26 Dekabr 2018 01:52
738
Mədəniyyət
A- A+

Qış nağılı


"Soyuq əllər, isti ürək” kampaniyası Yeni ilin ilk müjdəçisidir


6 ildir Yeni il ərəfəsində paytaxtda "Nargis Fund” tərəfindən həyata keçirilən "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası xoş bir ənənəyə çevrilib. Bu xeyriyyə yarmarkası Yeni ilin ilk xəbərçisi zənn edilir. Bakının tən ortasında fərqli ab-hava, bayram əhvali-ruhiyyəsi yaradan bu yarmarka bu il də paytaxtın Fəvvarələr meydanında təşkil edilib.


Paytaxt sakinlərinin səbirsizliklə gözlədiyi mərasim


Builki xeyriyyə yarmarkasının öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacağı deyilir. Bu yarmarka paytaxt sakinlərinin səbirsizliklə gözlədiyi mərasimə çevrilib. Həmişə olduğu kimi, bu il də yarmarkadan toplanan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Bu məkana baş çəkəndə xeyriyyə yarmarkasının fərqli və yaddaqalan detallarının şahidi olduq. İlk rastlaşdığımız mənzərə yaddaqalan oldu.

Budəfəki yarmarkada əvvəlki illərə nisbətən kiçik taxta "evlər”in sayı artırılaraq 47-ya çatdırılıb. Evciklərdə şəhər sakinlərinə və turistlərə yeməklər, suvenirlər, əl işləri, oyuncaqlar, Yeni il hədiyyələri, yolka bəzəkləri, kitablar, geyimlər və sair təklif olunur.

Məkanda əyləncə üçün hər imkan yaradılıb. İlk diqqətimizi çəkən isə "Xəyal evi” olur. Xüsusən, uşaqlar, gənc qızlar orda qurulmuş Yeni il, şaxta baba, şam ağacı maketləri qarşısında fotolar çəkdirirlər. Foto çəkdirmək ödənişsizdir. Şəkil çəkdirmək üçün meydana qoyulan avtomobilin qarşısında isə növbə var idi.


Böyük şəhərin mərkəzində nağıllar dünyası


Uzaqdan burnumuza gələn dadlı qoxuya dözməyib, qutab, lavaşların hazırlandığı evciyə yaxınlaşırıq. Satıcı Vəsilə xala ilk dəfədir bu yarmarkada iştirak edir. Deyir ki, daha çox əcnəbilər Azərbaycan qutabını dadmağa gəlirlər.

Elə onunla söhbətimiz zamanı Səudiyyə Ərəbistanından gəlmiş Salman qutab almaq üçün evciyə yaxınlaşır. Deyir ki, birinci dəfədir belə bir yarmarkanın şahidi olur və çox xoşuna gəlir:

- Azərbaycan çox maraqlı ölkədir. Bakını da çox sevirik. Artıq 1 aydır ki, burda qalıram. Ailəmlə gəzməyə gəlmişəm. Yeni il üçün Şahdağa getməyi planlaşdırırıq. Bakıda bu cür yarmarkanın təşkili çox marağımızı çəkdi. Sanki böyük şəhər içində balaca nağıllar dünyası yaradılıb. Bu cür tədbirlər davamlı təşkil edilsə, daha yaxşı olar.

Yarmarkada milli mətbəximizlə yanaşı, "Fast food”, "balık-ekmek”, dönər, "çiy köftə”, "pancake” kimi xarici təamları da dadmaq mümkündür. Eləcə də, kiçik, rahat kafelərdə çay, kofe, digər isti və ya soyuq içkilərdən içə bilərsiniz.

Satıcılarla söhbətimiz zamanı öyrəndik ki, əsasən şənbə-bazar günləri yarmarkada adamlar daha çox olur. Həftəiçi isə işdən sonra gələnlər olur. Turistlərin diqqətini isə daha çox Azərbaycan mədəniyyətinə xas olan təamlar, xüsusilə, kabablar çəkir. "Azərbaycan çayı” evciyinin milli geyimli qızları yarmarkaya gələn vətəndaşlara isti çay təklif edirdilər.


Uşaqların ən çox sevdiyi təam...


Yarmarkaya gələn uşaqların ən çox sevdiyi isə "xırta-xırt” kartof çipsləridir. Yarmarkanın ərazisində stol və stullar yerləşdirilib. Kimlərsə aldığı təamı orda əyləşib yeyə, söhbət edə bilərlər.

7 yaşlı oğlu Aydını gəzməyə gətirən Gülnarə xanım da buranın təkcə uşaqlar üçün deyil, böyüklərə də maraqlı olduğunu deyir. Evciklərdə satılan təamların qiymətinin normal olduğunu söyləyən Gülnarə xanımın azyaşlı oğlu da digər balacalar kimi "xırta-xırt”ı çox xoşlayır.

Yarmarkada diqqəti ən çox cəlb edən isə yeni il bəzəkləri, aksessuarları idi. Yarmarkada Qar qız və Şaxta babanın evini xatırladan evcik də qurulub. Yeni ilin simvolu olan yolka ilə şəkil çəkdirmək üçün insanlar sıraya düzülürlər. Müşahidələrimizi bitirib yarmarkanı tərk edirik. Burada təhlükəsizliyi təmin etmək üçün asayişə də ciddi nəzarət edilir.

Qeyd edək ki, "Amapola Exclusive Events” şirkətinin təşkilatçılıq etdiyi yarmarka dekabrın 1-dən fəaliyyətə başlayıb və 2019-cu il yanvarın 6-dək davam edəcək.

Fərizə ƏHMƏDOVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video