25 Dekabr 2018 16:36
521
CƏMİYYƏT
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində il ərzində görülmüş işlər müzakirə olunub


Dekabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin yekunlarına və 2019-cu ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin ölkəmizdə qeyd edildiyini vurğulayan Komitə sədri deyib: "Müstəqil Azərbaycan 100 il əvvəl yaradılan Xalq Cümhuriyyətinin layiqli varisidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Ölkəmiz regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır. Bunun əsasında dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət dayanır”.

Komitə sədri son 15 ildə ölkəmizin böyük uğurlara imza atdığını vurğulayaraq bildirib ki, dövlətimizin başçısı İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Bu müddət ərzində ümummilli lider Heydər Əliyevin ideyaları daha da inkişaf etdirilib, uğurlu daxili və xarici siyasət həyata keçirilib.

Cari il ərzində görülən işlərdən danışan H.Hüseynova bildirib ki, il ərzində Komitə tərəfindən 112 tədbir təşkil olunub, müxtəlif araşdırma və təhlillər aparılıb, qurumun əməkdaşları bir sıra beynəlxalq konfranslarda, forumlarda, təlimlərdə iştirak ediblər.

Bu il Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin də qeyd edildiyini söyləyən komitə sədri bildirib ki, Azərbaycan müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Cari ildə bu əlamətdar hadisə ilə bağlı silsilə tədbirlər də təşkil olunub. Vurğulanıb ki, qadın sahibkarlığının inkişafı ilə bağlı bir sıra mühüm addımlar atılıb, memorandumlar imzalanıb. Sentyabrda Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabrda isə Rusiyanın Həştərxan vilayətində "Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” biznes forumu keçirilib. "Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs mərkəzləri, eyni zamanda, Uşaq və Ailələrə Dəstək mərkəzləri buna əyani misaldır. Bu il həmin Resurs Mərkəzlərinin sayı 8-ə çatıb. İl ərzində mərkəzlərin fəaliy-yətindən 20 748 vətəndaş bəhrələnib.

Bu gün Azərbaycanda qızlar üçün heç bir qapalı peşənin olmadığını diqqətə çatdıran Komitə sədri bildirib ki, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızların sayı artmaqdadır. Statistik rəqəmlər göstərir ki, qadınların 30 faizi dövlət, 70 faizə qədəri isə özəl sektorda işləyir.

"Ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb. Bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə var. Ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün "Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir.

Bizim maraqlı və uzunömürlü layihələrimizdən biri də "Ailə bayramı” və "Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur. Festivalın əsas məqsədi kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir”, - deyə Komitə sədri qeyd edib.

Azərbaycan dövlətinin həyata keçirdiyi uşaq siyasətindən danışan H.Hüseynova bildirib ki, bu istiqamətdə də müxtəlif layihələr həyata keçirilir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Komitə sədri deyib: "Bu yaxınlarda "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul olunub. Ölkəmiz Uşaq hüquqları haqqında Konvensiya və Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər dörd ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən yüksək qiymətlər alır, bu, onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib. Mühüm qanunlar, dövlət proqramları qəbul olunur. Vacib layihələr həyata keçirilir”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ailə, qadın və uşaqlar dövlətimizin qayğısından bəhrələnməkdədir. Naxçıvanda ailələrin rifah halının yüksəldilməsi üçün yeni iş yerləri açılır, ünvanlı dövlət sosial yardımı təyin edilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, müavinətlər verilir. Gənc ailələrin sosial müdafiələri gücləndirilir.

"Aztəminatlı ailələr də dövlət qayğısından yararlanırlar. Belə ki, onların problemləri öyrənilir və həll edilir. Aztəminatlı ailələr fəal məşğulluğa cəlb olunur, onların ailə təsərrüfatlarının yaradılmasına lazımi köməkliklər göstərilir”, - deyə R.Seyidova qeyd edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında qadınların ictimai fəallığının artırılması, onların öz hüquqları barədə məlumatlandırılması, özünüməşğulluqlarının təmin edilməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür, məişət və sosial sahələrdəki problemlər aradan qaldırılır. Hər il istedadlı, həmçinin sağlamlıq imkanları məhdud qadınların milli, mənəvi zənginliyimizi təbliğ edən, xalqımıza xas dəyərləri özündə yaşadan əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Bundan əlavə, gənc qadınların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif peşə kursları təşkil olunur, sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınlara da hərtərəfli dəstək göstərilir.

Qeyd edilib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə də xüsusi diqqət və qayğı göstərilir, onların hüquqlarının qorunması ilə əlaqədar monitorinqlər təşkil edilir. Valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlər görülür.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycanda ailə təsərrüfatların yaradılması, qadın sahibkarlığının inkişafı, uşaqların, gənclərin sağlamlığının təmini, onlara yüksək səviyyəli təhsilin verilməsi və bütün bu proseslərin üzərində ictimai və sosial nəzarətin təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bunlardan yalnız qürur duya bilərik. Bahar Muradova deyib ki, təkcə bu il ərzində Milli Məclisin müvafiq komitələri Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu hüquqların qorunması, inkişafı, əlçatanlığının təmin olunması istiqamətinə yönəldilmiş çoxsaylı tədbirlər, ictimai müzakirələr təşkil edib. 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu il yubiley tədbirlərində yüz il ərzində Azərbaycan xalqının, dövlətimizin əldə etdiyi nailiyyətlər müzakirə olunub. Ölkəmizdə nailiyyətlərin qazanılmasında və bu nailiyyətlərin qazanılması səbəblərinin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu var.

Milli Məclisin sədr müavini vurğulayıb ki, iqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər. Ona görə də Azərbaycanda qadınların iqtisadi prosesə qatılması baxımından görülən işlər çox əhəmiyyətlidir. "Ona görə də qadın sahibkarlığının inkişafı vacib məsələdir. Qadınlarımız iqtisadi proseslərdə, milli-mənəvi dəyərlərin qorunmasında iştirakı olduqca önəmlidir. Qadınlar iqtisadi proseslərə nə qədər çox qoşulacaqlarsa, bir o qədər özlərini azad, müstəqil hiss edəcəklər və qətiyyətlə siyasi proseslərin fəal iştirakçısına çevriləcəklər”,- deyə Bahar Muradova vurğulayıb.

Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatı Sahibə Qafarova ölkəmizdə qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar barədə danışıblar. Qeyd olunub ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinə sadiq qalaraq, onun siyasi ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə olunub. Ölkəmizdə ailə institutunun möhkəmlənməsi məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən tədbirlər bu sahədə yeni nailiyyətlərin əldə olmasında əlverişli şərait yaradır.

Kollegiya iclasının ikinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin birinci yarısı üçün İş Planı haqqında məlumat verilib. Eyni zamanda, Komitə yanında yaradılan İctimai Şuranın sədri Rəna Mirzəzadə il ərzində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Kollegiyanın yekununda bir qrup Komitə əməkdaşına qulluq vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Fəxri fərmanlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video