib: "Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində - iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır”.


Sosial-iqtisadi böhran dərinləşir


İndi dünya miqyasında da birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Hakimiyyətin dəyişməsi ilə nəticələnmiş inqilab eyforiyası bitdikdən sonra Ermənistanda mövcud sosial-iqtisadi problemlər yenidən ön plana çıxıb. İndi cəmiyyət yeni hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadığından ölkəni yenidən aksiyalar, tətillər bürüyür.

Misal üçün bunu göstərək ki, Ermənistanın iri müəssisələrindən olan "Nairit” kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirərək pozulmuş hüquqlarının bərpasını tələb ediblər.


15 milyon dollarlıq borc


Etirazçılar zavodun öz işçilərinə 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər. Bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir.

Zavodun əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə də müraciət ediblər. Hökumət binası qarşısında toplaşanlar rəsmilərlə görüş istəyiblər. Lakin onların cəhdləri cavabsız qalıb. Etirazçılar heç yerdə iş tapa bilməmələrindən şikayətləniblər.

Belə bir vaxtda Ermənistanda Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları həmin qurumların ləğv edilməsi qərarına qarşı tətilə başlayıblar. Tətil iştirakçıları hökumət binalarının qarşısına toplaşıblar. Etirazçıların nümayəndəsi bildirib: "Cənab baş nazir gəlib bizimlə görüşmək istəməsə, biz onun ayağına getməyi rəva görərik”.

Xatırladaq ki, bu günlərdə ölkədə aparılan hökumət islahatı nəticəsində mövcud 17 nazirlik əvəzinə 12 nazirliyin fəaliyyət göstərəcəyi bildirilib. Baş nazir əvəzi Nikol Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.

Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.


Əsgər valideynləri yeni aksiyalara hazırlaşırlar


Digər məlumata görə, artıq əsgər valideynləri də aksiyaya hazırlaşır. Əsas səbəb orduda vəziyyətin getdikcə pisləşməsidir. Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Son günlər Ermənistanın xəbər portallarında və sosial şəbəkələrdə yayılan məlumatların təhlili nəticəsində dekabrın 15 günü ərzində düşmən ordusunun ölən və yaralananlar da daxil olmaqla 17 hərbçisini itirdiyi ortaya çıxır.

Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb. Təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb. Ölən və yaralananların çoxu zabitlər və müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır. Belə vəziyyət valideynləri narahat etdiyindən onlar da yeni aksiyaya hazırlaşır.


Əhaliyə satılan qazın qiymətində artım gözlənilir


Gələn ilin əvvəlindən aksiyaların miqyasının daha da böyüməsi gözlənilir. Səbəb isə ölkədə sosial sahədə daha ağır vəziyyətin yaranmasıdır. Belə ki, gələn ildən əhaliyə satılan qazın qiymətində artım gözlənilir. "168 jam” qəzeti yazır ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını bildirib.

Məktubda Dmitri Kozak bildirib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirə edilmir: "Məsələ ilə bağlı biz Avinyanın özündən şərh almağa çalışdıq. Amma onun ofisinin rəhbəri Varaq Siseryan bildirdi ki, baş nazirin müavini bir neçə görüşdə iştirak edəcəyindən suala cavab verməyə vaxtı olmayacaq”.

Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. Yerevan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır.

Erməni mediası isə yazır ki, əgər razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçılarının daha çox vergi verməsi ilə nəticələnəcək. Belə vəziyyət sosial narazılığı daha da artıracaq.


"Yeni hakimiyyət idarəçiliyi bacarmır”


Ermənistanın sabiq müdafiə naziri, Respublika partiyasının üzvü Vigen Sarkisyan da bunu qaçılmaz sayır. Onun fikrincə, erkən parlament seçkilərindən sonra yeni parlament formalaşdırılıb, lakin parlamentdə real müxalifət təmsil olunmur ki, bu da istər ölkənin gələcəyinə, istərsə də Paşinyana və onun tərəfdarlarına ciddi risklər yaradır.

Vigen Sarkisyan Nikol Paşinyanın digər çatışmayan cəhətləri barədə də fikirlər səsləndirib: "Hakimiyyətdə olmasının 8-ci ayında o, hər şeyi öncəki hakimiyyətin üzərinə yıxmağa cəhd edib. Artıq ciddi olmağın və cavabdehliyi öz üzərinə götürməyin vaxtı çatıb. Öncəkiləri ittiham etmək nə qədər rahat olsa da, bu mövcud problemlərin həllinə, ölkənin inkişafına, eləcə də xalqın, həmçinin beynəlxalq partnyorların hakimiyyətə inamına heç bir kömək göstərməyəcək. Bundan əlavə, ölkə deyilməyəcək dərəcədə keçmişi və gələcəyi olan dövlətə çevriləcək ki, bu da nə investorların, nə də potensial repatriantların diqqətlərini cəlb edəcək. İndi, işləməyin və nəticələr əldə etməyin vaxtıdır. Amma yeni hakimiyyət bunu bacarmır və ölkəni fəlakətə, yeni etirazlara sürükləyir”.

Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə də Ermənistanda sabitlik olmayacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video