25 Dekabr 2018 22:54
698
CƏMİYYƏT
A- A+

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir


Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüidarə səlahiyyətləri ilbəil genişləndirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.

Dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib.

Müşavirədə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən danışıb, bu ərəfədə dövlətimizin başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə, həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər diqqətə çatdırılıb, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Eyni zamanda, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirildiyi qeyd olunub. Bildirilib ki, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb, korrupsiya hüquqpozmalarına görə 34 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 11 nəfər aşağı vəzifəyə keçirilib və ya iş yeri dəyişdirilib.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib. Bunların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrinin prinsipiallığı artırmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video